Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli sentyabrın 19-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gədəbəy, Göygöl və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaq sahəsinin ayrılması, texnikaların icarəyə verilməsi, aqrotexniki xidmətləri ilə təmin olunma, özünüməşğulluq proqramı çərçivəsində iri və xırdabuynuzlu mal-qara ilə təmin edilmə və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Azad Cəfərli vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Gədəbəy rayonunun Slavyanka kəndində fermer Nizami Quliyevə məxsus kartof, çuğundur və kələm sahələrinə, Zəhmət kəndində fermer Ariz Aslanovun arıçılıq təsərrüfatına baş çəkib. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin mövcud vəziyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.