RU

Qarabağda daha bir məktəbdə Bilik Günü qeyd olunub

Bu il sentyabrın 15-də – Bilik Günündə işğaldan azad olunan bir çox bölgədə ilk dərs zəngi çalınıb. Uzun illər sonra məktəblərin qapılarının yenidən şagirdlərin üzünə açılması təkcə həmin ərazilərin sakinləri üçün deyil, eyni zamanda bütün ölkə üçün tarixi hadisəyə çevrilib.  Belə məkanlardan biri də Ağdərə rayonunun Vəngli kəndi olub.
 
Moderator.az xəbər verir ki, burada 33 ildən sonra ilk dərs zəngi səslənib və Vəngli kənd tam orta məktəbi fəaliyyətini bərpa edib. Tədbirdə müəllimlər, şagirdlər və valideynlərlə yanaşı, rəsmi şəxslər də iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra ilk zəng vurulub və məktəbin qapıları şagirdlərin üzünə açılıb.
 
Qarabağ Regional Təhsil İdarəsi Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkisiyev çıxış edərək təhsil alanları, müəllimləri və valideynləri Bilik Günü münasibətilə təbrik edib.
 
O, çıxışında günün tarixi əhəmiyyətini vurğulayaraq deyib:
"Bu gün tarixi bir gündür. Bu tarixi günü yaşayanlar bizlərik. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirən Möhtərəm Ali Baş Komandanın uzun illər boyu gərgin əməyinin nəticəsində, eyni zamanda şəhidlərimizin və qazilərimizin qanı və canı hesabına biz tədrisi başlayırıq. Biz bu tarixi günün, bu tarixi anların şahidləriyik."
 
Qeyd edək ki, Vəngli kənd məktəbi Ermənistanın işğalı səbəbindən 1992-ci ildən fəaliyyətini dayandırmışdı. Azərbaycan Ordusunun 2020-ci ildə Qarabağda qazandığı Qələbədən sonra kənddə bərpa işləri aparılıb və məktəb müasir tələblərə uyğun yenidən qurulub.
 
Şagirdlər üçün yeni sinif otaqları, fənn kabinetləri, kitabxana və idman zalı istifadəyə verilib. Təhsil ocağının yenidən fəaliyyətə başlaması kənd sakinləri üçün böyük sevinc və qürur mənbəyinə çevrilib.
Избранный
16
moderator.az

1Источники