RU

Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... Problemin kökü haradadır?

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illərdə valideynlərin ən çox danışdığı mövzulardan biri də uşaqların məktəbdənkənar hazırlığa göndərilməsidir. Təəccüblüsü odur ki, artıq repetitor yanına yalnız ali məktəbə hazırlaşan gənclər yox, hətta birinci sinif şagirdləri də gedirlər.

Valideynlərin arqumenti sadədir: “Məktəbdə öyrənə bilməz, geri qalar”. Amma sual doğu: məktəb nə üçündür? Əgər uşağın təməl savadı elə ilk gündən repetitorun öhdəsinə buraxılırsa, bu, təhsil sisteminin zəifliyindən xəbər vermirmi?

Problemin bir neçə tərəfi var.

Birincisi, tədris proqramı ağırdır. İlk sinifdə uşağa verilən materiallar çox vaxt yaşına uyğun olmur. Valideyn də çıxış yolunu əlavə müəllimdə görür.

İkincisi, müəllim-şagird sayı nisbəti. Bəzi məktəblərdə siniflərdə 30-35 uşaq olur, müəllim hər birinə fərdi yanaşa bilmir.

Üçüncüsü isə ictimai təzyiqdir. Valideynlər bir-birinə baxır: “Hamı uşağını hazırlığa aparır, mənimki geri qalmasın”. Nəticədə hələ oxuma-yazmanı öyrənən uşaq repetitor masasının arxasında əyləşir. Amma bu halın fəsadları da var. Uşaqlar erkən yaşda yorulur, dərsdən zövq almır, təhsili məcburi yük kimi görür. Təhsil sevgisi ilə yox, qorxu və təzyiq ilə formalaşır. Halbuki ilk siniflər uşağa öyrənmə həvəsi aşılamaq üçün ən vacib mərhələdir.

Əgər biz uşaqları daha sağlam, daha yaradıcı böyütmək istəyiriksə, problemin kökünə enməliyik. Məktəb elə qurulmalıdır ki, valideyn əlavə hazırlığa ehtiyac duymasın. Müəllimlərin peşəkarlığı, dərs yükünün balansı, fərdi yanaşma bunlar düzəlmədikcə repetitor məsələsi də davam edəcək.

Əks halda, hələ məktəb çantasını daşımağa gücü çatmayan birinci sinif şagirdi artıq “imtahan stressi” ilə böyüyəcək.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
icma.az

1Источники