RU

Uzun müddət dəyişdirilməyən şəbəkə şifrələri asanlıqla sındırılır – İKTA

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Veteninfo.az xəbər verir ki, tədbirdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibində təmsil olunan hüquq-mühafizə orqanlarının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri, eyni zamanda internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin təmsilçiləri iştirak ediblər.

Müzakirələrdə telekommunikasiya xidmətləri üzrə məlumatların emalı, mühafizəsi və qanunvericilikdə nəzərdə tutulmuş müddət bitənədək saxlanılması məsələləri gündəmə gətirilib. Qanunvericiliyin tələblərinin icrasının zəruriliyi bir daha vurğulanaraq bildirilib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əməl edilməməsi kibercinayətlərin vaxtında aşkarlanmasına mane olur və inzibati məsuliyyət yarada bilər.

Görüşdə, həmçinin operator və provayderlərin uçota alınması, müvafiq öhdəliklərin icrası və informasiya təhlükəsizliyinin təmininə dair vəzifələri müzakirə olunub. İştirakçılar şəbəkə infrastrukturunun tələblərə uyğun olduğunu qeyd etməklə yanaşı, məlumatların qorunması və saxlanması zamanı üzləşdikləri çətinliklər barədə də fikir mübadiləsi aparıblar.

Vurğulanıb ki, internetdə informasiya təhlükəsizliyinin təşviqi gücləndirilməlidir. Xüsusilə fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması ciddi risklər yaradır. Sadə və uzun müddət dəyişdirilməyən şifrələr şəbəkələrin asanlıqla sındırılmasına səbəb olur. Bəzi hallarda isə istifadəçilər şifrsiz internetdən yararlanırlar.

Görüşün yekununda operator və provayderlərin qanunvericiliyin tələblərini daima nəzarətdə saxlamaları, informasiya təhlükəsizliyinin təmini üçün maarifləndirici fəaliyyətləri genişləndirməsi və istifadəçilərin təhlükəsizlik qaydaları barədə məlumatlandırılmasının gücləndirilməsi barədə razılıq əldə olunub.

Избранный
18
11
veteninfo.az

10Источники