RU

Azərbaycanda “yaşıl” keçidə beynəlxalq maliyyə dəstəyi artır

Son illərdə dünyada alternativ enerji mənbələrinin inkişafı beynəlxalq maliyyə təşkilatlarının əsas hədəflərindən birinə çevrilib. Xüsusən də 2022–2024-cü illərdə bu istiqamət daha da sürətlənib. Həmin dövrdə təkcə Azərbaycanda bərpaolunan enerji mənbələrinə 600 milyon dollardan artıq sərmayə cəlb olunub. Avrasiya İnkişaf Bankının (AİİB) hesabatına görə, sözügedən illərdə ümumilikdə, Avrasiya regionuna bu sahə üzrə yatırılan vəsait 3 milyard dolları ötüb. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildən bəri bütün dövr ərzində bu sahəyə yönəldilmiş ümumi investisiya 4,4 milyard dollar səviyyəsindədir.

Hesabat göstərir ki, 2022–2024-cü illərdə regionda ən iri maliyyə dəstəyini Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB – 1,4 milyard dollar, 47 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (IFC – 426 milyon dollar, 14 faiz) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB – 385 milyon dollar, 13 faiz) təmin edib. Bu sərmayələrin əsas benefisiarları isə Özbəkistan (1,8 milyard dollar), Azərbaycan (675 milyon dollar) və Qazaxıstan (280 milyon dollar) olub.

Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan layihələr sırasında 2024-cü ildə təsdiqlənmiş 170 milyon dollar dəyərində kredit də var. AİİB-in ayırdığı bu vəsait ölkəmizdə Bankə və Biləsuvarda iki günəş elektrik stansiyasının tikintisi, istismarı və texniki xidmətinə yönəlib. Layihənin ümumi dəyəri 670 milyon dollar təşkil edir və maliyyələşmədə AYİB də daxil olmaqla digər beynəlxalq qurumlar da iştirak edir.

Beynəlxalq maliyyə təşkilatları bərpaolunan enerji sektorunda əməkdaşlıq prinsipi ilə də fəaliyyət göstərirlər. 2022–2024-cü illərdə bu formatda həyata keçirilən layihələrin dəyəri 2,4 milyard dollara çatıb. Onların maliyyələşməsində əsas pay IFC-yə (807 milyon dollar) məxsusdur. Bundan başqa, Asiya İnkişaf Bankı 512 milyon dollar, AYİB 441 milyon dollar, AİİB isə 355 milyon dollar ayırıb.

Birgə maliyyələşdirmə ən çox Özbəkistan (1 milyard dollar), Azərbaycan (326 milyon dollar) və Qazaxıstanda (90 milyon dollar) enerji layihələrində həyata keçirilib. Bundan başqa, Monqolustanın (310 milyon dollar) və Özbəkistanın (161 milyon dollar) maliyyə sektoruna da böyük həcmdə vəsait yönəldilib.

2008–2024-cü illər ərzində Azərbaycanda qeyri-suveren əməliyyatların ümumi həcmi 2,6 milyard dollar olub. Bu vəsaitin böyük hissəsini Avropa Yenidənqurma və İnkişaf Bankı (848 milyon dolları) və Asiya İnkişaf Bankı (791 milyon dollar) təmin edib. Beynəlxalq Maliyyə Korporasiyası 209 milyon dollar, Asiya İnfrastruktur İnvestisiya Bankı isə 170 milyon dollar ayırıb. Əsas sərmayələr energetika (714 milyon dollar) və maliyyə sektoruna (517 milyon dollar) yönəlib.

Statistik məlumatlara görə, 2008–2010-cu illərdə Azərbaycanın illik orta maliyyələşdirmə həcmi 108 milyon dollar olub. 2022–2024-cü illərdə bu rəqəm 280 milyon dollara yüksəlib. Yəni son illərdə artım təxminən 2,6 dəfə təşkil edib.

Ümumilikdə 2008–2024-cü illərdə beynəlxalq maliyyə təşkilatları Cənubi Qafqaz ölkələri üçün 11,3 milyard dollar həcmində qeyri-suveren maliyyələşdirməni təsdiqləyib. Bu göstərici regionun Avrasiya miqyasında payını da artırıb: əgər 2008–2010-cu illərdə Cənubi Qafqazın payı 9 faiz idisə, 2022–2024-cü illərdə bu göstərici artıq 20 faizə çatıb. Təkcə 2022–2024-cü illərdə Avrasiya regionunda qeyri-suveren maliyyələşdirmənin ümumi dəyəri 16,4 milyard dollar olub. Bunun 6,5 milyard dollar (40 faiz) Avrasiya İnkişaf Bankının, 3,6 milyard dollar (23 faiz) AYİB-in, 2,8 milyard dollar (17 faiz) isə Dünya Bankı Qrupunun payına düşür. Azərbaycanın payı bu dövrdə 840 milyon dollar təşkil edib.

Sektorlar üzrə bölgü göstərir ki, beynəlxalq maliyyə təşkilatlarının ən çox diqqət ayırdığı sahə maliyyə sektoru olub (5,4 milyard dollar, ümumi dəyərin 33 faizi). Energetika isə 4,8 milyard dollar ilə (29 faiz) ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, Avrasiya İnkişaf Bankı 2006-cı ildə təsis edilib və əsas məqsədi üzv ölkələrin iqtisadi inteqrasiyasını dəstəkləmək, regional layihələrin maliyyələşməsini təmin etməkdir. Bankın təsisçiləri Rusiya və Qazaxıstan olmuşdur. Bank son illərdə xüsusən energetika, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrinə diqqəti artırıb.

Bankın hesabatlarında qeyd olunur ki, “yaşıl enerji” və rəqəmsallaşma istiqamətləri onun yeni prioritetlərindən biridir. Azərbaycanın enerji layihələrində iştirak etməsi isə həm regionda enerji keçidinə, həm də ölkəmizin "yaşıl enerji zonası" strategiyasına töhfə verir.

Nurlan ABDALOV
XQ

Избранный
4
1
xalqqazeti.az

2Источники