RU

Vətən üçün canını fəda edən qəhrəman - Əkrəm Kəlbiyev

Biləsuvar, 19 sentyabr, İlkin Adıyev, AZƏRTAC

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatı ilə bölgədə illərlə mövcud olmuş qanunsuz separatçı rejimə son qoyuldu. Bu qətiyyətli addım nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri üzərində tam dövlət suverenliyi təmin edildi. Tarixi Qələbə kimi yadda qalan həmin əməliyyat zamanı çoxsaylı igid oğullarımız şəhidlik zirvəsinə ucaldı. Onların biri də Əkrəm Faiq oğlu Kəlbiyevdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu olan Əkrəm Kəlbiyev 1993-cü il avqustun 13-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. O, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı zamanı Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Valideynləri Əkrəmin uşaqlıqdan vətənpərvər və cəsur olduğunu, hər zaman böyüklərə və kiçiklərə hörmətlə yanaşdığını bildirirlər. Uşaqlıqdan çox çalışqan, haqqın tərəfini saxlayan və qarşısına qoyduğu məqsədə çatan biri olmuşdur.

Əkrəmin atası Faiq Kəlbiyev: “Əkrəm uşaqlıqdan mənim fəxrim idi. Onun davranışlarında elə bir nəciblik vardı ki, həm böyüklərə hörməti, həm də kiçiklərə qayğısı ilə seçilirdi. Zəhmətsevərliyi, haqqı uca tutması, qarşısına qoyduğu məqsədə çatmaqda göstərdiyi iradəsi hər kəsin diqqətini çəkirdi. Amma mənim üçün o, sadəcə igid bir övlad deyildi, həm də evimizin dayağı, ailəmizin sevinci idi. İndi onun yoxluğunu hər an hiss edirəm, amma Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyuram”.

Şəhidin anası Yenigül Kəlbiyeva oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmir. O deyir: “Əkrəm mənim canım, ürəyim idi… Onu itirmək mənim üçün dünyanın ən ağır dərdidir. Hələ balaca ikən gözlərində bir mərdlik, bir cəsarət vardı. Hər zaman böyüyə hörmətlə yanaşar, kiçikləri qoruyardı. Oğlum çox zəhmətsevər, haqqın tərəfində dayanan insan idi. Evə gələndə səsi, gülüşü ilə ocağımızı işıqlandırardı. İndi isə o səs, o gülüş yoxdur… Bilirəm ki, o, Vətən üçün canını fəda edərək əbədiyyətə qovuşdu. Qürur duyuram, fəxr edirəm, amma qəlbim onun yoxluğuna hələ də alışa bilmir…”.

Əkrəmin mərdliyi, cəsarəti və fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq. Onun xatirəsi daim ürəklərdə yaşayacaq, Vətən uğrunda göstərdiyi igidlik heç vaxt unudulmayacaq.

Qeyd edək ki, Əkrəm Kəlbiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Избранный
26
1
azertag.az

2Источники