RU

İqtisadiyyatımızda fransız sərmayəsi 1 ildə 8 dəfə artıb - İngiltərə 1, Türkiyə 2...


Firdovsi Şahbazov: “İki ölkə arasında siyasi gərginlik azaldıqca, bu, fransız sərmayəsinin artmasında özünü göstərir”

Bu ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına 3 milyard 222,5 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon dollar və ya 8,2% artım deməkdir.

Əsas investisiya mənbələri sırasında Birləşmiş Krallıq lider olsa da, onun payı ötənilki 29,7%-dən 25%-ə enib. Türkiyədən cəlb olunan investisiyaların məbləği artaraq 628,7 milyon dollara çatıb və ümumi sərmayələrin 19,5%-ni təşkil edib. Kiprdən yatırılan vəsait 353,4 milyon dollar olub (11%).

Burada diqqəti çəkən məqam odur ki, Fransanın Azərbaycana yatırdığı investisiyalar kəskin artıb. Belə ki, Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya son bir ildə 8,6 dəfə artaraq 60,5 milyon dollara çatıb. Maraqlıdır, Fransadan Azərbaycana sərmayə qoyuluşunun dəfələrlə artması nə ilə bağlı ola bilər?

“Azərbaycanla Ermənistan arasında son bir ildə normallaşma prosesi, Fransanın da ölkəmizə...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, fransız sərmayəsinin artması son illər Azərbaycanla Fransa arasında gərginliyin azalması ilə bağlı ola bilər: “Nəzərə almaq lazımdır ki, Fransa ermənipərəst ölkə olsa da, Vətən müharibəsinə qədər bu ölkə ilə Azərbaycan arasında normal münasibətlər olub. Hələ ötən əsrin 90-cı illərinin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın “Total”, “Elf Atiken”, “GDF Suez” şirkətləri qoşulub. Onlar həm kəşfiyyat, həm də hasilat layihələrinin iştirakçıları olub. Fransanın xidmət şirkətləri, həmçinin, Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc da əldə ediblər. Sonradan Azərbaycanda lövbər salmış ən iri enerji şirkəti Total oldu. Bu şirkət artıq 29 ildir ki, Azərbaycandadır. Fransanın 1 nömrəli neft-qaz şirkəti “Şahdəniz”dən sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Abşeron” yatağının işlənməsində iştirak edir. Ümumilikdə, Fransanın Azərbaycanda 50-dən artıq şirkəti fəaliyyət göstərir. Vətən müharibəsindən sonra prezident Emmanuel Makronun işğalçı Ermənistanın yanında yer alması Bakı ilə Paris arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Çox keçmədi ki, bu, iki ölkə arasında ticarət dövriyyəsinin, o cümlədən sərmayə qoyuluşunun azalmasına səbəb oldu. Bu, 2021, 2022 və 2023-cü illərin statistik rəqəmlərində də özünü göstərir. Ancaq Azərbaycanla Ermənistan arasında son bir ildə normallaşma prosesi Fransanın da ölkəmizə münasibətdə qərəzli siyasətinin səngiməsinə səbəb olub. Əvvəllər Fransanın Azərbaycandakı səfiri Qarabağa səfər etməkdən imtina edirdisə, bir neçə ay əvvəl səfir Şuşaya səfər etdi. Hesab edirəm ki, bütün bunlar iki ölkə arasında iqtisadi əlaqələrə müsbət təsir edir. Fransanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların bir neçə dəfə artması bununla əlaqədardır. Bir sözlə, iki ölkə arasında siyasi gərginlik azaldıqca, bu, fransız sərmayəsinin artmasına öz təsirini göstərir”.

Vidadi ORDAHALLI

Избранный
30
baki-xeber.com

1Источники