RU

Vüqar Rəhimzadə: Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 20 Sentyabr-Dövlət Suverenliyi Gününün qürurunu yaşayır. Bayramlarımız sırasına daxil olan bu əlamətdar tarix Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin növbəti parlaq qələbəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz davamlı Zəfərlərə yol açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,  təqvimimizə  kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.

KONKRET.az xəbər verir ki, beynəlxalq hüquq normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizə yaxınını 30 il işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı XX əsrin ən dəhşətli faciəsi olan  Xocalı soyqırımını törətdi. Ermənistanın hərbi təcavüzünün, işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin həyata keçirilməsi üçün  30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. 2018-ci ildə dəyişən Ermənistan hökuməti də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Danışıqlara yalnız vaxt qazanmaq naminə qatılan Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığı açıq-aydın görünürdü.  Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə apardığı hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub, şəhər və kəndlərimizi azad edən əsgərlərimiz, zabitlərimiz əsl qəhrəmanlıq göstərdilər. Hər gün irəli getdik. Ermənistan silahlı qüvvələri  Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və  özlərinin etirafına görə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi.  Bu, Azərbaycan xalqının əyilməz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi. Şuşa Zəfərindən sonra düşmən  kapitulyasiyaya məcbur oldu. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi qələbəsi, Ermənistanın kapitulyasiyası təsdiqləndi. Dövlət başçısı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda bu məqamı xüsusi qeyd etmişdir ki, o vaxt  Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması  şüurlu seçimimiz idi və bu gün  burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unuda bilməyəcəyi dərs verilsə də, zaman keçdikcə bu reallığı gördük ki, bu, Ermənistan rəhbərliyinə dərs olmayıb. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistan tərəfinin törətdiyi hərbi təxribatlar antiterror tədbirlərini qaçılmaz etdi.  Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma rejim özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası bütün ərazilərimizdə tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edildi. Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününü ikiqat bayram kimi qeyd edirik. Milli Konstitusiyamızın qəbulunun 30 ilinin, Zəfərimizin 5 ilinin tamam olduğu nəzərə alınaraq 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.

Milli Məclisin deputatı bildirib ki, özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan xalqı yenilməz, məğrur, tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Bütün dünya Azərbaycan xalqını müzəffər xalq kimi tanıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir bayram bir hesabat, keçilən yolun və qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Artıq suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyev bildirir ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Bu çağırış da daim öndə saxlanılır ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Избранный
8
8
konkret.az

9Источники