Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara 2600 manat birdəfəlik müavinət veriləcək.
AzPost bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərarda deyilir. Nazirlər Kabineti bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununda dəyişiklikləri əsas götürüb.
Qərarda deyilir: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinətlə təmin edilsinlər”.
Qərarda həmçinin bildirilir ki, internat tipli xüsusi ümumi təhsil məktəblərini, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat tipli xüsusi ümumi təhsil məktəblərinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun olaraq birdəfəlik müavinət verilir.”.
Bu Qərarın 1-ci hissəsi 2025-ci il aprelin 1-dək ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şamil edilmir.
2025-ci il aprelin 1-dək ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərə münasibətdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının 2-ci hissəsinin üçüncü abzasının bu dəyişiklikdən əvvəlki redaksiyası tətbiq olunur.