RU

Qorno-Altaysk şəhərində “Altay türklərin ulu vətənidir” beynəlxalq konfransı keçirilib

Moskva, 19 sentyabr, AZƏRTAC

Rusiyanın Altay Respublikasının Qorno-Altaysk şəhərində “Altay türklərin ulu vətənidir. Türk sivilizasiyasının təşəkkülü tarixi” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Tədbirin yekunlarına dair Qətnamə qəbul olunub.

AZƏRTAC xəbər verir ki, sənədi Rusiya Elmlər Akademiyasının akademiki və vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Nikolay Makarov açıqlayıb. Qətnamədə Şimali Avrasiya xalqları arasında elm, təhsil və mədəni əməkdaşlığın təşviq edilməsi, türkşünaslıq və altayşünaslığın öyrənilməsi üçün yeni mərkəzlərin yaradılması və region dövlətləri arasında dərsliklərdə ortaq tarixi hadisələrə münasibətin uyğunlaşdırılması üçün əməkdaşlığın zəruriliyi vurğulanır. Humanitar elmlərdə gənclər arasında əlaqələrin, təşəbbüslərin, layihələrin dəstəklənməsi və inkişafı da qeyd edilir.

Konfrans iştirakçıları türk sivilizasiyasının mənşəyi, mədəniyyəti, yazısı, slavyanlarla qarşılıqlı əlaqə ənənələrini müzakirə ediblər. Bu ərəfədə türklərin maddi-mənəvi irsinin öyrənilməsi istiqamətində geniş ilkin tədqiqatlar aparılıb. Təşkilatçılar konfransın hər il keçirilməsini planlaşdırdıqlarını qeyd ediblər.

Tədbirdə Azərbaycan, Rusiya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ekspertlər iştirak ediblər.

Konfrans Rusiya Hərbi Tarixi Cəmiyyəti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Rusiya “Bilik” Cəmiyyəti və Rusiya Tarix Cəmiyyəti tərəfindən Altay Respublikası hökumətinin dəstəyi ilə təşkil edilib.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
30
1
azertag.az

2Источники