Sentyabr müqəddəs aydır. Çünki illərlə köz bağlayan yaralarımıza, 30 illik həsrətimizə məlhəm olub. Millətin qisas hissi, azadlıq yanğısı və bütöv dövlət modeli məhz bu ərəfədə reallığa çevrilib. Yumruq kimi birləşib, eyni ürəkdə döyünüb, bir canda-Azərbaycanda cihada qalxdıq. Əzəli, əbədi yurd yerlərimizi azad etdik. Şəhid qanı axan torpaqlarda çiçək açan arzular köhnə ünvanlarda yeni reallıqlar yaratdı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi bütöv, müstəqil Azərbaycanın təməlini, bünövrəsini qoydu. Sülhsevər dövlət olaraq düşmən tərəfə məğlub olmasına baxmayaraq barışıq əli uzatdıq. Qarabağda hələ də qalan separatçı qüvvələrə silahı yerə qoyub, ərazilərimizi könüllü tərk etmələri üçün şərait yaratdıq.
Xain xoflu olar deyiblər. Qarşı tərəfin xain xisləti yenə də özünü büruzə verdi. İşğalçılıq əməllərindən əl çəkmədilər. Gizli yollarla Qarabağa silah-sursat daşımağa davam etdilər. Yüzlərlə mülkü və hərbi şəxslər minaların qurbanı oldu. Görünür Azərbaycanın dəmir yumruğundan dərs çıxartmamışdılar.
Səbr kasası dolan Azərbaycan dövləti 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi, cəmi 23 saat çəkən antiterror tədbirləri nəticəsində düşmən qüvvələri silahı yerə qoyub, təslim olmağa məcbur etdi. Bununlada, 30 illik işğal dövründə ərazilərimizdə kök salan düşmən qüvvələr tamamilə təmizləndi.
Xankəndi də başda olmaqla Xocalı, Ağdərə və digər ərazilərimizdə də Azərbaycan Bayrağı ən uca zirvələrdə dalğalandı. Ölkə başçısının da iştirakı ilə Xankəndidə keçirilən Zəfər paradı bir çox qaranlıq mətləblərə işıq saldı.
Azərbaycan ərazi bütövlüyünü tam təmin etmiş, bütöv, müstəqil dövlət kimi Cənubi Qafqazın aparıcı dövlətinə çevrildi. İndi dövlətimizin imzalar içində imzası var.
Artıq Azərbaycan bir çox sahələrdə dünyanın əksər dövlətlərinin diqqət mərkəzindədir. Bizimlə dost, tərəfdaş olmağa can atan ölkələrin sayı artmaqdadır. İnkişaf, yüksəliş Qarabağın yenidən tikilib, bərpa edilən kənd və şəhərlərində öz təsdiqini tapır.