RU

Suverenliyi şərəflə yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur ŞƏRH

Bakı, 19 sentyabr, AZƏRTAC

Suverenlik Azərbaycan dövləti və xalqı üçün, sadəcə, siyasi bir anlayış deyil. Bu, bizim əsrlərlə qoruduğumuz milli kimliyimiz, sarsılmayan iradəmiz və heç vaxt susmayan haqq səsimizdir. Suverenlik Azərbaycan üçün təkcə dövlət sərhədlərinin hüquqi xəritəsindən ibarət deyil. O, Vətən sevgisinin ən ali ifadəsidir. Ordumuzun qüdrəti, ucalan bayrağımızın qürurudur. Torpaqlarımız uğrunda cəsarətlə, igidliklə, mərdliklə savaşan qəhrəman şəhidlərimizin bizə və gələcək nəsillərimizə əmanətidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.

O qeyd edib ki, suverenlik uzun illəri əhatə edən mübarizəmizin, əzmimizin və böyük ustalıqla atılmış siyasi addımların nəticəsidir. Suverenlik Azərbaycan üçün gül-çiçəkli deyil, daşlı-kəsəkli, göz yaşı və qanla sulanmış yolların sonunda qazanılmış ən qiymətli sərvətdir. Biz faciələrdən, soyqırımlardan, didərginlikdən, susqun dünya birliyinin biganəliyindən keçərək onu əldə etdik. Ölkəmiz bu yolda ağır sınaqlarla üz-üzə qaldı. Otuz ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların səssizliyi, ədalətsiz qərarlar, ikili standartlar, qərəzli yanaşmalar ilə mübarizə apardıq. Dözdük, amma əyilmədik. Səbr etdik, amma unutmadıq. Ədaləti bərqərar edəcəyimiz, torpaqlarımızı azad edəcəyimiz günü gözlədik.

2020-ci ilin sentyabrında o gün gəlib çatdı. II Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün gücümüzü ortaya qoyduq. Ön cəbhədə, arxa cəbhədə, informasiya cəbhəsində. Hər kəs öz sahəsində əlindən gələn nə varsa, onu etdi. Kiminin qələmi vardı, yazdı. Kimin silahı vardı, döyüşdü. Kimin duası vardı, əllərini göylərə açdı. Xalq bir oldu, bütöv oldu, gücünü birləşdirdi və Azərbaycan Zəfər qazandı. Qələbəmiz düşmənə də, beynəlxalq aləmə də tarixi həqiqəti sübut etdi. Bu torpaqların gerçək sahiblərinin, əzəli sakinlərinin kim olduğu nümayiş etdirildi.

“O günlərdə Prezident İlham Əliyevin iradəsi, qətiyyəti, prinsipiallığı, qərarlılığı bizə inam, ruh verdi. O, dövlət və xalq qarşısında böyük cəsarət nümunəsi oldu. Biz hamımız anladıq ki, bu yola çıxmışıqsa, geri dönüş yoxdur.

Müharibədən sonra dövlətimiz tərəfindən atılan hər bir addım suverenliyimizin bərqərar olunmasına xidmət etdi. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, antiterror tədbirləri ilə konstitusiya quruluşunun bərpa olunması, illərdir saxta status altında mövcud olan qondarma rejimin tarix səhnəsindən silinməsi – bütün bunlar Azərbaycanın tam suveren dövlət kimi öz ərazisində ali hakimiyyətini təmin etməsi idi.

2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan Ordusu tərəfindən böyük peşəkarlıqla antiterror əməliyyatı həyata keçirildi. Cəmi 23 saat... Amma bu 23 saatda iki yüzillik ədalətsizlik sona yetdi.. Separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası ilə yekunlaşdı. Xocalıda üçrəngli Bayrağımızın dalğalanması illərin kədərinə, ağrı-acısına haqq cavabı oldu.

2024-cü ildə bu mühüm hadisələr dövlətçilik tariximizdə rəsmi təcəssümünü tapdı. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncamla 20 Sentyabr – Dövlət Suverenliyi Günü və eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi ölkəmizin təqvimində əbədi yerini tutdu.

Bu gün, sadəcə, əlamətdar bir tarixə yox, eyni zamanda, mühüm bir dəyərin rəmzinə çevrildi. Buna görə də suverenliyi şərəflə yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Избранный
19
2
azertag.az

3Источники