RU

Dönərçi ilə müştərinin mübahisəsi qanla bitdi

Abşeron rayonunda iki nəfərin arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 22-də rayonun Şəfəq qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Bəhram tanışı Həsənin Şəfəq qəsəbəsində dönərçi işlədiyi “Dadım Dönər” adlı dönərxananın şüşə qapısına ehtiyatsızlıqdan dəyib. Bu səbəbdən onların aralarında mübahisə yaranıb. 

Bəhram həmin gün saat 23 radələrində şəxsi münasibətlər zəminində yaranan mübahisəni aydınlaşdırmaq məqsədilə qəsəbədə yerləşən su kanalının yaxınlığına gəlib və orada mübahisə zamanı Həsən onu sifət nahiyəsinə bir dəfə yumruqla vurub. Bu zaman Bəhram üzərində olan mətbəx bıçağı ilə bir dəfə onun qarın nahiyəsinə zərbə yetirib. 

Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Həsən adlı şəxsi təxminən 7-8 ay müddətdir tanıyıb: “Həsən yaşadığım Şəfəq qəsəbəsində yerləşən dönərxanada dönərçi işləyib. Mən də həmin dönərxanaya əvvəllər müştəri kimi getmişəm və Həsənlə münasibətlərimiz yaranıb. Zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmişəm. Hadisə baş verən vaxtdan təxminən 10-15 gün əvvəl Həsənin bizim məhəlləmizdə yaşayan qızlara baxmasını gördüm. Çünki Həsənin özü Saray qəsəbəsində yaşayıb. Yalnız iş üçün bizim məhəlləmizə gəlib. Bundan sonra Həsənə qarşı münasibətim dəyişib və qərara gəldim ki, Həsənlə bu barədə danışım. Həsən bu 15 gün ərzində mənimlə mübahisə etməyə başladı. Onu hər görəndə salam vermədiyimi görəndə qıcıqlanır, niyə görə salam vermədiyimi soruşub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə mübahisələri ötən ilin iyunun 22-də, saat 22 radələrində Həsənin işlədiyi dönərxananm qarşısından keçərkən dönərxananın şüşə qapısına ehtiyatsızlıqdan dəydiyi zaman yaranıb: “Mən hadisə baş verən gün spirtli içki qəbul etmişdim. Həsən çölə çıxaraq üzərimə qışqırdı. Həsənə üzərimə qışqırmamasını bildirdim və kənara gələrək sakitcə söhbət etməyi təklif etdim. Həsən də mənimlə parka gəldi. Söhbət əsnasında mənim onu vurmaq istəməyimi soruşdu. Mən belə bir niyyətim olmadığını desəm də, Həsən yenə də əsəbi halda oldu. Həsən dönərxananı bağlayacağını, kənarda gedərək söhbət etməyi dedi. Mən də Həsənlə razılaşsam da, ürəyimdə bir narahatlıq hissi yarandı. Həsənin məni döyəcəyini bildim. Buna görə özümü müdafiə etmək məqsədilə yaşadığım evə gedərək mətbəxdən bıçaq götürdüm. Bıçağı belimə taxdım və həyətə endim. Gördüm ki, Həsən orada məni gözləyir. Mənə maşınla onun dediyi yerə getməyi təklif etdi. Lakin, mən razılaşmadım. Bundan sonra Həsənlə piyada formada Şəfəq qəsəbəsindən keçən su kanalının yaxınlığına gəldik. Həsən üzərimdə niyə bıçaqla gəlməyimi soruşdu. Mən də üzərimdə bıçaq olduğunu bildirdim və bıçağı çıxararaq kənara qoydum. Bu zaman Həsən mənə bir dəfə yumruqla dodaq nahiyəmdən vurdu. Bundan sonra  Həsən üzərimə təkrar hücum etmək istədi, mənə qarşı nalayiq formada söyüş söydü və məni itələdi. Mən də yerə kolun kənarına qoyuduğum bıçağı götürdüm və Həsənin üzərinə getdim. Onun qarın nahiyəsinə bir dəfə bıçaqla zərbə vurdum. Mən bıçağı kənarda əraziyə tulladım. Sonra oraya yaxınlaşan adını bilmədiyim şəxslərlə köməkləşərək taksi çağırdım və Həsəni xəstəxanaya göndərdik. Bundan sonra evə qayıtdım. Sonra olanlar barədə məlumatım olmayıb”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhram 3 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilib. Müdafiəçi müvəkkilinin barəsində olan əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. 

Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxsin ailəsinin Fizuli rayonundan qaçqın düşmələri, atasız böyüməsi, ailəsinin tək qazanc gətirəni olması və 2021-ci ildə Qarabağda antiteror əməliyyatlarında fəal iştirakına görə Fəxri Fərmanla təltif edilməsi nəzərə alınmayıb.
Bu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, şikayət təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az
Избранный
25
1
demokrat.az

2Источники