RU

Ədibə İsmayılova : Milli kitabxanalar intellektual sərvəti qoruyan vacib bir qurumdur

Bakı, 19 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC

102 il əvvəl 5 min nüsxə kitabla fəaliyyətə başlayan Azərbaycan Milli Kitabxananın fondunda bu gün 4 milyon 702 min 735 nüsxə ədəbiyyat toplanıb. Zəngin kitab fonduna malik Milli Kitabxanada Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri –əlyazma kitabları, daşbasma üsulu ilə çap olunmuş və ilk çap kitabları, XIX əsrdən bu günədək nəşr olunan dövri mətbuat nümunələri toplanıb. Kitabxana öz fəaliyyətində kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi sərvətlərin toplanılması, mühafizəsi və onlardan istifadə imkanlarının artırılması sahəsində mühüm addımlar atıb. Milli Kitabxananın maddi-texniki təminatı xeyli yaxşılaşıb, müasir tipli informasiya texnologiyaları ilə təchizatı gücləndirilib. Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova AZƏRTAC-a müsahibəsində kitabxananın keçdiyi zəngin tarixi inkişaf yolu, müasir dövrdə həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri, innovativ xidmət modelləri və kitabxana-informasiya sahəsində süni intellekt texnologiyalarının rolundan danışıb.

Nadir kitablar

Ədibə İsmayılova Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsi barədə məlumat verib. Qeyd edib ki, burada dünyanın 20‐ə yaxın dilində ən qədim kitablar, müxtəlif elm sahələrinə aid fundamental tədqiqat əsərləri, qiymətli sorğu ədəbiyyatları mühafizə olunur. Nadir kitablar fondunda dünyanın ən qədim nəşriyyatlarından biri olan “Elzevir qardaşları nəşriyyatı”nın zəngin kolleksiyası mühafizə edilir. Bu kolleksiyanın latın dilində “Homerin Hesiodla mübahisəsi”ni (Anno,1573) kitabxananın ən qədim kitabı kimi göstərmək olar. Milli Kitabxananın kolleksiyasında XVI əsrə aid qədim çap kitabları içərisində nadir nəşrlərdən biri kimi “Türklər haqqında 10 nəsihət” (Yena şəhəri, 1595, alman dilində) hesab edilir. Nadir kitablar fondunda Qafqazşünaslığa, xüsusilə də Azərbaycanşünaslığa dair 600‐dən yuxarı unikal kitab və jurnal materialı mühafizə olunur. Həmin nəşrlər Qafqazda yaşayan xalqlar haqqında, əsasən də, Azərbaycan xalqı, onun tarixi, coğrafiyası, ədəbiyyatı, etnoqrafiyası, mədəniyyəti, milli xüsusiyyətləri və adət‐ənənələri haqqında zəngin məlumat verir.

Azərbaycan ədəbiyyatının arxivi fondunda məzmun və tarixilik baxımından bir sıra qiymətli kitablar vardır. Belə nadir kitablardan A.A.Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunan “Qanuni-Qüdsi”əsəri, Füzulinin 1849-cu ildə Təbrizdə çap olunan “Divan”ı, “Bəngü Badə”(1845) və “Leyli və Məcnun”(1858) əsərləri, M.F.Axundzadənin “Təmsilatı”nın (1860) Tiflis nəşri və başqa əsərləri qeyd etmək olar. Milli Kitabxananın fondunun mühüm tərkib hissələrindən birini dövri nəşrlər təşkil edir. Kitabxananın Azərbaycan ədəbiyyatının arxivi fondunda mətbuat tariximizin misilsiz bir hissəsinə idi 1875-1930-cu illəri əhatə edən qəzet materiallarının orijinalları və fotosurətləri, eləcə də Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan jurnal komplektləri qorunub saxlanılır.

Kitabxanada saxlanılan milli mətbuatımızın ilk qaranquşu hesab olunan, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoyan təbiətşünas alim, maarifpərvər ziyalı Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti (1875), ən qədim milli jurnal isə “Molla Nəsrəddin” (1906) və “Dəbistan”dır (1906). 1875-1877-ci illərdə iki həftədə bir dəfə çıxmaqla “Əkinçi” qəzetinin 56 nömrəsi buraxılıb. Milli Kitabxananın Azərbaycan ədəbiyyatı arxivi fondunda “Əkinçi” qəzetinin 1875-1877-ci illərə dair orijinal nüsxələrinin tam komplekti mühafizə olunur. XIX əsrin sonu XX əsrin əvvəllərində nəşr edilmiş müxtəlif qəzetlərin tam komplektlərinin elektron versiyası yaradılıb və kitabxananın saytında “E-dövri mətbuat” bölməsində yerləşdirilib. Hazırda kitabxanada dövri mətbuat nümunələrinin elektronlaşdırılması işi davam etdirilir. Ötən əsrin ikinci onilliyində qədim yurd yerimiz İrəvanda Azərbaycan dilində "Lək-lək"(1914), "Bürhani-həqiqət", "Zəngi"(1924-1927), "Qızıl Şəfəq"(1927-1937) kimi qəzet və jurnallar nəşr olunurdu. Bu qəzetlər İrəvanın mədəni, ictimai-sosial həyatında baş vermiş hadisələrin işıqlandırılmasında böyük əhəmiyyət kəsb edirdilər. Milli Kitabxanada Qərbi Azərbaycanda, İrəvanda Azərbaycan dilində nəşr olunan qəzetlərin nüsxələri mühafizə olunur. Qəzetlər oxucuların istifadəsi üçün elektronlaşdırılıb. Bu gün bu sənədlər Qərbi Azərbaycanda ədəbiyyatımızın, mətbuat və mədəniyyətimizin və bütövlükdə mədəni irsimizin tədqiqi ilə bağlı böyük əhəmiyyət kəsb edir.

Hazırda Kitabxanamızda dövri mətbuat nəşrlərinin böyük əksəriyyəti, 198 adda qəzet – “Əkinçi”, “Açıq söz”, “Al bayraq”, “Asari Həqiqət”, “Azərbaycan”, “Bəsirət”, “Doğru söz”, “Doğru yol”, “El”, “Gənc işçi”, “Günəş”, “Həyat”, “Hilal”, “Hümmət”, “Hürriyyət”, “İttihad” və s., 878 adda isə jurnal – “Molla Nəsrəddin”, “Dəbistan”, “İnqilab və mədəniyyət”, “Maarif işçisi”, “Maarif yolu”, “Zənbur”, “Мусульманский мирь”, (Musulmanskiy mir) və s. elektron sənəd formasında istifadəçilərə təqdim olunur. Milli Kitabxanada aparılan bu iş Azərbaycanın milli mətbuat sərvətlərinin qorunması üçün böyük əhəmiyyətli mənbələr hesab edilir. Elektron versiya isə onları indiki istifadəçilər və gələcək nəsillər üçün saxlayaraq istifadəsini təşkil etməyə şərait yaradır.

Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”

Müsahibim kitabxanada saxlanılan Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”ndan da danışıb. Vurğulayıb ki, Fonoteka fondunda 30 minə yaxın səsyazma qorunub saxlanılır. Kitab, qəzet və jurnalların elektron versiyaları ilə yanaşı, Milli Kitabxananın fondunda olan musiqi ədəbiyyatının, not nəşrlərinin elektron versiyalarının bazaları da yaradılaraq oxucuların istifadəsinə verilib Qədim köklərə malik olan Azərbaycan musiqisinin çoxəsrlik inkişaf tarixi var, xalqın əsrlər boyunca yaratdığı musiqi sərvətlərinin qorunub saxlanmasında və nəsildən-nəsilə ötürülməsində Milli Kitabxananın rolu böyükdür. Azərbaycanın musiqi irsinin mühafizəsi və təbliği istiqamətində Milli Kitabxananın həyata keçirdiyi bəzi layihələri qeyd etmək istərdim. Milli Kitabxananın arxiv fondunda mühafizə olunan 30 min qramafon valının CD disklərə köçürülərək elektron bazası yaradılıb. 1960-cı ildən 1990-cı ilə qədər müxtəlif səsyazma şirkətləri tərəfindən buraxılmış bu qrammafon vallarında dünyanın və Azərbaycanın musiqi irsi öz əksini tapır. Milli Kitabxana tərəfindən “Elektron musiqi kitabxanası” layihəsi həyata keçirilib. Hazırlanan elektron baza Azərbaycanda yeganə olan bu nadir “Səsyazıları fondu”nun mühafizəsində və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Qısaca olaraq “Elektron musiqi kitabxanası”nın mühüm tərkib hissəsi olan Azərbaycan musiqisi bölməsi haqqında məlumat vermək istərdim. Azərbaycan musiqisi bölməsində muğam ensiklopediyası, Azərbaycan bəstəkarlarının antologiyası, milli dram teatrının qızıl səhifələri, uşaqlar üçün mahnılar, tematik toplular, 72 Azərbaycan bəstəkarının əsərlərinin səsyazıları, vokalistlər, alətçilər, xanəndə və müğənnilər, çalğıçılar, kollektivlər, aşıqlar eyni zamanda Azərbaycan estrada müğənnilərinin səsyazıları yer alır. Milli musiqi xəzinəmizin unikal nümunələrini özündə birləşdirən bu məlumat bazasına daxil olan səsyazılarının daha geniş təbliğinə nail olmaq məqsədilə Milli Kitabxana tərəfindən onların kataloqları da tərtib edilib. Musiqişünaslar, ali, orta ixtisas və musiqi məktəblərinin tələbə və müəllimləri üçün nəzərdə tutulmuş bu kataloqun 3 buraxılışı nəşr olunaraq yayılıb və onların elektron resursu isə kitabxananın saytında yerləşdirilib. Səsyazılarından oxucuların səmərəli istifadəsini təmin etmək məqsədilə fonoteka zalı da təşkil olunub. Azərbaycan musiqisinin dünyada və respublikada geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı layihə həyata keçirilib. Azərbaycan Milli Kitabxanasının əməkdaşları beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını mp-3 formatında yerləşdiriblər. Bura Azərbaycanın Dövlət Himni, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi şedevrlərin həm notu, həm də səs yazısı, korifey ifaçılarımızdan ölməz Bülbülün, Xan Şuşinskinin, unudulmaz Rəşid Behbudovun, Lütfıyar İmanovun, Habil Əliyevin və digər görkəmli sənətkarlarımızın ifasında xalq və bəstəkar mahnılarımızın lent yazıları yerləşdirilib.

Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı

Ədibə İsmayılova Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi haqqında da ətraflı məlumat verib: “Layihə çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə məxsus olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron nüsxələrinin Milli Kitabxanaya gətirilməsi həyata keçirilir. Həmin layihə çərçivəsində Azərbaycan ədəbiyyatı klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmalarının elektron nüsxələri Milli Kitabxanaya gətirilib. “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron baza yaradılıb. Milli Kitabxanada kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində atılan ciddi addımlar nəticəsində oxuculara xidmət işinin müasir növləri tətbiq edilir və bu iş gündən-günə genişləndirilir. Oxucu sorğularının ödənilməsində elektron kataloq aparıcı rol oynayır. Elektron kataloq ənənəvi kataloqdan axtarışın müxtəlifliyinə görə fərqlənir və elektron kataloq ədəbiyyat fondu haqqında ənənəvi kataloqdan daha dolğun biblioqrafik məlumata malik olduğundan, oxucuya çoxelementli və çoxsəviyyəli axtarış imkanları təklif edir. Digər tərəfdən, oxucu elektron kataloq vasitəsilə uzaq məsafədən ədəbiyyat axtarışı apara bilir və istədiyi kitabı sifariş verə bilir. Telekommunikasiya vasitələri qeyri-məhdud sayda oxucuya eyni zamanda elektron kataloqda biblioqrafık təsvirin bütün əsas elementləri və avtoritet yazılar üzrə axtarış aparmaq, kitabxana fondunda olan ədəbiyyatı sifariş etmək imkanı yaradır”.

Açıq Kitabxana - sərbəst mütaliə məkanı

Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Milli Kitabxananın nəzdində həftənin bütün günləri fəaliyyət göstərən “Açıq Kitabxana - sərbəst mütaliə məkanı” yaradılıb. Bu gün yeni tipli Açıq kitabxanada oxucuların elektron-informasiya xidmətlərindən yararlanması üçün də əlverişli şərait mövcuddur. Açıq Kitabxanada Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqları və ödənişsiz Wi-Fi şəbəkəsi quraşdırılıb. Burada elektron xidmətlərin genişləndirilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin daha da artırılması məqsədilə Açıq kitabxananın saytı fəaliyyət göstərir. Sayt vasitəsilə oxucular Açıq kitabxananın virtual sifariş xidmətlərindən yararlanır, onun fondunda olan kitablarla onlayn tanış olur, lazım gəldikdə seçdikləri kitabı sifariş edə, eyni zamanda burada keçirilən tədbirlər haqqında məlumat əldə edə bilirlər. Həmçinin oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanı vardır.

Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılması çox aktual və vacib məsələdir

Milli Kitabxananın beynəlxalq əlaqələr və beynəlxalq kitab mübadiləsi sahəsində fəaliyyəti gündən-günə genişlənir. Kitabxananın beynəlxalq əlaqələrinin ən əyani nümunələrindən biri onun professional beynəlxalq təşkilatlarda təmsil olunması və iştirakıdır. Ədibə İsmayılova bildirib ki, Milli Kitabxana 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının - BAE üzvü və 5 təsisçisindən biridir. Həmçinin Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları təşkilatının – İFLA-nın, Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının – CENL-in üzvüdür. Eyni zamandan Türkdilli Ölkələrin Milli Kitabxanaları Birliyinin və İƏT Üzvü Olan Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarındandır. Milli Kitabxana bu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən illik toplantılarında və konfranslarında mütəmadi olaraq iştirak etməklə yanaşı, bu tədbirlərin təşkilatçısı və ev sahibi qismində də çıxış edir. CENL-in, BAE-nin, İƏT üzvü olan və Türkdilli ölkələrin milli kitabxanalarının növbəti toplantıları Bakıda böyük uğurla keçirilib. Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan çox ölkəsinin milli və universitet kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalayıb, 90-dan artıq ölkə kitabxanaları ilə kitab mübadiləsini həyata keçirir. Qarşılıqlı beynəlxalq kitab və informasiya mübadiləsi, elektron resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəlxalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş nəşr materiallarının qarşılıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Milli Kitabxana tərəfindən son iki ildə 6 ölkənin milli kitabxanasında (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Qətər, Özbəkistan) qarşılıqlı razılaşma əsasında daimi "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb. Kitabxana türkdilli ölkələrin mədəni dəyərlərinin təbliğində mühüm rol oynayan TÜRKSOY təşkilatı ilə səmərəli əməkdaşlıq edir və mütəmadi olaraq həm Azərbaycanda, həm TÜRKSOY-un iqamətgahında, həm də türkdilli ölkələrdə birgə mədəniyyət tədbirləri, yubileylər təşkil olunur, elmi konfranslar və kitab təqdimatları keçirilir. 2024-cü ilin dekabrında Azərbaycan Milli Kitabxanasında Türk Dünyası Milli Kitabxanaları Birliyinin təsis iclası keçirilib. Birliyin idarəedici orqanı olan Direktorlar Şurası yaradılıb. Milli Kitabxananın direktoru professor Kərim Tahirov yekdilliklə birliyə sədr seçilib. Türk dünyası dövlətlərinin milli kitabxanaları arasında əlaqələrin qurulması, vahid türk ədəbiyyatının elektron kataloqunun və elektron kitabxanasının yaradılması və habelə türkdilli ölkələrin kitabxanaları arasında aktiv kitab və informasiya mübadiləsinin, təcrübə mübadiləsinin təşkili məqsədilə bu gün Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılması çox aktual və vacib məsələdir.

Kitabxana-informasiya sahəsində süni intellekt tətbiq olunur

Son illər süni intellekt müxtəlif sahələrdə, o cümlədən kitabxana - informasiya sahəsində geniş istifadə olunur. Ədibə İsmayılova kitabxana-informasiya sahəsində süni intellektin tətbiqinin kitabxana proseslərini təkmilləşdiməyə və istifadəçilərə daha səmərəli informasiya xidmətləri təqdim etməyə kömək edən bir çox üstünlüklərindən danışıb: “ Kitabxana - informasiya sahəsində süni intellektdən istifadə materialların indeksləşdirilməsi və kataloqlaşdırılması, istifadəçi sorğularının işlənməsi, məlumatların təhlili və s. kimi bir çox gündəlik işləri avtomatlaşdırmağa imkan yaradır. Bu, kitabxanalara vaxt və resurslara qənaət etməyə, proseslərin səmərəliliyini artırmağa kömək edir. Süni intellektin kitabxana - informasiya sahəsinə tətbiqi biblioqrafik bazaların, ilk növbədə elektron kataloqun axtarış imkanlarının təkmilləşdirilməsinə yardımçı olur. Süni intellekt kitabxanadakı sənədləri avtomatik indeksləşdirmək və təsnif etmək üçün də əlverişlidir. Həmçinin maşın öyrənmə alqoritmləri və neyron şəbəkələrindən istifadə edərək sistem sənədlərin məzmununu təhlil edə və onlara müvafiq açar sözlər və kateqoriyalar təyin edə bilər. Bu, kitabxanada axtarışı asanlaşdırır. Süni intellekt fərdiləşdirilmiş ədəbiyyat tövsiyələri təklif etmək üçün istifadəçilərin seçimlərini, oxuma tarixçəsini və digər məlumatları təhlil edə bilər. Bu da istifadəçilərə yeni və maraqlı məzmun tapmağa kömək edir. Həmçinin süni intellekt istifadəçi suallarına cavab verə bilən, məlumatların axtarışına kömək edən və yardım xidmətləri göstərən virtual köməkçilər və “chatbotlar “yaratmaq üçün də istifadə oluna bilər. Bu istənilən vaxt, istənilən yerdə məlumat əldə etməyə imkanı verir. Süni intellekt kitabxanadakı kitablar, məqalələr və digər materialların istifadəçi rəylərini və reytinqlərini təhlil etmək üçün də yetərlidir. Gələcəkdə istifadəçilərə məlumat axtarmağa, suallara cavab verməyə və digər xidmətlər göstərməyə kömək edəcək virtual köməkçilər süni intellekt texnologiyalarına əsaslanacaq. Kitabxana-informasiya sahəsində süni intellektin inkişafı gözlənilir, bu da onu daha effektiv və istifadəçilər üçün əlçatan edəcək”.

Hazırda milli kitabxanalar ölkə üçün mühüm əhəmiyyətə malik bir informasiya, sənəd-kommunikasiya, mədəniyyət müəssisəsi, milli intellektual sərvəti qoruyan vacib bir qurum rolunu oynayır. Eyni zamanda ölkənin kitabxana sisteminin aparıcı orqanı, başlıca olaraq cəmiyyətin informasiya təminatını həyata keçirən sosial institutdur. Zaman keçdikcə, informasiyanın yazılmasının, saxlanmasının, ötürülməsinin, istifadəsinin yeni-yeni vasitələrinin meydana gəlməsi milli kitabxanaların ölkə, millət üçün əhəmiyyətini nəinki azaltmır, hətta daha da artırır.

 

 

Избранный
56
1
azertag.az

2Источники