RU

Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə: Saysız hesabsız tapşırıqlar altında əzilmək...

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Uşaqlıq insanın həyatında ən saf, ən qayğısız dövr olmalıdır. Amma bu gün məktəblilərimizin gündəlik həyatına baxanda başqa mənzərə ortaya çıxır: dəftərlər, kitablar, saysız-hesabsız tapşırıqlar və bir də yorğunluq.

Əksər valideynlər eyni sözləri deyir: “Uşağım məktəbdən gələn kimi yeməyini yeyir və dərsə oturur. Axşam saatlarına qədər tapşırıq həll etməkdən başqa heç nə edə bilmir”. Belə çıxır ki, şagirdlərin uşaqlığı vərəqlərin arasında itib gedir.

Halbuki, təhsilin məqsədi sadəcə ev tapşırıqları ilə yükləmək deyil. Məqsəd düşünən, yaradan, öyrəndiyini həyatda tətbiq edə bilən gənclər yetişdirməkdir. Əgər uşağın kitabdan baş qaldırmağa vaxtı yoxdursa, musiqi, idman, rəsm və ya hər hansı digər hobbi ilə necə məşğul ola bilər?

Bütün dünyada təhsil sistemi şagirdi müxtəlif fəaliyyətlərə yönləndirir. Çünki yaradıcı düşüncə yalnız riyaziyyat nümunələri və inşa yazıları ilə formalaşmır. O, həm də futbol meydançasında, piano arxasında, yaxud bir kitab klubunda inkişaf edir. Bizim sistemdə isə çox vaxt sanki “çox tapşırıq = yaxşı təhsil” anlayışı hökm sürür.

Əslində, balans tapmaq mümkündür. Tapşırıq olmalıdır, amma ölçülü, şagirdin gününü əlindən almadan. Uşaqların istirahətə, ailəsi ilə vaxt keçirməyə, öz maraqlarını kəşf etməyə də ehtiyacı var. Yoxsa biz bir gün görəcəyik ki, yeni nəsil biliklərlə yüklənib, amma həyat sevinci və yaradıcılığı tükənib.

Unutmayaq ki, öyrənmək yalnız dərs masası arxasında deyil, həyatın özündə baş verir. Uşaqlarımıza həm öyrənmək, həm də yaşamaq imkanı verməliyik.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
bizimyol.info

1Источники