RU

İki il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyatlara başlayıb

Düz iki il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb.

Ölkə.az xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə Azərbaycan Ordusunun 2 hərbi qulluqçunun yaralandığı bildirilmişdir.

Azərbaycan ordusu saat 13:10-da local antiterror əməliyyatına başladı və 13:22-də artıq bu barədə müdafiə nazirliyi rəsmi məlumat verdi.

Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatı qısa müddət ərzində, cəmi 23 saat 50 dəqiqəyə, yəni 20 sentyabr saat 13:00-da bitdi, yəni bir sutkadan az davam etdi.

Bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu.

Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi.

Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı.

Ordunun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlər olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".

Избранный
16
olke.az

1Источники