RU

Amnistiya ilə bağlı gözləntilər var - Yüzlərlə məhkum azadlığa çıxa bilər

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu münasibətlə ilin sonunadək amnistiyanın elan oluna biləcəyi barədə fikirlər yayılıb. 

Qeyd edək ki, bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum əfv edilib. Əfvdən fərqli olaraq amnistiya Milli Məclis tərəfindən qəbul edilir.

Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğun götürülməsi də mümkündür.

Milli Məclisdə bu barədə müzakirələrin olub-olmayacağı, ilin sonunadək belə bir addım atılıb-atılmayacağı diqqətçəkən məsələdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə mövzu ilə əlaqədar Modern.az-a danışıb.

Parlamentari vurğulayıb ki, bir çox əlamətdar günlər ərəfəsində Azərbaycanda əfv sərəncamları, eyni zamanda amnistiya aktları imzalanıb:

"Bu günə qədər 12 amnistiya aktı, eləcə də 70-dən artıq əfv sərəncamı imzalanıb. Həm amnistiya, həm də əfv sərəncamları on minlərlə insana şamil olunub. Yəni bu on minlərlə insanın azadlığa çıxmasına, bəzilərinin cəzalarının azaldılmasına gətirib çıxarıb. Bu həm də bir o qədər ailəyə sevinc bəxş edilməsidir. Bu il "Suverenlik və Kostitusiya İli" münasibətilə amnistiya olacağı ilə bağlı bir müddətdir müzakirələr gedir. Mətbuatda da bu barədə fikirlər səsləndirilir. Əslində gözləntilər var. Dəqiq məlumatım yoxdur".

Deputat qeyd edib ki, amnistiya aktı ilə bağlı müəyyən gözləntilər var:

"Amnistiya aktı ilə bağlı məsələ gündəmə gətirilir. Qanunvericilik müstəvisində hansı maddələrə, kimlərə amnistiya aktı şamil oluna bilər deyə hazırlıq mərhələsi var, bununla bağlı sona qədər məlumatlı deyiləm. Lakin bizim də belə bir gözləntimiz var. Sevindirici olardı ki, bayram ərəfəsində, ən azı bu ilin sonuna qədər amnistiya aktı elan olunsun. Zamanında hansısa səhvləri olmuş insanların azadlığa qovuşması ilə yanaşı bu həm də onların ailələrinə, yaxınlarına da sevinc bəxş edilməsidi. "Konstitusiya və Suverenlik İli" münasibətilə onların azadlığa qovuşmasına vəsilə ola biləcək qərar olacaqsa, yalnız alqışlamalı olacağıq".

Избранный
24
2
modern.az

3Источники