RU

Bakıda taksilərin qiyməti enə bilər


Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlər üçün yeni taksi terminalı istifadəyə verilib. Belə ki, şəhər mərkəzinə və əsas hotellərə gedən marşrutlar üzrə sabit tariflər müəyyən olunub. Hazırda aeroportdan şəhərə gediş 5-6 manatdan başlayır. 3–25 kilometr arası məsafələr üçün hər kilometrə 80–95 qəpik, 26 kilometrdən yuxarı məsafələr üçün isə 70 qəpik hesablanır. Bəs qiymətlər nə qədər münasibdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.Az-a açıqlamasında bildirib ki, hava limanının bu gün tətbiq etdiyi yeni qaydalar beynəlxalq təcrübəyə əsaslanır:
“Avropa və Asiya ölkələrinin bir çox şəhərlərində hava limanlarında ya yalnız özünəməxsus taksi xidməti fəaliyyət göstərir, ya da digər taksi şirkətləri də hava limanının rəsmi taksi servisi ilə yanaşı işləyə bilirlər.Qaydalara əsasən, taksi sürücülərinin xarici dil bilikləri olmalı, istifadə olunan avtomobillər komfortlu və təhlükəsiz olmalı, sürücülər nəzakətli, intizamlı və təcrübəli olmalıdır. Bundan əlavə, taksilərdə qeyri-nağd ödənişlərin aparılması üçün post-terminal quraşdırılmalıdır. Təxmin etmək olar ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının şərtləri də bu tələblərə uyğun olacaq”.
E.Cəfərov qeyd edibb ki, taksi qiymətləri dəyişən tariflər əsasında müəyyən edilir:
“Əgər hava limanından şəhərə olan marşrutlarda bu taksilərə tələbat azalarsa, qiymətlərin də enəcəyi gözlənilir. Ümumilikdə bütün taksi şirkətləri hava limanı ərazisinə daxil ola və sərnişin götürə bilirlər. Sadəcə olaraq, burada seqmentləşmə aparılır: hansı taksi şirkəti və hansı sürücü müəyyən şərtlərə cavab verirsə, ona xüsusi status verilir. Bu statusla onlar rəsmi olaraq hava limanı taksi xidmətində fəaliyyət göstərə bilirlər”.

Sevinc İbrahimzadə

Избранный
16
3
gender.az

4Источники