RU

Miniatür esselər

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Nəcməddin MÜRVƏTOV

Gözləyək

Təəccübləndirmir daha məni insanların sözləri, hərəkətləri, əməlləri. Hər kəsə "bu da başqa bir cür adamdır" düşüncəmlə yanaşıram. Gözlənilməz qəbul etmirəm heç nəyi. Hər yerdə hər an ağılasığmaz nələrinsə baş verə biləcəyini artıq qəbullanıram. Sakitcə baxıb seyr edirəm çıxarılan "oyun"ları. Ruhən razılaşmasam da, baxıb, təmkinlə qarşılayıram. Həm də tək mən deyiləm axı. Adamların xeylisi də elə mənim günümdədir. Gözləyirəm başa gələcəkləri: yaxşı, ya pis, nə olsa. Ümidlə, bəzən də böyük ümidsizliklə. Nahaqqın haqq yerinə insanlığa sırındığı bir dünyada yaşayırıq. Bax elə bundandır ki, təəccübləndirmir məni heç bir standartlara uyğun gəlməyən gördüklərim, eşitdiklərim. Mənim kimi bir çoxları da təcccüb hissini kənara atıb.

Dünyanın ədalət tərəzisinin pərsəngi üstələyib ölçü daşını. Pis üstələyib. Elə bu da dəyişdirib insanları, sapdırıb haqq yolundan. Ucuz, çox ucuz satılır vicdan, gərəkli sayılmır abır, həya. Gözləyək görək nə olur. Elə bu əhvalla da səbr edirik. Əlimizdən başqa nə gəlir ki?!

Bulaq minnətdarlığı

Küsmüşdü elə bil "Güləbətin". İllərlə, qərinələrlə şirin suyunu bəxş etdiyi adamlardan incik düşmüşdü. Zaman-zaman təşnələrini yatırdığı insan övladlarından küskünlüyü vardı. Onların gen-bol tələblərini heç nə ummadan, əvəz istəmədən ödəmişdi əslində. Xırda bir irmaqdı o. Köhnə vaxtların ər, ərən kişiləri tapıb bəxş eləmişdilər ona bulaq həyatını. Xəbərdardı ovdanına qoyulan, divarlarına hörülən sal daşların necə böyük zəhmət hesabına gətirilməsindən, yonulub yerləşdirilməsindən. O kişilərin özlərinə, övladlarına, nəvə-nəticələrinə səxavətlə bağışlamış, onlardan əsirgəməmişdi "gözünün suyunu". Böyük deyildi istəyi indikilərdən. Sadəcə yerindən oynamış daşlarına, ovdanına, axarına əl gəzdirməyi diləyirdi onlardan. Saxlamaq istəyirdi həmənki görkəmini. Davam etdirmək istəyirdi öz missiyasını. Bir ovuc suyu ilə ürəklərin yanğısını söndürmək missiyasını yarıda qoymaq istəmirdi. Diqqət gözləyirdi hamıdan, elə məndən də.

Uşaqlığımı, onunla ötən illərimi anmaq üçün gəlmişdim yanına. Ürəyim parçalandı halını-halətini görcək. Qınadım özümü, möhkəm qınadım. Niyə gecikmişəm axı bu qədər? Çarə qılmamışam, məlhəm olmamışam yaralarına. Əfv dilədim, günahımı bağışlamasını istədim "Güləbətin"dən.

Qaytaracaqdım onun görkəmini özünə. Qərarım qəti idi. Elə böyük zəhmət də tələb etmədi bu iş. Gözəlləşirdi gözümün önündə anbaan. Xoşhallanırdı sanki, daşına, divarına çəkdiyimiz sığaldan. Heyrətdəydi görənlər də. Çağlayırdı "Güləbətin". "Onun belə bol sulu olduğunu görməmişəm" deyirdi hər kəs. Səbəbini mən bilirdim. Bu gur axışı ilə minnətdarlıq edirdi "Güləbətin".

Dəmdəməki

Nizamlaya bilmirdim onunla münasibətimi. Bir gün "yağ-bala", o biri gün "ağu-zəhərə" dönürdük sanki. Dolanmalıydıq birtəhər. Nə onun, nə də mənim qaçası yerimiz var idi. Bir gün məni haradasa təriflədiyini, başqa gün ardımca olmazın hədyanlar dediyimi eşidirdim. Orta yol tutmuşdum. Heç bənd olmurdum tərifinə də, iftira-böhtanlarına da. Bunların növbələşməsi tarazlaşdırırdı onsuz da biri-birini. Onun dedikləri ilə kimsə mənim haqqımda ağıllı bir fikrə gələ bilməzdi. Bilməzdi necəliyimi. Tuş gələndəsə bəzən baxışları ilə məni əzizləyər, bəzən də onlarda qaynaşan ilanlarla çalmaq istəyərdi elə bil.

Səbrim qoruyurdu məni günaşırı, həftəlik təlatümlərdən. Arxayındım axı bugünkü dava-qalmaqalın sabahkı mehribanlığa keçməsindən. Ad da qoymuşdum ona ürəyimdə: Dəmdəməki.

Rəzil

Tez-tez rastlaşırıq onunla. Məcbur dinləyirəm hərzə-hədyanlarını. Eyni sözlər, eyni fikirlər. Təkcə qaraladığı adamların adları fərqlənir. Əvvəlcədən bilirəm nə deyəcəyini, kiminsə savadsız, qabiliyyətsiz, oğru, əyri olmasından bəhs edəcəyini. Sayacaq qanunların maddələrini, özünə sərf edən müddəaları. Fikirlərinin sonu əvvəlini təkzib edəcək, bilirəm. Ağıl verəcək: özündə lazımınca olmayan ağıldan. Yol göstərəcək: özünün heç vaxt getmədiyi yol. Bir az da "xal" toplamaq məqsədi ilə kimlərisə tərifləyəcək, yersiz öyəcək. Vəssalam.

"Bu dəfə daha dinləməyəcəyəm onu. Qulaq asmadan, sadəcə seyr edəcəyəm çöhrəsini. Gözlərinə uzun-uzadı baxacağam. Diqqət kəsiləcəyəm görkəminə. Fikir verməyəcəyəm nə dediyinə" - qəti qərarım belə olur.

Eləcə də edirəm, adicə hay-küy kimi eşidirəm danışdıqlarını. Dediklərinin hər biri öz əksini tapır tutqun daş-qənbərə bənzər sifətində. Elə bil rişxənd, lağ həkk olunub bu qara daşa. İyrənc təbəssümlü dodaqları çox əcaib qaydada yığılıb açılır. Sanıram, içinin çamurunu fışqırır çölə. Baxışlarında gurultulu, bəlağətli çıxışından məmnunluğu sezilir. Guya dürr xırdalayırmış. Səsinin saxta tonunu, süni ahəngini çatdırır sifətinin qarışıq cizgiləri ilə. Rol oynadığını görürəm, qaşlarının dartılıb gərilməsindən, alnının düyünlənib açılmasından sezirəm bunu. Səssiz tamaşaya baxıram sanki. Uymuşam bu tamaşaya. Maraqla seyr edirəm, çox maraqla. Bir aktyorun ifasında. Ad da qoyuram ürəyimdə bu tamaşaya: "Rəzil".

Bəlkə, bir az da artıq

Pislik etməyə köklənib ruhu. Dönüb məqsədinə, məramına. Gündəlik hesabat verməli olduğu öhdəliyinə çevrilib bu. Kimə, harada, niyə? Düşünmədən, fərq qoymadan fasiləsiz məşğuldur bu işlə. Maraqlandırmır onu ətrafın nə düşünməsi. Vecinə olmur qarşısındakının ikrah dolu baxışları. Xırda qüsurlar axtarır hər kəsdə, adi nöqsanı da böyütməyə, şişirtməyə, car çəkməyə can atır. Zövq alır başqalarına bu münasibətindən. Qürrələnir bununla: "Başa saldım, qandırdım" kəlmələri dilində bitib. Ötürmür ən xırdaca fürsəti də. Bütün qaydaları öz xeyrinə yozur. Öz "saflığından, paklığından" bəhs edir, "xeyirxahlığından" dəm vurur. Məsləhət verir hamıya. Nümunə gətirir öz həyat və düşüncə tərzini. Halbuki çoxları, lap çoxları iyrənir onun həyatından, düşüncələrindən. Fəqət yorulmur, usanmır bəd əməllərindən. Dinləmir də kimsənin öyüdünü, nəsihətini. Cılız, murdar "mən"ini üstün tutur hər şeydən.

Daha əsla dinləmək olmur onu. Səbir-dözüm tükənir. Hər kəlməsi ilə içinin üfunəti üzə çıxıb ürək bulandırır çünki. Ünsiyyətdə olduğu insanları iyrəndirməkdən başqa nəyəsə yaramır onun murdar daxili "aləm"i, iyrənc "mən"i. Ləyaqətsiz, heysiyyətsizdir çünki. Bəlkə, bir az da artıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
525.az

1Источники