RU

Puqaçova xatırlatdı, ruslar təşvişə düşdü Onları qorxuya salan adam kimdir?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyalı müğənni Alla Puqaçovanın son müsahibəsi zamanı dedikləri hələ də müzakirə edilir. Xüsusilə onun Çeçenistanın ilk prezidenti Cövhər Dudayev haqda fikirləri qalmaqal yaradıb. Belə ki, Xalq artisti sözügedən şəxsi “mədəni, ziyalı və hörmətli insan” kimi yad edib, hətta onun ailəsi barədə də heyranlıqla danışıb.

Sitat: “O, çox mədəni, vicdanlı və ziyalı bir insan idi. Həyat yoldaşı Alla Dudayeva isə həm rəssam, həm yazıçı, həm də siyasətçi idi. Mən utanıram, o, mənə zəng etdi ki, necəsə kömək edim. Mən nə edə bilərdim ki? Bunun üçün Dudayevadan üzr istəyirəm”.

Bu açıqlamalar Çeçenistan rəhbəri Ramzan Kadırovun da sərt reaksiyasına səbəb olub. O, Puqaçovanı “xalq düşməni və satqın” adlandıraraq Dudayevin ölkəni iqtisadi çöküşə və xaosa sürüklədiyini bildirib. Hətta vəkil Aleksandr Treşşev müğənniyə qarşı məhkəmə iddiası qaldıraraq, Dudayevə müsbət qiymət verməsi və Rusiyanı tənqid etməsi səbəbindən mənəvi ziyana görə 1,5 milyard rubl təzminat tələb edib. Həmçinin Puqaçovanın Dudayevlə bağlı dediyi məlum sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova və general-leytenant Apti Alaudinov da pisləyib. Alaudinov Dudayevi “terrorçu” adlandırıb və ona görə 20-yə yaxın adamını itirdiyini xatırladıb. Bu fonda keçmiş prezidentin kimliyi mübahisə obyektinə çevrilib.

Əslində Cövhər Dudayev kimdir? Terrorçu yoxsa milli azadlıq hərəkatının lideri?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Alla Puqaçova əslində Cövhər Dudayev barədə mədhiyyə deməyib:

“Sadəcə onu yüksək səviyyəli ziyalı, mədəni və vicdanlı şəxs olaraq tanıdığını vurğulayıb. O, çeçen generalın ağır zamanında ona kömək edə bilmədiyinə görə təəssüflənib. Sözsüz ki, Rusiyanın Xalq artisti bu fikirlərində haqsız deyil. Dudayev həqiqətən də üstün keyfiyyətlərə malik idi. Bir ovuc insanla dünyanın ən güclü ikinci ordusuna qarşı illərlə mübarizə aparmaq, onu məğlubiyyət həddinə gətirmək hər generala nəsib olmur. Cövhər Dudayev bu keyfiyyəti ilə Çar Rusiyasının uzun illər bata bilmədiyi Şeyx Şamillə müqayisə oluna bilər”.

Heydər Oğuz

Siyasi şərhçi qeyd edib ki, Dudayevi terrorçu kimi qiymətləndirənlər də assimetrik mübarizələrin mahiyyətini anlaya bilməyənlərdir:

“Sayı bir milyona belə çatmayan çeçen xalqı çoxlu əsgəri, güclü hərbi texnikası və silahı olan rus işğalına qarşı necə müqavimət göstərə bilərdi? Əlbəttə ki, partizan müharibəsi metodları ilə bu mümkün oldu. Vaxtilə ruslar da Fransanın imperatoru olmuş Napoleon Bonapart və Almaniya lideri Adolf Hitlerə qarşı bu mübarizə metodlarından bacardıqları qədər istifadə ediblər. Belə olduğu halda, niyə 9 mayı faşizm üzərində qələbə günü kimi qeyd edirlər? Ümumiyyətlə, milli azadlıq hərəkatına və assimetrik müharizə metodlarına terror hadisəsi kimi baxmaq doğru yanaşma deyil. Əlinə silah alıb qeyri-bərabər gücün təcavüzünə qarşı savaşmaq bir millətin suverenliyini və namusunu qorumaqdır. Vaxtilə Türkiyədə Atatürkə qarşı çıxanlara cavab verən Neyzən Tofiq adlı bir şair belə deyirdi:

“İşğaldakı vəziyyəti unutma.

Atatürkə dil uzatma səbəbsiz

Sən anandan yenə çıxardın amma,

Atan kimdir, bilinməzdi, şərəfsiz”.

Bəlkə də Cövhər Dudayev barədə mənfi sözlər deyən rusları anlamaq olar. Amma çeçen liderlərin onun barəsində bəd danışmasına ən gözəl cavab, məncə, Neyzən Tofiqin bu sətirləridir. Onlar Şeyx Şamilin, Cövhər Dudayevin qəhrəmanlıqları sayəsində bu gün Şimali Qafqazda milli kimliklərini qoruyaraq yaşayırlar. Ruslar məhz bu qəhrəmanların ortaya qoyduğu mübarizə nəticəsində çeçenlərin iradələri ilə razılaşaraq, onlara digər vilayətlərdən daha fərqli imtiyazlar tanıyıblar”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники