RU

Əsgərovdan Fazil Mustafaya: Bu sözləri deyəndə ehtiyatlı olun!

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda vitse-spikerlə deputat arasında mübahisə yaranıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, konfransda çıxış edən deputat Fazil Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “Bütöv Azərbaycan” termininin canlanacağı gün olacaq.

Onun sözlərinə görə, Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, onda ayrılmaz hissə kimi qalırdı: “Lakin bu gün quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq. Bu baxımdan çalışmalıyıq ki, bundan sonrakı dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır.

Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslarının saxlanılması ilə bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”.

Vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafanın fikri ilə razılaşmayıb. MM sədrinin müavini bildirib ki, dövlət və xalq başqa anlayışlardır:

“Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən söhbət gedir. Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür.

Bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil. Belə çıxır. Bu sözləri deyəndə ehtiyatlı olun! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir. Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub.

Naxçıvana quru yol da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır”.

Избранный
31
9
axar.az

10Источники