ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Dərs ilinin başlanmasından cəmi üç gün keçməsinə baxmayaraq, artıq məktəblərdə ciddi narahatlıq doğuran hadisələrlə üzləşirik. Belə ki, əvvəlcə məktəbdə bıçaqlanma faktı baş verdi, ardınca isə bir şagird dərs zamanı sosial şəbəkədə canlı yayıma çıxaraq nalayiq ifadələr işlətdi. Bu kimi hallar cəmiyyətdə ciddi suallar doğurur:
Günah daha çox məktəbin və müəllimlərin üzərindədir, yoxsa valideynlərin üzərində? Üstəlik, dərs prosesində uşağın canlı yayım açması nə dərəcədə doğru və qəbulolunandır?
Redaktor.az-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov bildirdi ki, məktəblərdə baş verən neqativ halların kökündə təkcə təhsil müəssisəsinin zəifliyi deyil, bütövlükdə ailə və cəmiyyətin formalaşdırdığı mühit dayanır.
"Təhlil göstərir ki, cəmi bir neçə gün əvvəl dərslərin başlamasına baxmayaraq, artıq məktəbdə bıçaqlanma hadisəsi qeydə alınıb və digər bir şagird dərs zamanı canlı yayıma qoşularaq nalayiq ifadələr işlədib. Bu faktlar göstərir ki, məktəblərdə təkcə tədris deyil, eyni zamanda tərbiyə, təhlükəsizlik və sosial məsuliyyət məsələləri də ciddi müzakirəyə ehtiyac duyur. Statistik məlumatlara əsasən, 2023-cü ildə məktəblərdə şagirdlər arasında 40-dan çox insident qeydə alınıb, onlardan bir qismi zorakılıq, digər qismi isə sosial şəbəkələrdə mənəviyyata zidd davranışlarla bağlıdır. Bu, təkcə təhsil sisteminin deyil, ailə nəzarətinin də zəifliyini sübut edir. “Ailə Məcəlləsi”nin 51-ci maddəsinə görə valideyn uşağın tərbiyəsinə və mənəvi inkişafına görə məsuliyyət daşıyır. Lakin əksər hallarda valideynlər övladlarına nəzarəti sosial şəbəkələrə həvalə edir, nəticədə məktəb bu boşluğu tam doldura bilmir.
Məktəbin rolu da kiçildilə bilməz. “Təhsil haqqında” Qanunun 18-ci maddəsində məktəbin funksiyaları sırasında şagirdlərin əxlaqi dəyərlərlə formalaşdırılması xüsusi vurğulanır. Əgər şagird dərs zamanı mobil telefondan istifadə edərək canlı yayım açırsa, bu, məktəbin daxili nizam-intizam mexanizmlərinin tam işləmədiyini göstərir. Dünya təcrübəsinə baxdıqda, bir sıra ölkələr bu problemi hüquqi və inzibati yolla həll edib. Fransada 2018-ci ildən etibarən məktəblərdə mobil telefon istifadəsi tam qadağan olunub. İngiltərədə məktəb rəhbərliyi dərs zamanı telefonların yığışdırılması hüququna malikdir. Yaponiyada şagirdlər yalnız təcili vəziyyətlərdə mobil telefon gətirə bilirlər. Azərbaycanda isə bu məsələ hələ də tam tənzimlənməyib və belə boşluqlar neqativ halların çoxalmasına şərait yaradır. Müəllimlərin də məsuliyyəti aydın görünür".
Ekspert qeyd etdi ki, müəllim yalnız fənn biliklərini ötürən şəxs deyil, həm də sinifdə intizamın təminatçısıdır.
"Əgər şagirdin dərs zamanı diqqəti yayındıraraq sosial şəbəkədə canlı yayıma qoşulması mümkündürsə, bu, dərsin idarə olunmasında problemlərin mövcud olduğunu göstərir. Lakin burada müəllimi tam günahlandırmaq da düzgün olmaz. Çünki bir sinifdə 25-30 şagirdin həm tədrisini, həm də davranış nəzarətini eyni anda həyata keçirmək praktiki baxımdan çətin olur. Müsbət məqam odur ki, Elm və Təhsil Nazirliyi bu məsələləri diqqət mərkəzində saxlayır. Nazirlik son illərdə məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, davranış qaydalarının yenilənməsi və “rəqəmsal təhlükəsizlik” mövzularında maarifləndirmə işləri aparır. Bu, çox vacibdir, çünki müasir dövrdə tərbiyə prosesinin bir hissəsi artıq sosial şəbəkələrdə gedir və məktəblər bu reallığa uyğunlaşmalıdır.
Müqayisəli təhlil göstərir ki, inkişaf etmiş ölkələrdə bu tip hadisələrə qarşı preventiv mexanizmlər daha güclüdür. Məsələn, Skandinaviya ölkələrində məktəblərdə zorakılıq və sosial mediadan sui-istifadə halları ilə bağlı dərslər keçirilməklə yanaşı, valideynlər də bu prosesə aktiv cəlb olunur. Azərbaycanda isə hələlik valideyn–məktəb əməkdaşlığı istənilən səviyyədə deyil. Nəticədə məsuliyyət bölgüsü aydınlaşdırılmadığı üçün həm məktəbin, həm də valideynin rolu zəifləyir. Belə halların qarşısını almaq üçün ilk növbədə valideynlərin məsuliyyət hissi gücləndirilməlidir. Çünki uşaq ilk dəyərləri ailədən götürür. Məktəb isə bu dəyərləri möhkəmləndirən, onları davranış normalarına çevirən məkandır. Müəllim isə həm akademik, həm də sosial tərbiyə prosesində aparıcı fiqurdur. Şagirdin dərs vaxtı canlı yayım açması heç bir halda qəbuledilən deyil, bu, həm müəllimə, həm məktəbə, həm də bütövlükdə təhsil prosesinə hörmətsizlikdir".
Müsahibimizin fikrincə, məsuliyyətin əsas yükü valideynlərin üzərinə düşsə də, məktəb və müəllimlərin də ciddi rolu vardır.
"Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir və göstərir ki, nazirlik artıq yalnız tədrisin deyil, sosial-mənəvi tərbiyənin də vacibliyini ön plana çəkir. Nə dəyişəcək sualına cavab isə aydındır: məktəblərdə intizam qaydaları sərtləşdirilməli, telefon istifadəsi ilə bağlı konkret mexanizmlər tətbiq olunmalı və valideyn-məktəb əməkdaşlığı gücləndirilməlidir. Nə dəyişməlidir məsələsinə gəlincə, ailə və cəmiyyətin övlad üzərində nəzarəti, məsuliyyəti və mənəvi təsiri güclənməlidir. Bu yanaşma ilə həm məktəbdə zorakılıq, həm də sosial mediadan sui-istifadə halları minimuma enə bilər", - deyə Kamran Əsədov yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.