RU

İşgaldan azad olmuş bölgələrdə uşaqlarla görüşlər


Bu günlərdə İşğaldan azad olmuş ərazilərdə - Füzuli, Laçın, Xocalıda uşaqlarla görüşlərin keçirilməsi layihəsi uğurla başa çatdı. Layihə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçdi. Layihənin rəhbəri uşaqların sevdiyi yazıçı, H.Zərdabi mükafatçısı, AYB-nin Prezident təqaüdçüsü Gülzar İbrahimova idi. O, yaradıcılığından başqa, həm də “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin rəhbəridir.

Yazıçı ilə uşaqların görüşünün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş bölgələrdə uşaqların yay tətili zamanı vaxtlarının maraqlı, əyləncəli, səmərəli keçirilməsi vasitəsi ilə maarifləndirilməsi, həmçinin həssas bölgələrə köçmüş uşaqların diqqətdən kənarda qalmaması olub.

Hər üç rayonda tədbirlər çox yüksək səviyyədə baş tutdu. Füzuli, Laçın və Xocalıda – layihə uğurla həyata keçdi. Füzuli və Xocalı rayonları üzrə təşkilati işləri Qarabağ Regional Mədəniyyət İdarəsi öhdəsinə götürüb həyata keçirdi.

İlk görüş Füzuli şəhərinin Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir iştirakçıları Füzuli rayon Heydər Əliyev Mərkəzinin, Rayon Mədəniyyət evinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, və Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin fəalları idi.

"Füzulili balalar ilə Gülzar nənənin yay nağılları” adlı altında keçirilən tədbir uşaqların sevincinə səbəb oldu. Tədbirin aparıcısı Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şəhanə Kərimova idi. O, Fizulililəradından qonağı salamladı, ona vətənpərvər, gözəl əsərlərinə görə minnətdarlıq bildirdi.

Laçın rayonunda Yazıçı Gülzar İbrahimova ilə uşaqların görüşünün keçirilməsinin təşkilati işlərini Laçın rayonunun Bərpa, Tikinti və İdarəetmə Xidməti öhdəsinə götürmüşdü. Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Belə ki, görüşə 100 - dən çox uşaq, o qədər də valideyn və müəllim toplaşmışdı. İsti hava şəraitində uşaqların tədbirə gəlişi üçün xüsusi kondisionerli avtobuslar təşkil edilmişdi. Demək olar ki, Laçında - dağın başında yerləşən 2 nömrəli məktəbə avtobuslar təşkil etmək tədbirin yüksək təşkilatçılıq səviyyəsini göstərdi.

Yazıçı ilə görüşdə Ədalət Məmmədov adına Zabux məktəbinin, Sus kənd orta məktəbin müəllim və şagirdləri də iştirak etdi. Tədbiri 2 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Ülviyyə Cəfərova açaraq, hər 3 məktəbin rəhbərliyi və görüşdə iştirak edən şagirdləri adından salamladı.

Təşkilatçı müavini Rüxsarə Nəsibzadə toplaşanlara yazıçı haqda qısa məlumat verərək, yayın isti günündə şagirdlərin görüşünə gəldiyinə görə, qonağa təşəkkür etdi. Həmçinin 20 ilin pedaqoqu bildirdi ki, bir yay günü uşağa nağıl kitabları hədiyyə etmək, ən gözəl hədiyyədir. Əgər bu kitabı müəllif öz əli ilə şagirdə verirsə, bu həqiqətən də uşağa mütaliəni sevdirən bir təşəbbüsdür. Rüxsarə müəllim hədiyyələrə görə layihəyə dəstək olan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlıq bildirməyi vacib hesab etdi.

Yazıçı Gülzar İbrahimova uşaqlara yaradıcılığındakı yeni əsərlərindən danışdı. Yenicə hazırladığı “Yusif və cücələr”, “Balaca bir qız dünyanı necə dəyişdirdi”, “Sincab acgöz Canavarı necə aldatdı” yeni cizgi filmləri hazırladıqlarını bildirdi. Sonra təzə yazdığı “Yay gəldi”, “Günəş və Ayın söhbəti” şeirlərini oxudu.

Xocalılı uşaqlarla görüş Xocalı rayon Mədəniyyət Evində keçdi. Təşkilatçılıq işləri Qarabağ Regional Mədəniyyət idarəsi tərəfindən təşkil edilmişdi.

Tədbirdə Xocalı MədəniyyətEvi işçiləri, Qəsəbə Klubu əməkdaşları, Kitabxana əməkdaşları, 4 nömrəli Xocalı məktəbi şagirdləri, Ağcakənd məktəbinin şagirdləri və 1 nömrəli uşaq bağçasının balaları iştirak etdilər.

Tədbirin aparıcıları Diliş Şahverdiyeva və Fidan Şahverdiyeva yazıçı Gülzar İbrahimovanın həyat və yaradıcılığı haqda çıxış edərək yazıçının həyat yolu ilə iştirakçıları tanış etdilər. Gülzar İbrahimovaya gözəl əsərlərə görə minnətdarlıq elədi.

1 nömrəli uşaq bağçasının uşaqları Gülzar İbrahimovanın sözlərinə yazılmış “Gizlənpaç” mahnısına məharətlə rəqs etdilər. Şagirdlərdən Quluzadə Aylin müəllifin sözlərinə yazılmış “Dünya, sən çox gözəlsən”, mahnısını, Məmmədova Ayan “Ana dilim” mahnısını məharətlə ifa etdi. Yazıçı onlara ““Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin diplomlarını və müəllifi olduğu kitablardan hədiyyə etdi.

Tədbir zamanı uşaqları ən çox maraqlandıran öyrədici, əyləncəli müsabiqələr və krossvord həlli oldu. Yuxarı sinif şagirdləri “Qədim Azərbaycan” və “Vətənimizin gözəllikləri” krossvordunun qalibləri olaraq, “Qızıl açar” diplomuna layiq görülüb, hədiyyələr aldılar. Kiçik yaşlı oxucular isə “Gizlənpaç” oyununda gizlənən uşaqları tez taparaq, hədiyyə aldılar.

Yazıçı görüş iştirakçılarına yaradıcılığındakı yeniliklərdən söz açdı. Yotubdakı “Sehrli Dünya” nağıllar kanalına 97 min abunəçi olduğu sevincini oxucuları ilə bölüşdü. Xocalı rayon Mədəniyyət Evinin bədii rəhbəri Təranə Qasımova gözəl əsərlərə görə Gülzar İbrahimovaya minnətdarlıq bildirdi.

Yazıçı tədbiri yüksək səviyyədə təşkil edib hazırlamış, Xocalı Mədəniyyət Evi kollektivinə təşəkkür etdi.Görüşdə Gülzar İbrahimovanın şeirləri, şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi, nağıllarından səhnəciklər göstərildi. “İşğaldan azad olmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüşlərin təşkili” layihəsinə görə yazıçı Gülzar İbrahimova ilə oxucuların görüşünün təşkil edilməsi, yazıçının kitablarından uşaqlara, kitabxanalara hədiyyə etməsi nəzərdə tutulmuşdu ki, bu da uğurla həyata keçdi.

Hər üç tədbirin sonunda bütün iştirakçılara, Məktəb kitabxanalarına və rayon Mərkəzi Kitabxanalarına müəllifin kitabları və hədiyyələr təqdim olundu. Tədbirlər xatirə şəkilləri çəkilməklə başa çatdı. Layihənin rəhbəri və tədbirlərin təşkilatçısı “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İB-nin rəhbəri, Yazıçılar Birliyinin üzvü, AYB Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı, uşaqların sevimli yazıçısı Gülzar İbrahimova idi.

Избранный
42
baki-xeber.com

1Источники