RU

"Moşu" səhnədən getdi

İyun ayından Mingəçevir Dövlət Dram Teatrından ayrılmışam, artıq işləmirəm. Müqaviləm bitdi, uzatmadım. Sonuncu dəfə tatar yazıçısı Tufan Minnullin “Ərməğanlı Ərməndər” əsərini səhnələşdirdim və sonra da işdən ayrıldım.

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında 81 yaşlı Xalq artisti Valeh Kərimov deyib.

O bildirib ki, işdən öz istəyi ilə ayrılıb:

“Darıxıram, amma yol uzaq idi, hər dəfə Mingəçevirə gedib gəlmək olmurdu. Yaşım çoxdur, narahatlıqlarım olur. Başımı heç nə ilə qata bilmirəm. Evdə oturub krossvord həll edirəm. Yaxşı ki, krossvord var. Yəqin, respublikada yeganə krossvord yazan mənəm. Çünki ona heç kimin marağı yoxdur. Amma mən başımı onunla qatıram.

Həyat yoldaşım 10 ildir rəhmətə gedib, özüm-özümə baxıram. Kaş ki, hamı mənim kimi sağlam və gümrah olsun. Övladlarım da sağ olsun, amma onlara möhtac deyiləm. Zəhmətə öyrəşmiş adamam. Mən boş-bekar qalanda qocalıram, iş görəndə ömrüm uzanır. Televiziyada ancaq xəbərlər proqramını izləyirəm. Köhnə kinolarımıza baxıram, amma təzə kinolara hövsələm çatmır”.

Yeni Yasamalda yaşadığını deyən aktyor ərazidə həyətyanı sahənin olmamasından gileylənib:

“Həyət maşınlardan ibarətdir. Nə bir ağac, nə də bir oturacaq var. Maşınların arası ilə gedib marketdən çörək alıram. Prezident təqaüdü və yaşıma görə pensiya alıram. Dolanmağıma çatır”.

Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər “Bəxt üzüyü” filmində oynadığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.

Избранный
24
12
axar.az

10Источники