RU

Bala Muğanlının boyük oğlu

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Mən doqquz uşaqlı ailənin yeddinci övladıyam, beş bacı, dörd qardaşıq. Atam Məhəmməd Rüstəmoğlu məşhur Mövləvilər nəslindən idi, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçiydi. Anam Məsmə xanım Alı qızı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış Mikayıllılardan olmuşdur. Sərrast atıcı olduğu üçün “Kor Alı” təxəllüsü ilə tanınan “qıyıqgöz” ana babam XX əsrin əvvəllərində Türk-rus orduları arasında dilmanc işləmişdir. Mənim ilk poeziya müəllimim anam olmuşdur. Onun yanıqlı bayatıları indi də ruhumdadır”.

Özü və nəsli haqqında dediklərindən ( Vaqif Yisifliyə istinadən)

                                                                                ***

Bala Muğanlı kəndi, indi Farisi kəndi Bolnisi rayonuna aiddir. 20 kilometr ondan aralıdır. Amma dədə-baba gediş-gəlişi, əlaqəsi, həftə bazarı Sarvanla, İndiki Marneuli ilə olub. Çünki rayonun yaxınlığında,qənşərində yerləşir. Vaxt var idi, arabalar dolardı, becərilən məhsul Sarvan bazarına, Tiflis bazarına aparılardı. Bu əlaqələr, bu gediş-gəliş müstəvisində Nayvəlilər nəslindən Məhəmməd kişinin xalası (o Məhəmməd kişinin ki, oğulları Vəkil, Cümşüd, Abbas, onun oğlu Asif Azərbaycanda elm aləminə yaxşı tanışdır, Məhəmmdə kişi sonralar müəyyən səbəblərə görə Hacıyev soyadımı götürür.) Hüsnü Bala Muğanlı kəndinə ərə gedib, burada Rüstəm kişi ilə ailə qurub. Rüstəm kişi və Hüsnünün Məhəmməd, Hümmət, Fatmanisə, Səlmi, Mələk, Ayna, Salatın, Səkinə adında övladları olub.Hüsnünün və Rüstəm kişinin böyük oğlu Məhəmmədin övladları tanınmış alim, şair və tərcüməçilər Vilayət Rüstəmzadə və İbadət Rüstəmzadədir (İbadət Mövləli). 

1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü /ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı Bəlkə elə bu balacalıq, balalıq burdan gəlir.Nə isə, Sarvan qızı Hüsnünüm gəlişi ilk növbədə ailəni, sonra eli, obanı şenləndirir. Bu balaca, bala kənd də qız verərək kiçik, böyük elləri şenləndirir. Şen olsun bizim ellərimiz. Onu da deyim ki, Borçalıda bir neçə Muğanlı kəndi var, eləcə də Azərbaycanda var. Bu kəndin adı elə mən də deyərdim ki, Muğana, Muğan topomiminə bağlıdır. Qaldı onun tarixi qatlarına burda onu çözələməyi məqsədyönlü hesab etmirəm. Nə isə, belə fikirləşirəm ki, Muğanlı çox olduğundan, bu kənd də balaca olduğundan onun da adını bala, yəni balaca Muğanlı qoyurlar. Elə ilk ərəfələrdə kəndin 27 ailəsi olub. Bu ailələr arasında Vilayət Rüstəmzadənin babası Rüstəm kişinin də babaları olub. O Rüstəm kişinin ki, babasının adını oz soyadına yaraşdıran Vilayət Rüstəmzadə indi sözün-söhbətin, duzudur, yavanlığıdır. Sözün-söhbətin səmtidir.Ondan danışağağam. Onu anacağam. Çünki onun avqustun 12- doğum günüdür. Yaşasa idi bu gün 84 yaşı olardı. Gələrdi Borçalıya, bir şeirində vəsf etdiyi Borçalı bağlarını gəzərdi. Bağların içinə qərq olunan Bala Muğanlıda, Rüstəm kişinin yurdunda bardaş qurub oturardı. Olub keçənlərdən, poeziyadan, tərcümədən söhbət açardı. Tərcümə dedim, Yakob Polonskinin ilk dəfə Tiflisdə “Kafqaz” qəzetində dərc olunan şeirinin tərcüməsi yada düşdü. Necə də gözəl edib, gözəl düzüb-qoşub.Polonskinin ruhunun gözəl tərcümanı olub... 

Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın,

O boğuq fəryadında göy kişnər, bulud ağlar!

Kamanın iniltisi, qavalın qəm harayı

Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.

Oxuduğum sözləri anlaya bilməyirəm -

Başqa ruhda köklənib əzəldən könül sazım.

Səninsə öz komandan hey ucalıb avazını.

Gecədir... Tiflis susur, mən səni dinləyirəm -

Sanki şərqli qardaşım xəstə qəlbimi didir,

Sənin dilinlə məni danlayır, tənbeh edir...

Bilirəm nə deyirsən, nə danışır ilhamın,

Bəlkə qana qan deyə coşursan, çağlayırsan.

Bəlkə mədh eləyirsən qılıncını İslamın -

Önündə zaman-zaman qullar əsən zamanlar...

Sözsüz mənə aydın bu ahlar, bu amanlar!

Olmadı, neçə illərdir ki, onun ad günü onsuz qeyd edilir. Bu düşüncə ilə yol gedərək işimi yüngülləşdirmək üçün onun qısa avtobioqrafoiyasını verirəm. İnternet doludur. 

...1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdir.

Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdir. 

Bu qısa tərcümeyi halın həcmində nə qədər xatirə, nə qədər təəssürar nə qədə nələr, nələr yaşayır. 

Artıq xeyli vaxtdır ki, Vilayət aramızda yoxdur. Onun yoxluğunu xatirələr yaşadır. Hər avqustun 12-i gələndə bu xatirələr qanadlanır, dil açır. 

Görkəmli yazıçı-jurnalist Nahid Hacıyevin onun barəsində yazdığı “Ürəyimdəsən”adlı xatirədən bir parça: - Qardaş, bütün həyatın gəlib keçdi xəyalımdan...

- Məncə kitablarının, eləcə də rus, özbək və gürcü dillərindən elədiyin tərcümələrin də siyahısı tam deyil. Burada "Oxu, bülbülüm, oxu", "Qəlbimin gözü ilə", "Ağlama məhəbbətim, ağlama" kitablarının və 15 tərcümə kitabının adı var.

- Düz deyirsən, qardaş, bioqrafiyam da kasıb verilib, kitablarımın sayı da tam deyil. Keçənə güzəşt deyərlər. Bunun üçün başqalarında günah görmürəm, öz tənbəlliyim, bəlkə də özümə laqeydliyim üzündən belə olub. Neyləyəsən, keçmişi qaytarmaq mümkün deyil, heyifsilənməyindlclsıcılığından mənası yoxdur.

- Əziz dost, gəl bunları unudaq...

- Nə deyirəm, unudaq...

- Viloş, əzizim, ilk tanışlığımız yadındadır?

- Əlbəttə ki, heç yaddan çıxarmı o günlər?! O zaman mən Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. Bakıya - Teleradioya təcrübə keçməyə gəlmişdim. Komitənin sədri Teymur Əliyev (şair Teymur Elçin) məni televiziyanın Bədii verilişlər baş redaksiyasına məsləhət gördü. Təklif ürəyimdən oldu. Ancaq bu sevinc çox çəkmədi. Orada üzümə soyuq baxdılar. Bir həftə gəldim-getdim. Nə bir tapşırıq verdilər, nə də oturmağa stul. Yenidən Teymur müəllimə müraciət etmək istəyirdim ki, qarşıma sən çıxdın.

- Hə, yadıma düşdü. Dodağımda siqaret iş otağımdan çıxanda səninlə üz-üzə gəldim. Çəkinə-çəkinə məndən siqaret istədin. Bu, tanışlığımız üçün bir körpü oldu, oradan-buradan danışdıq. Sonra çayxanada oturub xeyli dərdləşdik. O gündən bir-birimizə bağlandıq. Təcrübə günlərində səmimiyyətin, geniş biliyin və xoş, maraqlı söhbətlərinlə teleradio işçilərinin rəğbətini qazandın. Şeirlərin televiziya ekranında, radio dalğalarında səsləndi. Bizim redaksiya üçün də xeyli veriliş hazırladın. Təcrübə müddəti başa çatanda: "Ay eloğlu, - dedin, - sən məni jurnalist elədin".

Qonorarını hesabladılar - 500 manat. Qol çəkib bu məbləği alanda gözlərinin içinəcən sevinirdin! Əlini çiynimə vurub: "Ay Nahid, - dedin, - indiyəcən heç vaxt əlimə bu qədər pul gəlməyib. Moskvaya çatan kimi sənin sağlığına özümü yaxşıca təzələyib, dostlarımı sevindirəcəyəm. Neçə ildir əynim gözəgəlimli bir kostyum, palto görməyib. İndi isə, əzizim, düş qabağıma. Gedək oturaq Dağüstü parkın kababxanasında. Bir-birimizi yaxşı-yaxşı tərifləyək.

Mən gülümsədim. Sən isə: "Bəs mənə "yaxşı yol" arzulamaq istəmirsən? - deyə ərklə əlini kürəyimə vurdun.

- İstəyirəm, ancaq bir şərtim var.

- Şərtinə quzu kəsərəm.

- Sən mənim qonağım olacaqsan, - dedim. - Mən səndən bir yaş böyüyəm. Elədirmi?

- Elədir.

- Həm də sən tələbəsən.

- Starik, başa düşdüm. Getdik ey, sonrasına baxarıq...

                                                                          * * *

Nahid müəllim başqa bir yedə yazır:

Qayınatan, ölməz sənətkarımız, SSRİ xalq artisti İsmayıl Dağıstanlı ilə xoş münasibətimiz var idi. O zaman mən Azərbaycan Televiziyasının Ədəbi-dram Verilişləri Baş redaksiyasının baş redaktoru işləyirdim. İsmayıl müəllim tez-tez redaksiyamızın qonağı olurdu. Hər dəfə iş otağının qapısı ağzında görünəndə, bir qayda olaraq özünəməxsus pafos və aktyor ədası ilə ucadan:

- Şairin yaxın dostu, əzizim Nahidə atəşin salamlar! - deyirdi.

İsmayıl müəllim çox xeyirxah insan idi. Yaxşılıq eləməkdən, kiminsə işinə yaramaqdan zövq alırdı. Söhbətlərimizin birində ürək ağrısı ilə:

- Vilayətin çörəyi daşdan çıxır, - dedi. - Ailəsini ürəyi istəyən kimi dolandıra bilmir. Mənim də hərdən özümə yazığım gəlir. Azərbaycan səhnəsində Leninin obrazını yaradasan, bu qədər titulların, orden-medalın olsun, qızlarına, nəvələrinə ürəyin istəyən köməyi eləyə bilməyəsən. İndi mənim gedib rayonlarda mühazirə oxuyub, monoloq, şeir deyən vaxtımdır? Bunun müqabilində aldığım nədir? On-on beş manat! Vallah, maddi imkan olsa, Vilayəti çox qayğılardan aralayaram. Daha ailəsini dolandırmaq üçün özünü oda-közə vurmaz, oturub şeirini yazar, tərcüməsini eləyər, kitablarını buraxar. O boyda istedad çırpına-çırpına qalıb.

İsmayıl Dağıstanlı həqiqəti deyirdi. Doğrudan da sən yazdıqlarından, elədiklərindən qat-qat çox əsər yazar, iş görə bilərdin. Neyləməli, Tanrı hər birimizə bir cür qismət verir. Ancaq belə bir fikir də var ki, taleyimizi göydə Allah, yerdə isə özümüz yazırıq. Deyən yordum səni, Viloş, çox danışdım.

- Bilsən necə şad eylədin ruhumu... Yaşa, starik, yaşa. Məni məndən yaxşı tanıdığın üçün, unutmadığın üçün yaşa!

- Sən həmişə yaddaşlardasan. Buna əmin ol, rahat yat, Viloş.

                                                                                         ***

Azərbaycan Respublikasının xalq rəssamı,

Toğrul Nərimanbəyovin onun 80 illik yubileyinə yazdığı xatirədən bir parça: 

Yadımdadır,” Azərnəşr”də işlədiyi dövrlərdə çalışırdı ki, mən bəzi kitablara illüstrasiyalar çəkim. Mən isə belə işlərdən qaçırdım. Axır məni dilə tutub inandırdı ki, milliliklə bəşəriliyin hormoniyasının üstadı olan Toğrul Nərimanbəyov nağıllarımıza, dastanlarımıza illüstrasiya çəkməyəndə, bəs kim çəkəcək?! Gərək sən çəkib örnək olasan ki, o birilər də sənə baxıb bu işi davam etdirsinlər...

Nə isə, Vilayətin təkidi ilə bir neçə nağıl və dastan kitablarına illüstrasiyalar çəkdim. Çox maraqla qarşılandı. Mən onun öz portretini də çəkmək fikrindəydim. Hətta bu portiretin adını da müəyyənləşdirmişdim: “İşıqlı adam”. Amma, obyektiv səbəblər üzündən bu baş tutmadı. Mən 1987-ci ildə ABŞ-da, sonra Lüksemburqda, daha sonra Parisdə yaşamaq zorunda qaldım.

Mənim Filarmoniya ilə üzbəüz olan emalatxanamın divarında qalın rənglə Vilayət Rüstəmzadənin ev telefon nömrəsi yazılıb. Bir dəfə Parisdən Bakıya gələndə götürüb ona zəng etdim. Kədərli bir qadın səsi eşitdim: –Vilayət bir neçə ildir ki, dünyasını dəyişib...

Elə bil telefonun dəstəyi əlimdə ağır bir qantelə döndü. Mən inana bilmədim ki, bu nikbin, üzügülər, içi, çölü işıqla dolu olan insan nə vaxtsa dünyasını dəyişə bilər.

Görkəmli alim və tənqidçi Vaqif Yusiflinin xatirələrindən:

...Vilayət Rüstəmzadə ədəbi mühitdə çoxlarını xatırlayır, onlar haqqında xoş xatirələr söyləyirdi. Deyirdi ki, Osman Sarıvəllinin, Süleyman Rüstəmin, Əli Vəliyevin onun həyatında böyük rolu olub. Mehdi Hüseyn haqqında isə belə deyirdi: “Mehdi Hüseyn böyük şəxsiyyət idi. O, mənim mənsub olduğum ədəbi nəslin atasıydı. Yazılarımızdan tutmuş mənzil məsələmizə qədər hər şeylə maraqlanırdı”.

Vilayət Rüstəmzadə ədəbiyyata sazlı-sözlü bir diyarın – Borçalının şeir havasından gəlmişdi.

Ey vay! Bu nə səsdi, bu nə soraqdı-

Kükrəyib çağlaya-çağlaya gəlir?!

Dastan dünyamızmı varaq-varaqdı-

Könlümü dağlaya-dağlaya gəlir?!

Qalxır, havalanır Qorqud nəfəsi,

Qopur Koroğlunun dəli nərəsi,

Dilqəmin, Kərəmin ahı-naləsi,

Hönkürüb ağlaya-ağlaya gəlir…

Tarixə bəxş etdi Azər elləri

Bir tut kötüyündə “Sarıtel”ləri.

Ay dad! Qıfılbəndin hikmət dilləri

Dilimi bağlaya-bağlaya gəlir.

Vilayət Rüstəmzadənin doğma kəndi, Borçalı, aşıq havaları, ustad aşıqlar və şairlər, Azərbaycanın təbiət gözəllikləri ilə bağlı şeirləri çoxdu və o şeirlərin hər birində bir saz havası duyursan. O, səyahət etdiyi ölkələri, oradakı səmimi insanları, yaddaşında iz salan çayı, dənizi, meşələri, dağları da şeirə gətirirdi. Amma əsas mövzusu yenə Azərbaycan torpağı, Azərbaycan elləri, Azərbaycan insanı idi…

Görkəmli yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından Vilayət Rüstəmzadə barədə hissələr:

...Ancaq söhbəti Litinstitutun üstünə gətirməkdə indi mən bu sayaq, necə deyərlər, ümumbəşəri mövzulara toxunmağı qarşıma məqsəd qoymamışam, Litinstitutu mənimlə bir vaxtda qurtaran azərbaycanlı tələbələrin hamısının həyatında sonralar mühüm rol oynayan bir faktın üstündən keçə bilmədiyimə görə - istəsəm də, istəməsəm də - bu faktın “müəllifinin” haqqında da mütləq nəsə deməliyəm. Və bu “müəllif”, məlumunuz olsun ki, Vilayət Rüstəmzadə idi. 

Vilayəti şair və tərcüməsi kimi, əlbəttə, çoxları tanıyır. Mənsə bu yazıda Litinstitut tələbəliyi dövründə Vilayətdə şəxsən müşahidə elədiyim bir-iki başqa keyfiyyəti də qələmə almalıyam. Çünki bunları deməsəm, demək istədiyim əsas məsələ bir növ havadan asılı qala bilər. 

Əvvəla, bunu deməliyəm ki, o vaxt Litinstitutda oxuyan azərbaycanlı tələbələrin arasında adına “ictimaiyyətçi” deyiləsi bircə adam vardısa, o da, heç şübhəsiz, Vilayət idi. Moskvanın harasında Azərbaycanla bağlı nə vardısa, onu Vilayət mütləq bilirdi: hansı institutda neçə nəfər azərbaycanlı təhsil alır, hansı bazarda Azərbaycandan nə qədər adam alver eləyir, hansı həbsxanada nə miqdarda azərbaycanlı məhbus cəza zəkir – hətta az qalıram deyəm ki, bu adamların hansının hansı rayondan olmağı barədə də Vilayətin bəs qədərində məlumatı vardı. Bundan əlavə, bütün “müsəlman aləminin” o zaman sayılan-seçilən adlı-sanlı ədəbi simaları ilə də Vilayət, necə deyərlər, lap kefin istəyən kontakt yarada bilmişdi. Məsələn, Rəsul Həmzətovla Vilayət telefonda (ya elə üzbəüz söhbətdə) təxminən belə danışırdı: 

- Rasul bey! Da, eqo Vilayet Rustamzade! Tı çto, starina, priyexal vı Moskvu i svoix druzey ne işşeş? Nu, oryol je tı, starik! Veliçina qordoy poezii kafkazskoy!.. Jdi zavtra vezero. No ne vzdumay druzey podvesti. Derjis, derjis, starik. Znay, zto arlyata tvoi tebya tixo abajayux... 

O dövr amerikalı Heminqueyin bütün SSRİ məkanında birdən-birə tanınıb məşhurlaşdığı dövr idi. O zaman Vilayətin də dilindən düşməyən bu, “starik” və “starina” sözləri, mənə elə gəlir ki, o dövrün Moskva jarqonuna Heminqueyin əsərlərindən keçmişdi. Ancaq söhbət bunda deyil. Məsələ burasındadır ki, Vilayətin təkcə Rəsul Həmzətovla yox, misal üçün, kaysın Quliyev və Çingiz Aytmatovla da eynilə bu jarqonda, bu şəkildə, bu ərk ilə danışmağının mən özüm bir neçə dəfə şahidi olmuşdum. Bu adamları Vilayət, söz yox, özününkü sayırdı və özününkü saydığı belə məşhur adamlarla danışanda sanki Vilayət danışdığı dilin də (bu halda rus dilini) “özününkü” olduğunu bir qəribə uşaq sevinci ilə cani-dildən nümayiş etdirirdi. 

Vilayət rus dilini həqiqətən yaxşı bilirdi. Bununla belə, hərdən mənə elə gəlirdi ki, Vilayətin bildiyi rus dili məhz Rəsul Həmzətov, yaxud Çingiz Aytmatov kimi “ qeyri-ruslarla” danışmaqdan ötrü olan xüsusi bir “rus dili”dir. 

Vilayətdəki bu unikal əməlgirlik hətta Litinstitut folklorunda da, zənnimcə, özünün kifayət qədər “layıqli əksini” tapmışdır. O anektod belə idi: 

Bir gün rektor, axşamtərəfi yataqxanaya xəlvəti reyd eləmək qərarına gəlir. Ancaq Vilayətdən sirmi gizlətmək olar? Vilayət “öz kanalları” ilə bundan xəbər tutur və hələ günortadan işə girişir. Hər yeri silib-süpürüb, otağında ideal sahman yaradır. Rektor gələnə yaxın çayı da dəmə qoyub oturub gözləməyə başlayır. Ancaq iş elə gətirir ki, əvvəl rektor abxazlı balası Volodya Ankvabın otağına baş çəkməli olur. Litinstitutda “bazlıq” məsələlərində məxsusi hörmət və avtoritet sahibi olan Ankvab isə, sən demə, elə o gün də “canan” gözləyirmiş və bu münasibətlə özünün əla abxaz konyakından bir qrafin doldurub, stolun üstünə qoyubmuş. Hələ rektor içəri girər-girməz Ankvab xəlvətə salıb konyakı qrafindən çaydana boşaldıb guya izi itirə bilir. Rektor keçib stolun dalında əyləşir. Ankvabla ordan-burdan söhbət eləyir və söhbət əsnasında əlini uzadıb, Ankvabın çaydanından özünə “çay” süzür. Bir dəfə içib özünü o yerə qoymadan, Ankvabın “çay”ından ikinci dəfə də yarım stəkan ləzzətlə nuş eləyəndən sonra rektor otaqdan çıxır və dəhlizdə pusquda dayanmış Vilayət çoxdan gözlədiyi rektoru nəhayət ki, qarmalayıb öz otağına salır. Rektor Vilayətin pürrəngi çayından da içir, hələ onun Azərbaycan çayının şərəfinə söylədiyi parlaq nitqi də səbirlə axıracan dinləyir. Və axırda – Vilayətin otağından durub gedəndə - astananın qabağında rektor belə ərz eləyir: 

“Sizin çaya söz ola bilməz, Rüstəmzadə! Azərbaycanlıların çay dəmləməyinə mən lap valeh oldum. Ancaq sən o Ankvabdan bir soruş gör abxazlar çayı necə dəmləyir. Bayaq mən Ankvabın otağında bir stəkan çay içdim və düzü elə bildim ki, əsl Azərbaycan çayı içirəm..." 

…Mən yataqxanadan çıxırdım. Vilayət hardansa indicə gəlirdi. Vilayətin sifətindən elə bil alov yağırdı. Gözlərindən od tökülürdü. 

- Məni öp, starik!– dedi. Hətta üzünün öpüləsi yerini də mənə öz əli göstərdi. 

Mən Vilayətin üzünün düz göstərilən yerindən bir yaxşı busə götürdüm. 

- Bəs niyə soruşmursan ki, mən bu sahat hardan gəlirəm? 

Belə isti-isti buğlanmğından hamamdan gələnə oxşayırsan, - dedim. Və Vilayətin birdən şaqqanaq çəkib gülməyindən bildim ki, Böyük İctimaiyyətçi mənim yumorumdan çox razı qalıb. 

- Dahisən, starik! Buğlanmağı əla tapdın. Sayuzdan gəlirəm, starik, orqsekretar Voronkovun yanından. Düz üç saat 15 dəqiqə kafirnən çənə vurmuşam. Axır ki, inandırdım şovinist oğlu şovinisti. Proyekti dəyişdirdim. 

Vilayətin dediyindən heç nə anlamasam da: 

- Malades, kişi adamsan! - dedim, Vilayətə sual-zad da vermədim ki, bəlkə söhbət buradaca xətm oluna, çünki o qapının ağzında Vilayətlə üz-üzə gələndə beynimdə nəsə "bişirməkdə" olduğuma görə, mənim də (Merzlikindən beş-betər!) salam-kalamlıq halım yox idi. 

Mən ayrılmaq istəyəndə Vilayət ağayana bir ərk ilə qoluma girdi. 

- Hamımız üçün izolirovannı mənzil: kuxnası, hamamı, tualeti!.. Evi, starik, bilirsən, harda tikirlər? Baksovetdən bir az yuxarıda. Əla yerdi! Bu saat şartaşart iş gedir orda. Uzağı noyabrın axırına tikib qurtaracaqlar. Proyektə on dənə birotaqlı mənzil saldırdım. Voronkovu, sən öl, divara dirəmişdim!.. 

Vilayətin dediklərinə sakitcə qulaq assam da, bu deyilənlərin arxasında hər hansı bir məna ola biləcəyini düşünməyi elə bil mən əvvəlcədən özümə qadağan eləmişdim. Vilayətdən bacardıqca tez aralanmaqdan savayı məni özgə heç bir şey maraqlandırmırdı. Buna görə də mənə xeyli sonralar məlum oldu ki, Bakıda yazıçılar üçün təzə ev tikilir. Bildim ki, o gün Vilayət həqiqətən SSRİ Yazıçılar İttifaqının təşkilati məsələlər üzrə katibi Voronkovun yanına gedibmiş və “əla yerdə” tikilən o yeni binada bizlərdən – yəni Litinstitutu o il (1964-cü ildə) bitirəcək bir qrup tələbədən ötrü, birotaqlı mənzillərin də proyektdə nəzərdə tutulmasını Voronkovla, doğrudan da, kişi kimi həll eləyibmiş…

Vilayət Rüstəmzadə barədə xoş söz deyənlərin hamısını arayıb axtarsan uzun bir siyahı alınar. Cild-cild kitablar yazmaq olar. O buna layiqdir də. Həm onun ruhuna dualar olar, ruhu şad olar, həm də bunları etmək istəyənlərin xeyirxah işi üzərə çıxar, el-oba, Azərbaycan xalqı görər, feyziyab olar. 

Mirzə Məmmədoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
xalqqazeti.az

2Источники