RU

20 Sentyabr – Dövlət Suverenliyi Günüdür

1991-ci ilin əvvəllərində Sovet İttifaqında baş verən siyasi, iqtisadi və sosial böhranlar ittifaq respublikalarında müstəqillik hərəkatlarını gücləndirdi. Azərbaycan xalqı da öz azadlığı və dövlət suverenliyi uğrunda mübarizəyə qalxmışdır. Bu hərəkatın nəticəsi olaraq, 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Konstitusiya Aktı Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə müstəqilliyini təsdiqlədi. Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək hüququ tanındı, respublikanın qanunvericilik və idarəetmə orqanları tam müstəqil fəaliyyət göstərməyə başladı.

Lakin XX əsrin sonlarında Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarını işğal etdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin torpaqları işğal olundu, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi, Xocalı soyqırımı törədildi, şəhər və kəndlərimiz dağıdıldı, təbii sərvətlərimiz talandı, tarixi-mədəni irsimiz məhv edildi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə ard-arda qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunurdu. Lakin beynəlxalq təşkilatların qəbul etdiyi bu sənədlər uzun illər kağız üzərində qaldı, onların icrası üçün praktik mexanizm işlənmədi. 30 ilə yaxın aparılan danışıqlar prosesində vasitəçilərin müxtəlif formatlarda təkliflərinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Əksinə, işğal faktını möhkəmləndirməyə, yeni ərazilərə iddia etməyə çalışdı. Bu isə Azərbaycanın milli maraqlarına, beynəlxalq hüquqa və BMT qətnamələrinin tələblərinə tamamilə zidd idi. Azərbaycan diplomatiyası illər boyu sülh yolu ilə məsələnin həllinə sadiq qaldı. Ancaq beynəlxalq qurumların laqeydliyi, Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh prosesini nəticəsiz qoydu.      

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və tarixi ədalətin bərpası uğrunda mübarizəsini davam etdirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad edildi, Ermənistan ordusu darmadağın oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra etdi. Bu Zəfər ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, xalqımızın birlik və qətiyyətinin, ordumuzun gücünün təntənəsi idi. Müharibədən sonra da dövlətimizin qarşısında mühüm vəzifələr dayanırdı. Separatçıların fəaliyyətini davam etdirməsi və Laçın dəhlizi üzərindən silah daşınması təhlükəsizlik üçün ciddi təhdid idi. Azərbaycan 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaradaraq bu təhdidlərin qarşısını aldı və sərhədlərinə tam nəzarəti təmin etdi. Elə həmin il sentyabrın 19-20-da isə erməni separatçılarının təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi. Bu, dövlətçilik tariximizdə dönüş nöqtəsi, milli iradənin qələbəsi idi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.  2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Beləliklə, hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir vəsilədir.       

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü ölkəmizin milli iradəsinin, müstəqillik yolunda apardığı mübarizənin və tarixi qələbələrinin rəmzidir. Bu tarix Azərbaycanın 1991-ci ildə bərpa olunan müstəqilliyindən başlayaraq 2020-ci ildəki Zəfərlə, 2023-cü ildəki antiterror əməliyyatı ilə tamamlanan suverenlik mübarizəsinin zirvəsini göstərir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış  və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.  Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Избранный
20
ikisahil.az

1Источники