RU

“Qəlblərimiz Zəfərlə Döyünür” adlı aksiyaya start verilir - FOTO

Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümü münasibətilə ölkəmizin hər bölgəsində müxtəlif tədbirlər keçirilir. Bu Qələbə xalqımızın milli birliyinin, əzmkarlığının və dövlətimizin suverenliyinin əbədi rəmzi olmaqla yanaşı, həm də gələcək nəsillərə örnəkdir. Azərbaycan xalqının mübarizliyi və qəhrəman övladlarının fədakarlığı sayəsində əldə edilən bu tarixi zəfər bu gün də qəlblərimizdə iftixar hissi ilə yaşayır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə Döyünür” adlı aksiyaya start verilib. Aksiyada muxtar respublikanın müxtəlif rayonlarında yerləşən 7 Ailə Sağlamlıq Mərkəzində əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, bir həftə davam edəcək aksiya çərçivəsində Şərur rayonu üzrə Cəlilkənd ASM, Ordubad rayonu üzrə Vənəd ASM, Babək rayonu üzrə Nehrəm ASM, Sədərək rayonu üzrə Dəmirçi ASM, Kəngərli rayonu üzrə Qarabağlar ASM, Culfa rayonu üzrə Qazançı ASM və Şahbuz rayonu üzrə Kükü ASM-də sakinlərin müayinələri aparılacaq. Burada vətəndaşlara kardioloji müayinələr, qan təzyiqi, qanda şəkər səviyyəsinin yoxlanılması kimi profilaktik tədbirlər həyata keçiriləcək.

Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması, eyni zamanda sağlam həyat tərzinin geniş şəkildə təşviq olunmasından ibarətdir. Aksiyanın həyata keçirilməsi həm vətəndaşların sağlamlıqlarına diqqətin artırılmasına, həm də cəmiyyətimizdə sağlam həyat tərzi vərdişlərinin formalaşmasına mühüm töhfə verəcəkdir.

Избранный
19
ikisahil.az

1Источники