RU

Azərbaycanda anoloqu olmayan komanda quruldu - Prezidentdən MARAQLI AÇIQLAMA

“Cari mövsüm yeni strateji xətt seçmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Saatlı”nın prezidenti Ədalət Abdullayev deyib.

II Liqada ikjnci mövsümünü keçirən aran təmsilçisi digər iştirakçılardan fərqli kurs götürüb.

Elşən Atakişiyevi sükan arxasına gətirmiş klub rəhbərliyi gəncləşdirmə siyasətinə üstünlük verib. Komandaya xeyli sayda yeniyetmə və cavan cəlb olunub.

Ə.Abdullayevi dinləyək:

“Əslində bu işə 2023-cü ildə start vermişdik. Əsas komandamız I Liqada mübarizəyə başlayanda lisenziya şərtlərində 1 aşağı yaş komandasının olması da vardı.

Ona qədər rayonumuzda Elşən Atakişiyevin rəhbərliyi ilə U-10,U-11,U-12,U-13 və U-14 komandalarımız AFFA-nın müvafiq yaş qruplarında çıxış edirdilər.

Biz də əsas komandaya ayrılan vəsait hesabına elə Elşən Atakişiyevin rəhbərliyi ilə U-15 Liqasında da təmsil olunmağa qərar verdik.

14 yaşını tamamlayan uşaqların itib-batmasının qarşısını almaq, fərqlənənləri növbəti illərdə əsas komandanın məşqlərinə cəlb etməyi planlaşdırdıq.

Artıq qış fasiləsində Ülvi Əvəzov əsas komandaya dəvət olundu. Təəssüf ki, mövsümün sonunda I Liqanı tərk etdik və maliyyə azlığı U-15-i saxlamağı mümkünsüz etdi.

Ötən mövsüm qışa qədər iki, qışda isə daha 7 gənc futbolçunu PFL-in qeydiyyatından keçirdik. Bu mövsüm Elşən Atakişiyevi əsas komandanın başına gətirməklə bu işi geniş miqyasa daşıdıq.

İlkin «23-lük»də Saatlıdan olan 18 nəfər sifariş olunub. Bunlardan ən yaşlısı 2001-ci il təvəllüddür.

Digər ikisi 2007-ci, daha 2 nəfər 2008-ci, beşi 2009-cu, üçü isə 2010-cu ildə dünyaya gəlib. Sonbeşiyimiz Əbülfəz Əlizadənin isə heç 15 yaşı tamam olmayıb (09.03.2011).

Kifayət qədər riskli, eyni zamanda gələcəyə hesablanmış addımlar atdığımızın fərqindəyik.

İlk turda 5 saatlıq yol qət edib, "Göygöl"dən 1 xal qoparan komandanın son oyunda "Şəki"yə böyük hesabla (0:12) məğlub olması futbolçuların oyun təcrübəsinin az olmasından və erkən qollardan sonra toparlana bilməməsindən irəli gəldi.

Hər şeyi unudub, növbəti oyuna hazırlaşırıq. Bu dəfə doğma meydanda səfər oyunu oynayacağıq.

Rəqib ev oyunlarını Saatlıda keçirən "Kür-Araz"dır. Qələbə qazanıb, əhval-ruhiyyəni yüksəltmək, ruh yüksəkliyi ilə mövsümə davam etmək istəyirik.

Çox təəssüf ki, istənilən səviyyədə azarkeş dəstəyi ala bilmirik. İnsanımızın laqeydliyi bütövlükdə ölkə futbolunun inkişafını ləngidən səbəblərdəndir, məncə.

Tələbkar toplum inkişafı daha çox tətikləyər, nəinki laqeyd kütlə. İnanırıq ki, bu dəfə bizi daha çox rayon sakini meydandan izləyəcək və tribunalar 90 dəqiqə susmayacaq".

Избранный
21
sportinfo.az

1Источники