RU

Əsrə bərabər gün

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatının üzərindən 2 il keçir. 

2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. 

Sadəcə 23 saat davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu. 

Əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə işğaldan azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. 

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan tarixində çox önəmli günlərimiz olub: 

“Son dönəmlər ən şərəfli, ən qürurlu günlərimiz 2020-ci ildən sonraya təsadüf edir. Bu, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, torpaqlarımızı mənfur düşmən tapdağından azad etdiyimiz savaş və 2023-cü ildə 23 saat davam edən antiterror əməliyyatlarıdır. 

Bununla dövlət suverenliyimizi tam bərpa etdik. XXI əsrdə torpaqlarını öz gücünə, qətiyyətinə, xalqın birliyinə və Ali Baş Komandanının ətrafında yumruq kimi sıx birləşən xalqın hesabına azad edən başqa ölkə yoxdur. Torpaqlarımızı işğaldan azad edərək dünyanın ən güclü dövləti və ən qürurlu xalqı olduq”. 

Millət vəkili vurğulayıb ki, 19-20 sentyabr antiterror əməliyyatı öz unikalığı ilə də fərqlənirdi: 

“Azərbaycan Ordusu bir mülki infrastruktur və bir mülki insana belə zərər gəlmədən, zərgər dəqiqliyi ilə əməliyyat həyata keçirdi. Dünyada çox böyük, inkişaf etmiş hərbi gücü olan dövlətlərin də ordularının, xüsusi təyinatlarının belə əməliyyatlarının şahidi olmuşuq. 

Heç vaxt belə dəqiqlik və konkret mövqe müşahidə edilmirdi. Dünyada həm 2020-ci ildəki Vətən müharibəsindəki çağdaş savaş, həm də 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı öyrənilməkdədir. Hərb tarixinə qızıl hərflərlə yazılacaq bu əməliyyat öz unikallığı, dəqiqliyi və beynəlxalq qanunlara uyğunluğu ilə fərqlənirdi”. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan antiterror əməliyyatından sonra dövlət suverenliyini bərpa edərək, bölgədə yeni siyasi mənzərə formalaşdırdı:

“Həmin torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurda böyük bərpa, quruculuq və tikinti işləri aparırıq. 

Artıq Böyük Qayıdışla bağlı Dövlət Proqramı icra edilir, oradan məcburi köçkün olan insanlar öz dədə-baba yurdlarına qaytarılır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həm də tikinti, mühəndis, yeni texnologiya yanaşmaları sərgiləyərək, onu da qürurla bütün dünyaya göstəririk”. 

Vüqar İskəndərov vurğulayıb ki, gələcək nəsillər də azərbaycanlı olduqları üçün qürur duyacaqlar: 

“Artıq Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bir çox dövlətlərin başçıları işğaldan azad edilmiş bölgələrə gəlirlər. Həm orada baş verən vandallıqların, həm də Azərbaycan Respublikası tərəfindən görülən misilsiz bərpa, tikinti və yenidənqurma işlərinin şahid olurlar. 

Müstəqillik tariximizə 19-20 sentyabr antiterror əməliyyatı qızıl hərflərlə yazılacaq bir gün kimi dastanlara çevriləcək, barəsində filmlər çəkiləcək, əsərlər yazılacaq. Gələcək nəsillərimiz də azərbaycanlı olduqları üçün hər zaman qürur duyacaqlar”. 

Избранный
23
1
cebheinfo.az

2Источники