RU

Milli dərman sektorunda “inqilab” - xaricdən asılılıq azalır

Zülfüqar Yusifov: “Preparatların keyfiyyətindən narahat olmağa dəyməz, çünki...”

Azərbaycan peyvənd və insulin istehsalına başlayacaq. Bu barədə “Əczaçılar Klubu” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elnur Babayev “Minval”a bildirib. Onun sözlərinə görə, ölkədə yerli dərman istehsalı genişlənir və bu, idxaldan asılılığı 90%-dən 60%-ə qədər azaldacaq, eyni zamanda apteklərdə dərman vasitələrinin qiymətinin aşağı düşməsinə şərait yaradacaq.

“Hazırda Azərbaycan dərman preparatlarını əsasən Hindistan, Pakistan, Türkiyə və Avropadan idxal edir. Biz beş yeni əczaçılıq zavodu tikirik. Bir neçə fəaliyyət göstərən zavodumuz da var”, - mütəxəssis deyib.

Qeyd edək ki, 1970-1980-ci illərdə Azərbaycanda iki əczaçılıq zavodu olub, lakin sonradan onların texnologiyası köhnəldiyi üçün istehsal dayandırılıb.

Bəs hazırda ölkədə istehsal edilən dərmanların keyfiyyəti qaneedicidirmi? Gözlənti nədir? 

Ümumiyyətlə, Azərbaycanın dərman idxalından asılılığının bir sıra səbəbləri var. Ekspertlərə görə, bu məsələ təkcə tibbi deyil, həm də iqtisadi, texnoloji və sosial amillərlə bağlıdır. Ölkədə dərman istehsal edən müəssisələrin sayı məhduddur və mövcud zavodların istehsal gücü hər növ dərmana olan tələbatı tam qarşılamır. Eyni zamanda dərman istehsalı üçün lazım olan texnologiyalar bahalıdır və bu sahədə xüsusi laboratoriyalara, dəqiq standartlara uyğun şəraitə ehtiyac var. Dərman istehsalında istifadə olunan bir çox xammal və kimyəvi maddələr ölkədə istehsal olunmur, xaricdən gətirilir. Bu da ümumi asılılığı artıran amillərdən biridir. Bəzi hallarda dərmanları xaricdən gətirmək, onları yerli şəraitdə istehsal etməkdən daha ucuz və sərfəli olur. Bu, xüsusilə istehsalı bahalı olan və bazarda tələbatı az olan dərmanlara aiddir. Azərbaycan əhalisinin sayı və daxili bazarın ölçüsü də bəzi dərmanların ölkə daxilində istehsalını iqtisadi cəhətdən səmərəsiz edir.

Digər vacib məsələ isə bu sahədə ixtisaslı kadrların və elmi tədqiqat potensialının məhdud olmasıdır. Dərman istehsalı xüsusi bilik və təcrübə tələb edir. Ölkədə bu sahədə çalışan yüksək ixtisaslı əczaçı və texnoloqların sayı azdır. Dərmanların hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətə nəzarət kimi mərhələlərdə tədqiqat institutlarının rolu böyükdür, lakin bu sahədə də müəyyən boşluqlar mövcuddur. Dərman istehsalına başlamaq və məhsulu bazara çıxarmaq üçün ciddi normativ-hüquqi tələblər var. Yeni dərmanların qeydiyyatı, sertifikatlaşdırılması və təsdiqlənməsi uzun vaxt aparan prosesdir. Bu da istehsalın inkişafına maneə törədən amillərdəndir. 

Bütün bunlara əlavə olaraq, ölkədə artıq illərdir formalaşmış dərman idxalı təcrübəsi və xarici şirkətlərlə qurulmuş münasibətlər də bu sahədə mövcud vəziyyətin qorunmasına səbəb olur. İnsanlar və həkimlər xarici istehsal olan bəzi tanınmış dərmanlara daha çox etibar edirlər, bu da yerli məhsullara marağın az olmasına gətirib çıxarır. Nəticə etibarilə Azərbaycanın dərman idxalından asılılığını azaltmaq üçün həm infrastruktur, həm iqtisadi, həm də elmi və texnoloji sahədə ciddi addımlar atılmalıdır. Son illərdə bu istiqamətdə müəyyən işlər görülsə də, prosesin tam səmərəli olması üçün zaman və davamlı dəstək tələb olunur.

Yeri gəlmişkən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 9,5 milyon manat dəyərində dərman istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon manat və ya 29% çoxdur. Belə ki, 2024-cü ilin ilk 7 ayında ölkədə 7,3 milyon manat dəyərində dərman istehsal edilmişdi. Bu il avqustun 1-i tarixinə ölkədə 480,3 min manatlıq hazır dərman ehtiyatı var. Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 1,9 milyon ədəd tibbi maska istehsal edilib ki, bu da illik müqayisədə dəyişməsə də son iki ildə 0,4 milyon ədəd və ya 26,7% artım deməkdir.

Medicina.az

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Dərman sənayesi sahəsində bir sıra yeniliklər var. Eyni zamanda xaricdən gətirilən dərmanlardan asılılığın azaldılması nəzərdə tutulur. Bu məsələni tamamilə həll etmək çətindir. Çünki Azərbaycan kimi ölkələr üçün bütün növ dərmanları istehsal etmək həm mümkün deyil, həm də lazım deyil. Amma çox vacib, tələbata uyğun olan dərmanların istehsalı istiqamətində işlər gedir.

Bu işlərin həyata keçirilməsi yalnız yerli şirkətlər tərəfindən aparılmır. Yerli şirkətlərin dünyada təcrübəsi olan digər şirkətlərlə birgə qurduqları zavodlar var. Bundan əlavə, həmin xarici şirkətlərin ölkəmizdə qurduqları zavodlar da fəaliyyət göstərir. Eyni zamanda bu işlər görülərkən hazırkı dünya standartlarına uyğun bütün tələblər öyrənilir. Bu baxımdan ölkədə istehsal olunan dərmanların keyfiyyəti ilə bağlı rahat şəkildə deyə bilərik ki, onlardan arxayın olmaq olar. Çünki bu dərmanlar bəlli texnologiya əsasında istehsal olunur. Bunlar ən müasir texnologiyalardır və Azərbaycana gətirilərək tətbiq edilir. Dünya təcrübəsinin öyrənilməsi, eyni zamanda digər ölkələrdən olan mütəxəssislərin cəlb olunması ilə, həmin ölkələrin şirkətləri ilə birgə istehsal prosesi həyata keçirilir".

Baş həkimin qənaətincə, bu sahəyə tətbiq olunan nəzarət mexanizmləri də deməyə əsas verir ki, dərmanların keyfiyyətindən narahat olmağa dəyməz: “Getdikcə bu prosesin daha da sürətlənəcəyi gözlənilir. Çünki bu, bir tərəfdən tibbi proses olsa da, digər tərəfdən biznes maraqlarını ehtiva edən bir prosesdir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Избранный
48
musavat.com

1Источники