RU

Azərbaycan demokratik dünyanın aparıcısı qüvvəsinə çevrilir TƏHLİL

ain.az, Ses qazeti saytına istinadən bildirir.

Tarixi reallıq ondan ibarətdir ki, hər bir millətin daxilində birlik olsa onun qarşısında heç bir qüvvə dayana bilməz. O xalq istənilən vəzifənin icrasında mütləq və mütləq qalib gələcək. Pərakəndəlik, xaos və anarxiya girdabında olan xalqlar nəinki uğur əldə edər, əksinə, qazandıqlarını itirə bilər. Çoxsaylı misallar göstərmək olar ki, tariximizdə dövlətləri, hətta imperiyaları olan xalqlar birliyə malik olmadıqlarından mövcudluqlarını itiriblər.Tarixin müəyyən dövlərində dünyada hökmran olan millətlər bu gün azsaylı xalqlardan biri olaraq küncə sıxışdırılıblar. Azərbaycan xalqı qətiyyəti, mübarizliyinə görə dünya xalqları arasında sayılan seçilən azsaylı xalqlardandır. Müəyyən dövrlərdə işğallara, qətliamlara məruz qalsa da, heç zaman Azərbaycan xalqı öz mübarizəsindən əl çəkməyib. Xalq olaraq heç bir vaxt ruhdan düşməmişik, yorulub geri çəkilməmişik. Daim öndə olmağa və qarşıya qoyulan hədəflərə çatmağa çalışmışıq. Bu mübarizlik, qətiyyət və əzmkarlıq öz bəhrəsini verb. Azərbaycan xalqı dövlətçini qurub, onu yaşatmağa nail olub. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasıda xalqımızın qanı, canı bahasına əldə olunan dövlətlərimizdəndir. Müsəlman Şərqində ilk demokratik respublikanı-Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi.

Tarixdə iz qoyan AXC

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti özündə demokratik dəyərləri, eləcə də Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən bir dövlət və cəmiyyət nümunəsi oldu. Qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli-göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. Cümhuriyyət yaranan zaman təhsilli milli kadrlara böyük ehtiyacı var idi və bu ali təhsil müəssisəsinin açılmasını vacib hesab edirdi. Təbii ki, dövlət quruculuğu işlərində milli kadrların olması mühüm amillərdən biridir. 1919-cu ildə Bakı Universiteti yaradıldı və hazırda Bakı Dövlət Universiteti ən böyük ali təhsil ocaqlarımızdan biridir. AXC -nin parlamentinin ikinci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümuhiriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.

Rusiyanın işğalı nəticəsində AXC süquta uğradı

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mayın 18-dən 1920-ci ilin 28 aprelinədək müstəqil respublika olaraq mövcud oldu. Dövlət müstəqilliyini əksər ölkələr, o cümlədən də ABŞ, Türkiyə, Böyük Britaniya və digər dövlətlər tərəfindən tanınıb. Rusiyanın işğalçı ordusunun 1920-ci ilin aprelində 80 minə yaxın ordu birləşmələri ilə Azərbaycana daxil olması və Bakını işğal etməsi nəticəsində AXC süquta uğradı. Rusiya faktiki Azərbaycanı işğal edib. Bunu sübut etməyə, misallar, faktlar göstərməyə ehtiyac yoxdur. Çünki Rusiyanın ozamankı rəhbərləri və sonrakı baş bilənləri açıq şəkildə Azərbaycanı işğal etdiklərini bildirmişlər. Bu etiraflar suveren, dünya birliyi tərəfindən tanılnan bir dövltə qarşı qəsd idi. Azərbaycan xalqı işğalçı rus ordusuna qarşı mübarizə aparıb. Bu mübarizədə minlərlə azərbaycanlı qətlə yetirilib, zindanlarda cürüdülüb. Hətta AXC qurucuları təqiblərdən ehtiyat edərək xaricə üz tutublar. Onlar mübarizələrini müxtəlif ölkələrdə davam etdiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin aprelində Rusiya ordusunun Azərbaycana daxil olub onu işğal etməsi nəticəsində süqut etdiyini bidirdi: “Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Prezident İlham Əliyev müsahibəsində onu da bildirdi ki, cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin: “Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar”.

AXC qurucularının fəaliyyəti yüksək qiymətləndirilir

Tarixi həqiqət budur ki, Rusiyanın işğalçılıq siyasəti azad, demokratik dövlətə qarşı qatı cinayət idi. Bu cinayəti törədənlər təbii ki, məsuliyyət daşıyırdılar. Ən azı Rusiyanın indiki rəhbərliyi işğal faktını etiraf edib, Azərbaycan xalqından üzr istəməlidir. Ancaq yenə də Rusiya rəhbərliyi və onun təxribat maşını hesab olunan mətbu orqaları fərqli yol tuturlar. Hər vəchlə özlərinin işğalçılıq əməllərinə haqq qazandırmağa çalışırlar. Bu isə vəhşilikdir, insanlığa qarşı düşmən kəsilmək deməkdir. Azərbaycan xalqı tarixi şəxsiyyətlərinə diqqət ayırmağı bacaran və onların fəaliyyətini qiymətləndirən xalqdır. Azərbaycan 991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC qurucularının fəaliyyətini yüksək qiymətləndirən qərarlar, Sərancamlar verilmişdir. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. 1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin çıxış edərkən bildirmişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci - 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci - 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər; üçüncü - 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir. Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur. Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik.Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər”.

AXC-nin çoxsaylı uğurlarından bəhs olunur

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş və onun 23 aylıq fəaliyyəti dövründə gördüyü işlərin, qəbul etdiyi qanunların AXC-nin çoxsaylı uğurlarından olduğunu söyləmişdir: “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”.

Prezident İlham Əliyev AXC qurucularının fəaliyyətini daim yüksək qiymətləndirib. Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalanması buna növbəti misal ola bilər. Sərəncama əsasən 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur: “Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir”.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bəli, bugünkü güclü və qüdrətli Azərbaycan dövləti AXC-nin varisidr. Ulularımızdan bizə miras qalan dövlətçiliyi şərəflə və ləyaqətlə yaşadır və inkişaf etdiririk. Bu uğurları və nailiyyətləri bizə bəxş edən isə xalqımızın Dahi Lideri Heydər Əliyevdir. Dahi Öndərimizin ən layiqli siyasi varisi, Qarabağ Fatehi, Prezidentimiz İlham Əliyev əsası qoyulan siyasəti möhtəşəm şəkildə davam etdirir. Əminliklə demək olar ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək və Dahi Öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
sesqazeti.az

1Источники