RU

Meteoroloqların xəbərdarlığı: İqlim böhranı qlobal su dövriyyəsini dəyişdirir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Su Yer üzündə həyat mənbəyidir, amma hazırda getdikcə daha çox təbii fəlakətlərin səbəbinə çevrilir. İqlim dəyişikliyi planetin su ehtiyatlarına təzyiqi artırır və bütün dünyada milyonlarla insana təsir edən fəlakətlərə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında qeyd olunur.

Məlumata görə, ötən il rekordların qeydə alındığı 175 ilin ən isti ili olub. Yer kürəsində orta səth temperaturu sənayedən əvvəlki səviyyələri 1,55 dərəcə Selsi ötüb. Bu anomaliya su dövriyyəsinə birbaşa təsir göstərir, çünki daha isti hava daha çox nəm saxlayır, intensiv yağıntılara və nəticədə dağıdıcı daşqınlara səbəb olur.

ÜMT-nin Baş katibi Seleste Saulo bununla əlaqədar bildirib: “Su ilə bağlı fəlakətlər bu il ciddi fəsadlar törətməkdə davam edir. Pakistan və Cənubi Sudanda daşqınlar, Bali adasında ölümlə nəticələnən leysanlar həyəcanverici mənzərənin yalnız bir hissəsidir. Təəssüf ki, bu tendensiyanın sonu görünmür”.

2024-cü ilin sentyabrında Mərkəzi və Şərqi Avropanı vuran güclü “Boris” qasırğası daşqınlara və on minlərlə insanın təxliyəsinə səbəb oldu. Çexiyada çayların səviyyəsi statistik olaraq əsrdə yalnız bir dəfə baş verən səviyyəyə çatdı. ÜMT-nin Hidrologiya şöbəsinin direktoru Stefan Uhlenbrukun qeyd etdiyi kimi, belə “əsr miqyaslı” hadisələr getdikcə adi hala çevrilir.

Su dövriyyəsinin qeyri-sabitliyi digər bölgələrdə də özünü göstərir. Hindistanda bu il musson həmişəkindən tez gəlib və Himaçal Pradeş, Cammu və Kəşmir ştatlarına güclü yağışlar gətirib. Bu arada Amazon hövzəsi, Meksikanın şimal-qərbi və Afrikanın cənubunda El-Nino fenomeni ilə daha da şiddətlənən fəlakətli quraqlıq yaşanıb.

Seleste Saulo bu hadisəni belə izah edib: “El-Nino, şübhəsiz ki, burada rol oynadı, lakin elmi sübutlar göstərir ki, ekstremal hadisələrə - həm quraqlıqlara, həm də daşqınlara səbəb olan məhz iqlim dəyişikliyi və artan temperaturdur”.

Planetdə ən həyəcanverici tendensiyalardan biri buzlaqların sürətlə yoxa çıxmasıdır. 2024-cü ildə onlar 450 giqaton buz itirdilər ki, bu da 180 milyon olimpiya ölçülü üzgüçülük hovuzuna bərabərdir. Bu, qlobal dəniz səviyyəsini 1,2 millimetr qaldıraraq sahilyanı daşqın riskini artırıb.

Hesabatda vurğulanır ki, su dövriyyəsi qapalı qlobal sistemdir.

ÜMT-nin tədqiqatçısı Sulaqna Mişra deyir: “Biz lokal problemlərlə məşğul deyilik. Arktikada əriyən buzlaqlar Asiyada mussonlara, Sakit okeandakı qasırğalar isə bütün dünyada hava şəraitinə təsir göstərir”.

Qlobal iqlim dəyişikliyi fonunda Ümumdünya Meteorologiya Təşkilatı təcili tədbirlər görməyə çağırır: təkmilləşdirilmiş monitorinq, su axınları, yeraltı sular və onun keyfiyyəti haqqında məlumat mübadiləsi, həmçinin beynəlxalq əməkdaşlıq və erkən xəbərdarlıq sistemlərinə təcili sərmayə qoyulması vacibdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
azertag.az

1Источники