RU

Avtobus zolaqlarına yaşıl dalğa sistemi tətbiq olunsun Ekspertdən TƏKLİF

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

15 sentyabr tarixində paytaxtın bəzi ərazilərində tıxaclarla əlaqədar "yaşıl dalğa" sistemi tətbiq olunmuşdu. Bu sistemin məqsədi sürücülərin və ictimai nəqliyyatın hərəkətini optimallaşdırmaq, pik saatlarda tıxacların qarşısını qismən almaqdır. 

"Yaşıl dalğa" sisteminin həmişə istifadə edilməsi Bakıda tıxacların azaldılmasına nə qədər təsir edə bilər? Bu sistemin işə düşməsi üçün şəhər infrastrukturunda hansı dəyişikliklərə ehtiyac var?

Redakator.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, dünyada şəhər nəqliyyatında "yaşıl dalğa" sistemi getdikcə daha çox tətbiq olunur və bu, xüsusilə toplu daşımada yəni, avtobus və tramvay marşrutlarında effektivliyi artırır.

"Sistem sadəcə svetoforlarda dayanmanı azaldır, eyni zamanda sərnişinlərin daşınmasını sürətləndirir, ictimai nəqliyyatın etibarlılığını yüksəldir və ona olan etimadı artır. Belə yanaşma Varşava və Lvov kimi şəhərlərdə uğurla tətbiq olunur. Məsələn, Lvovda tramvay marşrutları boyunca svetoforların təxminən 80%-i tramvaylara üstünlük vermək üçün prioritetləşdirilib. Burada fiziki sensorlar, avtomobil detektorları və piyadalar üçün düymələr vasitəsilə hərəkət optimallaşdırılır. Nəticədə tramvaylar və avtobuslar işıqforda daha az dayanır və şəhər daxilində hərəkət sürəti artır.

Bizim vəziyyətdə də, avtobus zolaqlarına "yaşıl dalğa" prinsiplərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Hazırda şəhərimizdə avtobusların svetoforda dayanması sürətləri azaldır və sərnişinlərin vaxt itkisinə səbəb olur. Avtobus zolaqlarında prioritetli işıqfor sistemi qurulduqda, nəqliyyatın hərəkəti həm daha sürətli, həm də daha sabit olur. Lvov nümunəsindən göründüyü kimi, prioritet sensorlar vasitəsilə avtobuslar və tramvaylar işıqforda dayanma müddətlərini minimuma endirir, eyni zamanda yolun vəziyyəti və sürət məhdudiyyətləri ilə əlaqədar əlavə optimallaşdırmalar aparılır".

Ekspert qeyd etdi ki, ictimai nəqliyyatın fasiləsiz hərəkəti ona olan etimadı artırır və insanların prioritet seçimlərinə təsir edir:

"Yəni şəhər daxilində səfərlərin zamanına təsir etdikcə, insanlar fərdi nəqliyyat əvəzinə daha çox ictimai nəqliyyata üstünlük verirlər. Hazırda bunu müşahidə edə bilərik ki, şəhər daxilində təkcə ayrılmış avtobus zolaqlarının tətbiqi səfər müddətində artıq nəzərə çarpan fərqlər yaradıb. "Yaşıl dalğa" sisteminin tətbiqindən sonra bu zaman daha da qısalacaq və ictimai nəqliyyatın üstünlüyü daha da artırılacaq. Beləliklə, "yaşıl dalğa" sistemi ictimai nəqliyyatın səmərəliliyini artırmaq, sərnişinlərin vaxtını qısaltmaq və şəhər yollarında tıxacların qarşısını almaq üçün effektiv alət kimi çıxış edir. Bizim şəhərdə bu yanaşmanın avtobus zolaqlarına tətbiqi həm sürücülər, həm sərnişinlər, həm də şəhər infrastrukturunun dayanıqlığı üçün böyük fayda verə bilər", - deyə Rauf Ağamirzəyev yekunalşdırdı.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
redaktor.az

2Источники