RU

Ödənişli zonalar və ictimai nəqliyyatda nələr dəyişəcək? Elməddin Muradlı fərmanı şərh etdi

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Avtosfer.az xəbər verir ki, fərmanla dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Bu fərmanın şamil ediləcəyi bölgələr artıq müəyyənləşdirilib: Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri, eləcə də Abşeron, Ağdam, Şuşa Laçın rayonları.

Bəs bu fərman ictimai nəqliyyata və daşıyıcı şirkətlərə hansı yenilikləri gətirəcək? Hansı zonalar ödənişli olacaq?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib:

“Bu, Azərbaycanda ilk dəfə tətbiq edilən bir mexanizmdir. Fərmanın əsas mahiyyəti ictimai nəqliyyata dəstəkdir. Qeyd edim ki, dövlət tərəfindən ictimai nəqliyyata göstəriləcək bir dəstək nəzərdə tutulurdu. Buna “Brutto kontraktı” deyirdik. Bu məsələ illərdir müzakirə olunur. Daşıyıcılar avtobus sahəsində inkişafı planlayırlar və onlara da dövlət tərəfindən müəyyən subsidiyaların ödənilməsi nəzərdə tutulur”.

Ekspertin fikrincə, sözügedən sənəddə göstərilir ki, hər kilometrə görə dövlət tərəfindən daşıyıcıya pul veriləcək:

“Yəni, burada artıq daşıyıcının marağında olmayacaq ki, avtobusa nə qədər sərnişin minib, nə qədəri düşüb. Bu proses nağdsız ödəniş şəklində baş verərsə, həmin daşıyıcı dövlətdən dəstək ala biləcək. Amma burada şərtlər də var. Belə ki, elektrikli və sıxılmış təbii qazla işləyən avtobuslar olmalıdır. Bu, dizel mühərrikli avtobuslara şamil edilmir və nağdsız ödəniş məsələsi də həllini mütləq tapmalıdır”. 

Elməddin Muradlı bildirdi ki, fərmandan həm də görünür ki, Bakı şəhərində də ödənişli yollar  olacaq. Bu isə ödənişli hərəkət zonaları adlanır:

“İnsanlar müəyyən bir məsafədə həmin yollardan yalnız ödənişlə istifadə edə biləcəklər. Bu, dünya təcrübəsində var. Azərbaycanda isə bu, 2027-ci ildən tətbiq edilə bilər. Ancaq hələlik Bakı şəhərində hansı yolların ödənişli olacağı dəqiq bilinmir. Çünki bu fərmanın icrası 2027-ci ilin yanvar ayına təsadüf edəcək. Fərmanda da göstərilir ki, məsələlər bir neçə ay ərzində dəqiqləşdirilib Prezidentə məlumat verilməlidir və Nazirlər Kabineti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu məsələləri həll etməlidir. Zonalar bir müddət sonra müəyyən ediləcək və oradan yığılan pullar, eləcə də digər mənbələrdən əldə olunan gəlirlər fond tərəfindən ictimai nəqliyyatın inkişaflna yönləndiriləcək”.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
avtosfer.az

2Источники