RU

Psixoloq: “Uşaqlar 7 yaşından tez məktəbə getməsinlər”

“Son dövrlər məktəb psixoloqları məsələsi yenidən gündəmdədir. Bəziləri düşünürlər ki, onların sayı çox olmalıdır”. 

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bəzən məktəb psixoloqlarının birinci sinif şagirdləriylə mütəmadi məşğul olmadıqları deyilir: 

“Bir növ hər şeyi məktəb psixoloqunun üzərinə atırlar. Lakin nəzərə almaq lazımdır ki, məktəb psixoloqu bir nəfərdir. O, təbii ki, bütün uşaqlarla fərdi şəkildə məşğul ola bilməz. Əslində, səhvi əvvəldən valideynlər edirlər. Adətən 2-3 yaşlarından başlayaraq uşaqların oyunları hərflər və rəqəmlərlə olur. 

Valideynlər o yaşlardan etibarən uşaqlarının hərfləri və rəqəmlərini öyrənməsini istəyirlər. Valideynlərin hara tələsdiyini bilmirəm. Çünki belə oyunlar bir müddət sonra uşaqları sıxacaq və onlar birinci sinifə gedəndə hər şeyi bildikləri üçün yorulacaqlar”. 

Ekspert valideynlərə səslənib: 

“Övladlarınızın uşaqlığını əlindən almayın. Yaxşı olar ki, uşaqlar 7 yaşından əvvəl məktəbə getməsinlər. Çünki bu, həm psixoloji, həm də fiziki inkişafı üçün çox vacibdir. Həmçinin, uşaqlar oyun dönəmlərini yaxşı keçirməlidirlər. Onlar məktəbəqədər dövrlərdə öyrədici deyil, fərqli oyunlar oynamalıdırlar. 

Öyrədici oyunlara artıq birinci sinifdə başlamaq lazımdır. Belə olan halda uşaqlar məktəbdən yorulmaz və bezməzlər. Məktəbə qədər bütün rəqəmləri və hərfləri bilən uşaq üçün birinci sinif maraqsız olur. Bu səbəbdən də valideynlər günahı başqalarında axtarmasınlar”. 

Mütəxəssisin sözlərinə görə, bir çox hallarda məktəbə başlayan uşaqlara oyun oynamaq qadağan edilir: 

“Lakin bu da çox yanlışdır. Onları sadəcə dərsə fokuslandırıb, oyundan məhrum etmək olmaz. Birinci sinif şagirdləri üçün oyun oynamağa da mütləq şəkildə zaman ayrılmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar məhz oyun prosesində inkişaf edirlər. Uşaqlara sadəcə akademik biliklər öyrədəndə psixoloji, emosional və fiziki tərəfdən yarımçıq qalacaqlar”.

İlhamə Mustafayeva bəzi müəllimləri də tənqid edib: 

“Burada müəllimlərin də payı var. Çünki bəzi müəllimlər birinci sinifə başlayan uşaqdan oxuma və yazma bacarığı tələb edirlər. Onda birinci sinif nə üçündür? Əslində, bütün bunlar elə birinci sinifdə öyrədilməlidir. Bütün hərfləri bilən uşaqların birinci sinifdə eyni şeyləri yenidən təkrarlaması bezdirici olacaq. Bütün bunlara fikir verməliyik. Lakin valideynlər öz günahlarını məktəb psixoloqunda axtarırlar”. 

Избранный
20
1
cebheinfo.az

2Источники