RU

FOTO: Futbol meydanı, yoxsa qoyun-quzu otlağı? - XƏBƏRİNİZ OLSUN!

“İmişli”yə böyük hərflərlə ƏHSƏN!

Bizi 2000-ci illərə qaytarıb, nostalji hisləri yaşatdığı üçün.

Adını daşıdığı bölgədən didərgin düşüb, iki ev oyununu Şamaxıda keçirən kollektiv üçüncü rəqibini – “Sumqayıt”ı Qubadakı Olimpiya İdman Kompleksinin meydanında qəbul etdi.

Buna meydan demək mümkündürsə.

Televizor qarşısında əyləşənlər bəlkə də məsələnin mahiyyətindən xəbər tutmaqda çətinlik çəkirdi. Mavi ekranda hər şey yaxşı görünə bilərdi.

Əsl mahiyyətdə legionerlər bura gəlib çıxdığına görə özlərini söyür, yerlilər zədə almamaqdan ötrü Allaha dua edirdi. Azı 15-20 epizodda sürüşüb yerdə qalanlar oldu. Yıxılıb, durub, deyinib, yenə qaçırdılar. Məcburiyyət var, nə etsinlər?

Qubadakı qazon Premyer Liqanın standartlarına cavab vermir. Ora futbol meydanı yox, bildiyimiz qoyun-quzu məskənidir. Heyvanları burax otlasınlar, şəkillərini də çək, bir mənzərə alınsın, gəl görəsən.

Növbəti oyunların birində Qubaya yağış yağsa, meydan suyun altında qalacaq. Drenaj sisteminin qaydalara uyğun quraşdırılmadığı sahə bataqlıq olacaq. Etirazlar baş qaldıracaq, həngamə qopacaq.

“İmişli” rəhbərliyi və Peşəkar Futbol Liqasının təftiş qrupu oturub dua etsin ki, matç günü yağış-leysan yağmasın. Oyunun təxirə salınmaq ehtimalı da qaçılmaz olacaq. Bizdən deməkdir, zaman öz möhürünü vuracaq.

Matç başa çatandan sonra futbolçulardan müsahibə almaq üçün jurnalistlərə xüsusi guşə ayrılıb (guya). Küçənin ortasında, azarkeşlərin arasında.

Futbolçuların hərəsi bir qapıdan çıxıb gedir. Nə miks-zonanı tanıyırlar, nə də kimsə onları ora yönləndirir. Kim kimi harda tutdu, orda da danışdırır.

Həmin an azarkeşlərdən biri rahatlıqla müsahibənin “içinə girib” futbolçu ilə şəkil çəkdirmək həvəsinə düşür, ən pis halda forma, getr, tərlik istəyir.

Peşəkarlıqdan, inkişaf planından danışırıqsa, Qubadakı vəziyyət acınacaqlıdır. Bir komanda rəqiblərini öz meydanında qəbul edə bilmirsə, zəhmət çəkib ideal seçim axtarmalıdır. Yola verməklə, gözdən pərdə asmaqla ancaq öz başlarını aldada bilərlər.

Portuqaliyadan qalaq-qalaq məşqçi və futbolçu gətirməklə iş bitmir. Zəhmət çəkib meydan problemini həll edin, jurnalistlərin iş fəaliyyətini yaxşılaşdırın.

“Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandaların mübarizə apardığı elitanı biabır etməyin.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
19
sportinfo.az

1Источники