RU

Azərbaycan bayrağının rəngləri Ermənistanda dərs otağında - Deputatdan ŞƏRH

Ermənistanda yerləşən bir məktəbdə sinif otaqlarında istifadə olunan parta və stulların rənglərinin Azərbaycan bayrağının rənglərinə: mavi, qırmızı və yaşıl uyğun gəlməsi sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Həm Ermənistanda, həm də Azərbaycanda bu hal maraqla qarşılanıb. Sosial şəbəkələrdə və mediada yayılan fikirlərə görə, bir çoxları bu detala təsadüfi yanaşmır və hesab edir ki, bu addım Ermənistanın Baş naziri Nikol Paşinyanın məqsədli siyasətinin tərkib hissəsi ola bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan bayrağının rənglərinin hər hansı bir dərs otağında istifadə edilməsi normal qarşılanmalıdır:

"Çünki bu rənglər yalnız bayraqda deyil, biz bu rəngləri hər yerdə görə, hər yerdə qarşılaşa bilərik. Ancaq gördüyünüz kimi, hələ də Ermənistan cəmiyyətində müəyyən aqressiya olduğu üçün və xüsusilə də bu layihəni reallaşdıran şəxslərə irad bildirmək məqsədilə mən düşünürəm ki, belə bir mövqe ortaya qoyulub. Baxmayaraq ki, bu rənglər ən çox istifadə olunan rənglər sırasındadır. Sadəcə olaraq, bu təsadüfdürmü, yoxsa insanların gözünü alışdırmaq üçünmü edilib, bu suala təbii ki, biz dəqiq cavab verə bilmərik. Ancaq istənilən halda, biz Azərbaycan bayrağının rənglərinin Ermənistanda, məktəbin dərs otaqlarından birində yer almasına görə məmnunuq. Gün o gün olsun ki, bizim də diplomatik nümayəndəliyimiz Ermənistanda fəaliyyətə başlasın və Azərbaycanın üçrəngli bayrağı məhz Ermənistanda Azərbaycan səfirliyinin qarşısında dalğalansın. Mən düşünürəm ki, gec-tez o günlərə də biz şahidlik edəcəyik".

Nuriyyə NATİQQIZI

2
Избранный
13
redaktor.az

1Источники