Bu gün şanlı Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror əməliyyatının üzərindən 2 il keçir.
Üstəlik, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman əsgərlərimiz sadəcə 23 saat ərzində bu tarixi zəfərə nail oldular. Bu zəfərin əhəmiyyəti isə kifayət qədər böyük oldu. İlk növbədə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə işğaldan azad olundu. Qarabağdakı qondarma qurum özünü buraxdığını elan etdi. Separatçılar və orada yaşayan ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Ən əsası da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.
Onu da qeyd edək ki, bu tarixi zəfərlərin əldə olunduğu günlər də əbədiləşdirilib. Belə ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin 20 sentyabrı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.
19 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunmasına qərar verildi.
Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında bildirib ki, antiterror əməliyyatını təkcə hərbi əməliyyat kimi deyil, həm də uzun sürən geosiyasi gərginliyə nöqtə qoyan tarixi hadisə kimi qiymətləndirmək lazımdır:
"30 ilə yaxın müddətdə separatizmin yuvasına çevrilmiş ərazilər bu əməliyyat sayəsində tam şəkildə Azərbaycanın nəzarəti altına keçdi. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan Silahlı Qüvvələrinin dəqiqliklə və mülki əhalini qoruma prinsipi əsasında həyata keçirdiyi bu əməliyyat siyasi və psixoloji üstünlüyün bərpası baxımından da əhəmiyyətli idi.
Hərbi baxımdan sadəcə 23 saat davam edən əməliyyat Ermənistan tərəfindən silahlandırılan terrorçuların müqavimətini qısa zamanda sındırdı. Üstəlik, Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmaqla beynəlxalq hüququn normalarına tam uyğun davrandı".
Ekspert vurğulayıb ki, antiterror əməliyyatı yalnız hərbi uğur deyil:
"Bu əməliyyatlarla uzun illər işğalda qalmış qalmış Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımız dalğalandı. Bu şəhərlərdə Azərbaycan hüquq-mühafizə orqanlarının yerləşdirilməsi və idarəetmə strukturunun qurulması artıq "status" müzakirələrinin bitdiyini, ölkə daxilində paralel qurumların mövcudluğuna son qoyulduğunu bir daha göstərdi.
2023-cü ilin sonunda Xankəndidə, Xocalıda və digər azad edilmiş ərazilərdə Azərbaycan dövlət atributları bərpa edildi, 2024-cü ildən etibarən bu şəhərlərdə şəhər günlərinin qeyd olunmağa başladı. Həmçinin, 20 sentyabr da Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Əlbəttə ki, bunların hər biri milli yaddaşın və vətəndaşlıq kimliyinin bərpasına yönəlmiş simvolik addımlar idi. Bu, Azərbaycanın bütün ərazisində suverenliyini tam bərpa etdiyini rəsmiləşdirən və tarixə yazan mühüm bir əməliyyat idi".
Pərviz