RU

Tanınmış nəslin nüfuzlu nümayəndəsi

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan adı yalnız əsrlərin yaddaşında, daş kitabələrdə, qədim məscidlərin minarələrində, abidə sarayların divarlarında gizlənməyib. Bu torpağın hər qarışında bir tarix, hər nəfəsində bir xatirə var. Və həmin yaddaşın ən parlaq səhifələrini yaşadanlar isə nəsillərdir - əsrlər boyu elmə, sənətə, sözə, dövlətçiliyə xidmət edən soylar, şəcərələrdir. Onlar yalnız bir ailənin deyil, bir millətin taleyinə çevrilənlərdir.

Hər nəsil bir işıq, hər şəcərə bir çıraqdır. Bəzən bir nəslin adı bütöv mahalı yaşadır, bəzən isə bir xalqın yoluna işıq saçır. Bu nəsillərin yaddaşında təkcə soyad deyil, həm də bir əqidə, amal, mübarizə yaşayır. Onlar torpağın bağrına kök salmış ağaca bənzər.

Nəsil və şəcərə yalnız qan bağlılığı deyil, ruhun, düşüncənin, məsləyin mirasdır. Hər soyun tarixində bir qəhrəmanlıq dastanı, bir elmi zirvə, bir sənət hekayəsi gizlənib. Bəzən bu nəsillərin övladları susduqları yerdə belə, millət üçün danışdılar, çəkdikləri əzablarla bir tarix yazdılar. Azərbaycan nəsillərinin böyüklüyü ondadır ki, onlar yalnız öz zamanına deyil, gələcək nəsillərə də nəfəs veriblər. Axundovlar, Vəzirovlar, Rəsulzadələr, Şahtaxtinskilər, Topçubaşovlar və daha neçə-neçə ziyalı ocaqlar bu xalqın tarix kitabını yazanlar oldular. Kimisi qələmi ilə millətin gözünü açdı, kimisi sözü ilə maarifin çırağını yandırdı, kimisi dövlətçiliyin sarsılmaz dayağı oldu.

Bu gün bu şəcərələrə boylanmaq, əslində özümüzə boylanmaq deməkdir. Onlar keçmişin səsi, bu günün güzgüsü, sabahın yol göstərənləridir. Və hər dəfə onların yoluna nəzər saldıqda anlayırıq ki, millətin gücü yalnız bu gündə deyil, onun dərin köklərindədir. O köklərin ki, əsrlərin tufanına sinə gərib, sabaha işıq aparmaq üçün bu gün də torpağın dərinliyində möhkəm dayana bilir.

Əslində tanınmış nəsillər haqqında danışmaq Azərbaycan mədəniyyətinin, elm və siyasət tarixinin, azadlıq mübarizəsinin səhifələrini bir daha vərəqləmək deməkdir. Onlar bir ocaq, hər ocaq isə bir məktəbdir. Bu məktəblərin işığında biz kimliyimizi daha dərindən anlayır, köklərimizə sığınaraq, sabaha addımlayırıq.

Soyadı bir şəcərənin imzasına çevrilən nəsillər haqqında eşitmişdim. 90-cı illərin sonlarına yaxın Naxçıvanda olarkən tanış olduğum bir xanımın: "Kəngərlilər bir nəsildir" deməyində bir qüruru aydın görmüşdüm. İki il əvvəl zamanında həm daxili, həm xarici siyasət areanasında imzası olan bir dövlət xadimilə müsahibə üçün əlaqə saxlayanda soyadının tanınmışlar nəslinə aid olduğuna şübhə etmədim. Şübhəmdə yanılmamışdım, lakin nədənsə özünü müsahibəyə tam hazır hesab etmədiyini düşünən xanımla xeyli söhbətimiz oldu. Bu müddət ərzində davam edən əlaqələrimizə güvənərək inanıram ki, günlərin birində müsahibəmiz alınacaq. Haqqında danışdığım xanım Milli Məclisin I və II çağırışlarının deputatı, Azərbaycanın Litvada ilk fövqəlada və səlahiyyətli səfiri, ziyalı olduğu qədər də təvazökar Nairə Şahtaxtinskaya böyük bir nəslin parlaq simalarından biridir. Lakin bu gün onun haqqında deyil, Azərbaycan elmində xüsusi xidməti olan görkəmli kimyaçı alim, akademik Həbibulla Şahtaxtinski haqqında danışmaq istəyirəm, çünki 125 il əvvəl sentyabrın doqquzunda nəhəng bir nəslin gələcəkdə həyatını Azərbaycan elminə həsr edəcək daha bir nüməyəndəsi dünyaya göz açıb. Akademik haqqında yazmaq üçün əvvəl bu nəsil haqqında  müəyyən məlumatlar əldə etmək məqsədilə mümkün olan kiçik araşdırma apardım. Təbii ki, köməyimə ilk növbədə sosial şəbəkə və AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin "Şahtaxtinskilər tariximizdə və taleyimizdə" adlı kitabı çatdı. Öyrəndim ki, doğulduqları kəndin adını özlərinə soyadı kimi götürən  Şahtaxtinskilər bunu bir miras kimi nəsildən nəslə ötürərək günümüzə qədər yaşatmağı bacarıblar.

Şahtaxtı Naxçıvanın Kəngərli rayonunda bir kəndin adıdır və oranın camaatı ata-baba yurdu ilə həmişə öyünüblər. Deyilənə görə, Şahtaxtinskilərin ağsaqqalı olan Hacı Vəli ağa bir dəfə İrəvan qubernatoruna belə deyib: "Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtlı familiyasını daşıyırıq". Həqiqətən tarixə nəzər salsaq görərik ki, bu nəsil istər Rusiya imperiyasının, istər Avropa və dünya ölkələrinin harasında yaşasalar da, məşhurluq qazansalar da, yurd yerini heç zaman unutmayıb, Şahtaxtı kəndilə əlaqələri daimi olub.

"Bir neçə ildir Şahtaxtinskilərin nəsil şəcərəsini araşdırıram... Əlimizdə olan sənədlərə görə, I İsa Sultan şah Sultanın oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyanı heyrətdə qoyan Şahtaxtinskilər I İsa Sultanın törəmələridir. II İsa Sultan adlanan Nəcəfqulu Sultan oğlu onun nəvəsidir. II İsa Sultanın həyatı və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir nümunədir... Qürbətdə əbədiyyətə gedən bu həmyerlimizin həyatını və fəaliyyətini lazımınca təbliğ edə bilməmişik. O, bütün həyatını imperiya əsarətinə qarşı mübarizəyə həsr edib" (M.Quliyev).

Şahtaxtinskilərin əsas yaşayış yeri Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflis olub. Bu yerlərin hamısında onlar iri torpaq və mülklər sahibi idilər. Yüksək təbəqəyə malik olan Şahtaxtinskilər özlərini həmişə sadə xalqın sırasında görüblər. Belə mühitdə böyütdükləri övladlarına təhsil verməyi mütləq bilmişlər. I İsa Sultanın nəvəsi, Məhəmmədtağı Sultanın oğlu Məhəmməd ağa Şahtaxtinski Almaniyada və Parisdə təhsil alıb. "Məhəmməd ağa Şahtaxtinski ensiklopedik biliyə malik bir alim kimi səkkiz dildə mükəmməl oxumuş, məqalələr yazmışdır. Onun elmi fəaliyyətinə nəzər yetirsək, görərik ki, o, ömrünü Azərbaycan xalqının gələcəyi naminə sərf edib" (M.Quliyev).

Akademik Həbibulla Şahtaxtinskinin nəvəsi Nairə Şahtaxtinskayanın dediklərindən: "Ulu babam Baxşəli ağa Məhəmməd ağa Şahtaxtinski ilə doğma qardaş olub. Baxşəli ağa Şahtaxtinski Peterburq Universitetinin Hüquq fakültəsini bitirib. Onun altı oğlu, iki qızı olub və hamısı ali təhsil alan ziyalı kimi millətinə xidmət edib. Lakin 1918-ci ildə Baxşəli ağa iki oğlu Hüseyn və Sultanla Culfadan Naxçıvana qayıdan zaman qətlə yetiriliblər. Hüseyn də atası kimi Peterburq Universitetinin Hüquq fakültəsində təhsil alıb Vətənə qayıtmışdı. Sultan isə çar ordusunun zabiti olub. Babam Həbibulla Şahtaxtinskinin bizə danışdıqlarından eşitmişəm ki, Nehrəm kəndi yaxınlığında Dərəlik deyilən bir yer var. Baxşəli ağanı iki oğlu ilə ermənilər orada yaxalayıb. Sonradan qatillər özləri etiraf edib ki, Baxşəli ağa yalvarıbmış ki, əvvəl onu öldürsünlər, oğlanlarının qətlini görməsin. Təbii ki, erməni adlı məxluq atanın yalvarışlarına məhəl qoymayıb, əksinə, bundan istifadə edib. Hüseyn və Sultan Şahtaxtinskilər atalarının gözü qarşısında işgəncə ilə qətlə yetirilib. Sonra Baxşəli ağa öldürülüb. Hər üçü qətl olunduqları yerdə dəfn edilib və məzarları indi də oradadır. Hadisədən sonra ailədə dörd qardaş və iki bacı qalır. Böyük qardaşlardan biri Əsədulla ağa həkim olub, Kiyev Tibb İnstitutunu bitirib. Həkimlikdən savayı, folklorçu və tərcüməçi olub, Höteni Azərbaycan dilinə tərcümə edib. Əsədulla ağa ilə əkiz olan Nemətulla ağa Peterburq Ali Politexnik Məktəbində təhsil alan mühəndis, babam Həbibulla Şahtaxtinski əvvəl indiki BDU-nun Tibb fakültəsini (1926), daha sonra indiki Texniki Universitetin kimya-texnologiya fakültəsini bitirib və ömrünü kimya sahəsinə həsr edib. İxtisasca iqtisadçı olan Ətaulla bəy və onun yoldaşı Ziba xanım repressiya illərində hər ikisi sürgün olunub. Onların iki övladını Hemətulla bəylə Zəhra xanım himayəsinə götürüb. Ziba xanım qayıtsa da, ona Bakıda yaşamağa icazə verilməyib, rayonların birində yaşayıb və çox ehtiyatla övladlarını görməyə gəlib, erkən yaşında dünyasını dəyişib. Ailənin böyük qızı və çox gözəl Məhcəbin alitəhsilli olsa da, evdar xanım həyatını yaşayıb. Digəri Məhluqə xanım isə həkim olub və uzun illər Qazax rayonunda çalışıb.

XIX-XX əsrlərdə Şahtaxtinskilərlə bağlı tarixi həqiqətləri babamdan eşitmişəm. Onların ulu babası İsa Sultan millətin maariflənməsi, mədəniyyətin inkişafı yolunda var-dövlətini əsirgəməyən bir azərbaycanlı olub. Ondan sonra gələn nəslin nümayəndələri də bu ənənəni qoruyub saxlayaraq, həmin yola davam ediblər. Şahtaxtinskilər nəslinin şəcərəsi bu faktların tarixi sübutudur.

Babam və onun iki qardaşı Nemətulla ağa və Ətaulla ağa üç bacı ilə ailə həyatı qurub. Zəhra, Ziba və Leyla adlı xanımlar Bəhmən Mirzənin nəvələri olub və onların övladları da nəslin layiqli davamçıları kimi bu gün də Şahtaxtinskilər adını ləyaqətlə daşıyır. Mənim nənəm Leyla Şahtaxtinskaya olub. Ailədə xalam Elmira Şahtaxtinskaya Azərbaycanın Xalq rəssamı, dayım Məhəmmədəmin Şahtaxtinski Əməkdar elm xadimi, Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli fizik kimi soyadın layiqli davamçıları olub.

Sentyabrın 9-da akademik Həbibulla Baxşəli oğlu Şahtaxtinskinin anadan olmasının 125 ili tamam oldu. O, həm həkim, həm mühəndis-kimyaçı kimi geniş biliklərə malik alim idi. Akademik analitik-kimya və qeyri-üzvi maddələr texnologiyası sahəsində yeni metod yaradaraq, nadir elementlərin alınması və mineral xammalın kompleks emalı istiqamətində mühüm nəticələrə nail olub. Həbibulla Şahtaxtinski dünyada ilk dəfə metallurgiya müəssisələrinin qazlarından elementar kükürdün alınması ideyasını elmi əsaslarla sübut edib. Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə həsr edən babam onlarca alim, üç elmlər doktoru yetişdirib, 350-dən çox namizədin elmi rəhbəri olub. Onun 380-dən artıq elmi əsəri, yeddi monoqrafiyası və tərtib etdiyi dərslik bu gün də təhsil sahəsində əhəmiyyətini qoruyub saxlamaqdadır. Babamın xidmətləri diqqətdən kənarda qalmayıb, dövlət onu orden və medallara təltif edib, Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Sentyabrın 9-da Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurası akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 125 illiyinə həsr edilib. Bu, akademikin xalqımıza və Azərbaycan elminə bəxş etdiyi dəyərlərin yenidən xatırlanması deməkdir. Həbibulla Şahtaxtinskinin ömür yolu millətinə, elmə, xalqının gələcəyinə sədaqətin nümunəsidir". 

Şahtaxtinskilər əslində bir soyadın, nəsilin tarixi deyil, həm də millətin yaddaş kitabıdır. Onların həyat yolu bəzən iztirablarla, bəzən zəfərlərlə, amma hər zaman elmi, sözün gücünü və millətə sədaqəti ucaldan addımlarla doludur. Bu soyun nümayəndələri zamanın sərt imtahanlarından keçərək, xalqın düşüncə sərhədlərini genişləndirərək, maarifin çırağını alovlandırdılar. Onlar bütöv bir dövrü, xalqın maarifçilik yolunu, milli özünüdərkin qaranlıqdan işığa çıxışını təmsil edib. Bu gün həmin işıq keçmişdən boylanaraq, sabaha yol göstərir. Nəsillərin isə dəyişməz bir qanunu var - adı ədalət, elm və mərifətlə yoğrulanlar heç zaman unudulmur. Və Şahtaxtinskilərin mirası göstərdi ki, insan özündən sonra yaddaşlarda əbədi yaşaya bilər.

Tamilla M-ZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
525.az

1Источники