RU

Vardanyan Paşinyanın Bakı məhkəməsinə gətirilməsini niyə tələb edir?


Akif Nağı: “Vardanyan onu qanunsuz olaraq Qarabağa göndərənlərə bir mesaj yollayır ki, mən danışsam...”

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 16-da keçirilib.

Təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək bir neçə vəsatətinin olduğunu bildirib.

R.Vardanyan məhkəməyə müraciət edərək “ittiham edildiyi cinayət işi üzrə bəzi şəxslərin - Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin dindirilməsini” xahiş edib.

“...Ermənistanın baş nazirinin tapşırıqlarını yerinə yetirirdi”

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupunun üzvlərinin, BQXK-nın Azərbaycandakı nümayəndələrinin Bakı məhkəməsində dindirilməsini niyə tələb edir? O adamları məhkəməyə niyə çağırır, burda onun məqsədi nə ola bilər?

Vardanyanın bu tələbinə münasibət bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Vardanyan müəyyən addımlar atmaqla, müxtəlif taktikalardan istifadə etməklə diqqəti öz üzərində saxlamağa çalışır. “Bu hərbi canilərin içində Vardanyan özü ilə bağlı xüsusi bir münasibətə nail olub. Beynəlxalq aləmdə onun hüquqlarının müdafiəsilə bağlı müxtəlif komitələr yaradılır, hərəkətlər edilir. Bu da onun yaxınlarının sərf etdiyi pulun hesabınadır ki, Vardanyanı xüsusilə diqqətdə saxlayırlar. Gah ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar, gah müxtəlif səviyyələrdə azad olunmasını tələb edirlər. Vardanyan indiyə qədər susurdu, danışmaq istəmirdi, vəkili ilə də məsləhətləşib susmaq yolunu tuturdu, heç nə demək istəmədiyini göstərirdi. İndi danışmağa başlayıb. Belə bir deyim var: “Nə qədər çox danışsan bir o qədər səhv edərsən”. Danışdıqca Vardanyan hər şeyi açıb-tökməyə meyilli olduğunu göstərir. O da, digəri də yanlışlıqların, səhvlərin, cinayət hərəkətlərinin içərisindədir. Nə qədər özlərinə bəraət qazandırmaq istəsələr də, yenə də danışdıqca əlavə faktlar açıqlayacaqlar. Onların cinayət hərəkətləri ilə bağlı sübutlar ortaya çıxacaq. Ona görə də Vardanyan danışmamağa üstünlük verirdi. İndi danışmağa başlayıb və tələb edir ki, Paşinyan, həmsədrlər, BQXK-nın nümayəndələri məhkəməyə gəlsin, dindirilsin. Bir azdan deyəcək ki, Rusiyadan filankəsləri də şahid kimi məhkəmə çağırın. Çünki Vardanyanın cinayətləri çox sahələrlə bağlı olub. O, Qarabağa təsadüfən də gəlməmişdi, onun qarşısına müəyyən vəzifələr qoyulmuşdu. İndi hər kəs yaxasını kənara çəkir, amma o, Rusiya vətəndaşı kimi Rusiya rəhbərliyinin, bu ölkənin prezidentinin tapşırığı ilə Qarabağa gələ bilərdi. Başqa cür yol mümkün deyil. Ən azından, Rusiya prezidentinin, sonra isə Ermənistanın baş nazirinin tapşırıqlarını yerinə yetirirdi. Bunun başqa bir adı yoxdur, özbaşına heç nə edə bilməzdi. Özünün də müəyyən fəaliyyətləri oldu, özünü göstərməyə, orda “yeni bir xalq hərəkatı” yaratmağa çalışdı ki, guya bu “hərəkatın” “yeni lideridir”. Orda müəyyən hərkətlər etdi, aksiyalar keçirdi. Adamları yığıb aksiya keçirib Azərbaycan nümayəndələrinin, xüsusilə qızıl emalı müəssisələrinə girişinin qarşısını aldılar. Orda o, plandan kənar hərəkətlər də edirdi. Reytinqini qaldırmaq üçün şəxsi təşəbbüslər də göstərirdi. Onun çox işlərdən xəbəri var, çox cinayətlərdə iştirak edib və buna görə böyük məsuliyyət daşıdığını bilir.

Sualınıza gəlincə, burda məsələ belədir. Necə deyərlər, su meymunun boğazına çıxanda balasını da ayağının altına alır. Görür ki, heç kəs ona kömək edə bilmir, Paşinyan neytral mövqe tutur, Rusiya rəhbərliyi də ondan imtina etdi. Vardanyan onu qanunsuz olaraq Qarabağa göndərənlərə bir mesaj yollayır ki, mən danışsam sizin hamınız üçün pis olacaq, ona görə də tezliklə məni burdan çıxarmalısınız. Bu, cinayətkarlar dünyasının qanunlarından biridir. Bu şəkildə mesaj göndərilir ki, mən indiyə susmuşam, bütün məsuliyyəti öz üzərimə götürmüşəm, amma siz də mənim azad olunmağımla, bayıra çıxmağımla bağlı hərəkət etmirsinizsə sizin hamınızı bura gətirəcəyəm. Hesab edirəm ki, məsələnin bir tərəfi bununla bağlıdır. Yəqin ki, vəkili ilə məsləhətləşib və onları şahid qismində məhkəməyə dəvət edir. Onlar məhkəməyə gələcəklərsə onun onların şahid qismində söyləyəcəkləri sözə ehtiyacı var. Tutalım, həmsədrlərdən, yaxud BQXK-dan kimlərsə gələcəksə, onun onların deyəcəyi sözə ehtiyacı var. Həm həmsədrlərin, həm də BQXK-nın nümayəndələrinin həmişə ermənipərəst mövqedən çıxış etdiklərini bilirik. Vardanyan Paşinyanın gələcəyinə o qədər ümid etmir, amma nümayəndəsini göndərə bilər, o da bunun xeyrinə müəyyən məsələləri deyər. Məsələnin bu tərəfi var. Digər tərəfdən o, bu məsələnin əhatəsini genişləndirməyə çalışır, dünyanın diqqətini bir daha bura cəlb etmək üçün prosesə beynəlxalq bir status vermək istəyir ki, həmsədrlər, BQXK-nın nümayənələri məhkəməyə gəlsinlər və prosesə beynəlxalq aləmin diqqətini daha əgatəli şəkildə cəlb etsinlər”.

Onun məhkəmə prosesini beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə genişləndirmək məqsədi güddüyünü deyən A.Nağının sözlərinə görə, Vardanyanın ayrı-ayrı istiqamətlər üzrə maraqları var və nəyəsə nail olmaq istəyir. “Amma Azərbaycan tərəfin mövqeyi birmənalı oldu. Onun niyyətlərini başa düşürük ki, o, məsuliyyətdən qaçmaq, məsuliyyətini kimlərləsə bölüşmək istəyir. Ona görə məhkəmədə də bildirildi ki, bu məhkləməyə başqa bir format verməyə ehtiyac yoxdur. Bu məhkəmə hərbi canilər üzərində gedir. Sabah da, tutalım, Paşinyanın, Köçəryanın, Sarkisyanın və başqalarının günahları varsa məhkəmənin içində onlarla bağlı da məlumatlar üzə çıxır. Onların üzərində ayrıca bir məhkəmə prosesi qurulacaq, hökmən qurulacaq. Hələlik isə gedən məhkəmə prosesindən diqqəti bu şəkildə yayındırmağa ehtiyac yoxdur, konkret hərbi canilər var və onların üzərində obyektiv məhkəmə prosesi gedir, faktlar üzə çıxır, məhkəmə prosesi hökmlərin oxunmasına yaxınlaşıb. Belə bir vəziyyətdə bir məqsəd də ondan ibarətdir ki, Vardanyan hiss edir ki, artıq hökmlərin oxunması prosesi başlayacaq”. Vardanyanın bundan yayınmağa cəhd etdiyini deyən A.Nağı qeyd etdi ki, Azərbaycanın mövqeyi tam şəkildə qanuna, beynəlxalq hüquq normalarına uyğundur. A.Nağı əlavə etdi ki, məhkəmə Azərbaycan qanunlarına uyğun gedir və onun da təşəbbüsü məhkəmədə birmənalı şəkildə rədd edildi, gedən prosesə hələ ki, onların şahid qismində cəlb olunmasına ehtiyac yoxdur.

İradə SARIYEVA

Избранный
6
baki-xeber.com

1Источники