Dahi bəstəkarın dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.
Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 17-ci dəfə gerçəkləşir.
Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması mərasimi ilə başlayıb.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aparıcı mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üstünə çələng və tər çiçəklər düzülüb.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günü münasibətilə təbriklərini çatdırıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin və ictimai fikrinin inkişafında misilsiz xidmətləri haqqında söz açıb. Bildirilib ki, dahi bəstəkar musiqi mədəniyyətimizə əbədiyaşar əsərlər bəxş edib. Onun yaradıcılıq nümunələrinin şöhrəti Azərbaycanın sərhədlərini çoxdan aşıb.
Nazir diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığı daim yüksək qiymətləndirib, adının əbədiləşdirilməsi ilə bağlı böyük işlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixində böyük mədəniyyət xadiminin 140 illik yubileyi ilə bağlı Sərəncam imzalaması bu diqqətin indi də davam etdiyini göstərir.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının başlandığını bildirən Adil Kərimli festivalın proqramının Azərbaycanla yanaşı, bir sıra xarici ölkələri də əhatə etdiyini deyib.
Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin sədr müavini Rafael Hüseynov və Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti haqqında danışıblar.
Çıxışlardan sonra I Fəxri xiyabanda Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevlərin də məzarları ziyarət olunub.
Mərasim iştirakçıları həmçinin Ümummilli Lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri qoyublar.
Daha sonra Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin (1885-1937) əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında isə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nömrələri təqdim edilib.
Bütün ifalar dahi Üzeyir bəyə minnətdarlıq və sonsuz ehtiramın ifadəsi kimi səslənib.
Qeyd edək ki, bu gün axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Sənətsevərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşasını izləyəcəklər.







***
10:50
Milli Musiqi Günü münasibətilə Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib.
Demokrat.az-ın məlumatına görə, ziyarətdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin kollektivi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli 18 sentyabrın mədəniyyət tariximizin ən əlamətdar günlərindən biri olduğunu diqqətə çatdırıb:
"Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilib. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır".
O, ənənəyə sadiq qalaraq bu il də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə də, öz növbəsində, dahi bəstəkarın ölməz irsindən söz açıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Üzeyir Hacıbəyli irsinin daim Azərbaycan musiqisinin yaddaşında yaşayacağını ifadə edib.
Çıxışlardan sonra mərasim iştirakçılar Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.
4Источники
-
turkic.worldÜzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı ( 21488350)
-
manset.azXVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı - FOTOLAR ( 21488053)
-
demokrat.azÜzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı təntənə ilə başlandı — YENİLƏNİB (FOTOLAR) ( 21487558)
-
unikal.azMilli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - FOTOLAR ( 21486427)