RU

AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.

“İki sahil” xəbər verir ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.

Müasir salon və komfortlu uçuş

Yeni “Airbus A320neo” təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.

Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinifi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri Wi-Fi xidmətindən pulsuz yararlana biləcəklər.

Strateji addım

Yeni “Airbus A320neo” təyyarəsinin istifadəyə verilməsi AZAL üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun güclənməsinə xidmət edəcək.

“Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. “Airbus A320neo” sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.

Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni “Airbus A320neo” təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb. Yeni təyyarənin gəlişinə həsr olunmuş tədbirin videosuna baxmaq üçün linkə keçid edin.

AZAL nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə “World Airline Awards” nominasiyasında “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

Избранный
12
45
ikisahil.az

10Источники