RU

Şəhidlərdən qalan əmanət: "Antiterror"un ən gənc şəhidinin anasına SON HƏDİYYƏSİ

Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurətə çevrildi. 

Nəticədə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Məhz uğurla aparılan həmin əməliyyatdan sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı yüksəldi, ölkəmizin ərazi bütövlüyü tamamilə bərpa edildi. 

Bu tarixi zəfəri bizə yaşadan, suverenliyimizi bərpa edən, Ermənistanın bölgədə bütün hərbi hissələrini məhv edən və bizə əbədi sülhü qazandıran 192 nəfər şəhidlik zirvəsinə ucalaraq uşaqdan - böyüyə hamımızın qəhrəmanına çevrildi. 

AzEdu.az xəbər verir ki, Modern.az-ın “Şəhidlərdən qalan əmanət” rubrikası bu gün antiterror əməliyyatlarının ən gənc şəhidi Zeynal İsmiyevə həsr olunur.

İsmiyev Zeynal Mustafa oğlu 2005-ci il iyulun 2-də Lənkəran şəhərində dünyaya gəlib. 5-ci sinifə qədər Hövsan qəsəbəsindəki 280 nömrəli məktəbdə oxuyub, sonra təhsilini Köhnə Günəşlidəki 263 nömrəli məktəbdə davam etdirib. 2022-ci ildə Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olunub və turizm işinin təşkili ixtisası üzrə 8 ay təhsil alıb. Təhsilini yarımçıq qoyan Zeynal 2023-ci il iyulun 3-də hərbi xidmətə yollanıb. Hərbi xidmətə əvvəlcə Gəncədə başlayıb, sonra isə Xocavəndə köçürülüb. 18 yaşlı Zeynal 2023-cü ilin sentyabr ayının 19-da şəhidlik zirvəsinə ucalıb. Onun ailəsi isə bu xəbəri həmin ayın 20-si öyrənib. 

Amma həyat hər zaman birnəfəsə oxunan xronika qədər sadə olmur. Ailəsinin hər doğum günündə dilədiyi uzun ömür arzusu sadəcə on səkkiz dəfə səsləndi. Ən gözəl illəri hələ qabaqda olarkən, Zeynal Azərbaycanın suverenliyi uğrunda canından keçən gənc şəhidlərdən birinə çevrildi.



Onun döyüş yolu qısa, amma hamımızın xatirində iz qoyacaq qədər şərəfli oldu. Zeynal döyüş yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin ön xəttini, dərinlikdəki mövqelərini və uzunmüddətli atəş nöqtələrini dəqiqliklə sıradan çıxardı. O, cəmi 18 yaşında öz yaşı qədər döyüş təcrübəsi olan separatçıları ön cəbhədə məhv edərək, iradənin gücünü sübut etdi.

Əgər Zeynalın son anlarına onun gözü ilə baxa bilsəydik, yəqin ki, qələbəyə inanan əsgərlərin birliyini, vətən torpağını qorumaq əzmini görərdik. O, son nəfəsində belə geri çəkilmədi və şəhidlik zirvəsinə yüksələrək adını Azərbaycanın qəhrəmanlıq dastanına yazdı.

Bu xəbər ailəsinə çatanda isə yaddaşın qapıları yəqin ki, bir-bir açıldı: ilk addımları, məktəb çantası ilə yola düşdüyü səhərlər, doğum günlərində üfürdüyü şamlar, son zəngdə səsləndirdiyi zəng… hamısı gözlər önündən keçdi. 
Zeynalla bağlı xatırlanan günlər ümumilikdə sadəcə 18 ili əhatə edirdi. Amma o, 18 il yaşasa da, həmişəlik miras qoydu. Çünki şəhidlik ömrün qısalığı ilə ölçülmür, qoyduğu izlə ucalır.

“Oğlum haqqında çox söz deyə bilərəm, istərdim ki, balamın mənə ilk və son hədiyyəsi haqqında danışım” – anası Vüsalə xanımla söhbətimiz bu cür başladı. Nəsə demək çətin idi. Bəlkə də bunu şəhidimizin anası da başa düşdüyü üçün 1 saat sonra danışa biləcəyini söylədi. 


Gün sonuna yaxın Vüsalə xanımla yenidən danışmaq imkanımız oldu. Gücünü toparlayan şəhid anası onun üçün müqəddəs əşyaya çevrilən hədiyyə haqqında danışmağa başladı:

“2023-cü il fevralın 24-ü mənim ad günüm idi, 40 yaşım olurdu. Ad günümü keçirməyəcəyimi demişdim, onda hələ bilmirdim ki, bu, oğlumla birlikdə keçirdiyim sonuncu xoş gündür. Amma işdən evə gələndə sürprizlə qarşılaşdım, oğlum böyümüşdü, ən azı onda elə düşünürdüm. Mən onun hələ də körpə olduğunu şəhid olanda başa düşdüm. 18 yaşı var idi, hələ tələbəydi, öz yolpullarını yığıb mənə hədiyyə boyunbağı almışdı. Bəlkə də 40 illik həyatımın ən xoşbəxt günü idi. Bir gün belə sevgimi əsirgəmədiyim oğlum indi mənə sevgisini bu cür göstərirdi. Boyunbağını tez-tez taxmaqdan qorxurdum ki, ona nəsə olar. İyul ayında Zeynalı əsgərliyə yola saldıq, avqust ayında andiçməsinə gedəndə həmin boyunbağını taxdım. Necə sevindi...  Hər dəfə soruşurdu ki, ana, niyə sənə aldığım hədiyyəni taxmırsan... İnanmazsınız, amma indi o boyunbağını taxa bilmirəm, bir şey olar deyə çox qorxuram. Axı o mənim oğlumdan mənə qalan ilk, son və ən dəyərli hədiyyədir”.

“Bir də oğlumun sevdiyi qızla bir-birlərinə aldığı hədiyyələr var idi. Sizə şəklini göndərəcəyəm. Sevdiyi qız alıb o üzüyü oğluma, 14 fevral - sevgililər günündə. Üzüyün biri onda, biri də oğlumda olub”, - Vüsalə xanım çox kövrəlmişdi, bunu görmək çətin deyildi. Amma qəhrəman oğulun başıuca anasının son sözləri özünə də, bizə də güc verdi:

“Mən oğlumla fəxr edirəm, Allah bütün şəhidlərimizə rəhmət etsin, əminəm ki, onun ruhu şaddır, O, bütün şəhidlərimiz kimi canını vətənimiz uğrunda fəda edib. Oğlum mənim ürəyimdə yaşadığı kimi, bütün azərbaycanlıların da qəlbində yaşayacaq, buna əminəm”. 

Bu, bəlkə də ömür boyu unutmayacağımız təsirli söhbət oldu...

Избранный
36
2
azedu.az

3Источники