RU

Naxçıvanda deputat-seçici münasibətlərinin belə həddə çatması pis əlamətdir...


Deputat-vətəndaş münasibətlərini sosial şəbəkələrdən məhkəmə zallarına aparan yol...

Naxçıvan Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkələrdə barəsində yayılan iddialara görə məhkəməyə müraciət edib. O, xadimə işləyən Pərvin Məmmədovanın böhtan xarakterli paylaşımlar etdiyini bildirərək, Cinayət Məcəlləsinin 147-ci maddəsi əsasında məsuliyyətə cəlb olunmasını tələb edir.

Əvvəlki şikayət sənədlərindəki qüsurlara görə iş icraata götürülməsə də, bu dəfə düzəlişlərdən sonra Şərur Rayon Məhkəməsi ərizəni qəbul edib və məhkəmə iclası 22 sentyabr 2025-ci il tarixinə təyin olunub.

Hadisənin mahiyyəti təkcə konkret bir mübahisəni deyil, həm də ümumilikdə deputat-vətəndaş münasibətlərindəki böhranın səbəblərini gündəmə gətirir.

Məlumdur ki, deputatlar, xüsusilə də Ali Məclis səviyyəsində, hüquqi baxımdan müəyyən immunitet və status üstünlüklərinə malikdirlər. Bu status həm onları qoruyan, həm də daha çox məsuliyyət daşımağa vadar edən bir çərçivə yaradır. Təəssüf ki, Azərbaycanda tez-tez müşahidə olunan hal odur ki, deputatlar bu statusu daha çox müdafiə qalxanı kimi istifadə edir, məsuliyyət hissini isə arxa plana keçirirlər.

Vətəndaş deputatı tənqid etdikdə, əslində, onun fəaliyyətini ictimai müzakirəyə çıxarır. Lakin bir çox hallarda deputatlar bu tənqidlərə açıq debat və ya cavab əvəzinə məhkəmə mexanizminə müraciət edirlər. Halbuki, demokratik ölkələrdə deputat öz nüfuzunu məhkəmə qərarları ilə deyil, fəaliyyətinin səmərəsi və cəmiyyətin ona bəslədiyi rəğbətlə qoruyur.

Demokratik ənənələri güclü olan ölkələrdə parlament üzvləri yalnız qanunverici deyil, həm də cəmiyyətin mənəvi dayağı, ağsaqqalı rolunda çıxış edir. Onların seçilməsi təbii siyasi seçmənin nəticəsidir. Bu, həm xalqın yetkinliyini, həm də siyasi institutların etibarlılığını göstərir.

Əksinə, ictimai rəydə etimad az olduqda, seçicilərin deputatlara qarşı sərt münasibəti formalaşır. Məsələn, Avropada ictimai rəyi aldatmaqla, şəxsi maraqlarını üstün tutmaqla tanınan “riyakar deputat” obrazı, demək olar ki, təsəvvür olunmur. Bu fərqi yaradan əsas amil deputatların fəaliyyətinin şəffaflığı və onların seçici qarşısında daşıdığı hesabatlılıqdır.

Müasir dövrdə sosial şəbəkələr ictimai münasibətlərin mühüm arenasına çevrilib. Burada adi vətəndaş fikirlərini, narazılıqlarını və ya qəzəbini tez-tez emosional və sərt formada ifadə edir. Vətəndaş üçün bu, sərbəst söz haqqının təbii istifadəsi kimi görünür.

Lakin deputat-vətəndaş münasibətlərində status fərqi ciddi nəticələr doğurur. Deputatların imic və nüfuzlarını qorumaq öhdəliyi onları bəzən sərt cavab addımları atmağa vadar edir. Bu da sosial şəbəkədə yazılan sözlərin məhkəmə zalına daşınması ilə nəticələnir.

Əslində, deputat nüfuzunu qorumaq üçün məhkəmə divarlarına sığınmamalıdır. Onun fəaliyyəti, vətəndaşa xidmət səviyyəsi, təşəbbüsləri və ədalətli mövqeyi elə bir zəmin yaratmalıdır ki, haqsız tənqidlərə cavabı ictimaiyyətin özü versin. Deputata rəğbət bəsləyənlərin sayı çox olduqda, əsassız iddialar avtomatik olaraq təsirsizləşir.

Bunun əksinə olaraq, sadə bir vətəndaşın yazdığı sosial şəbəkə statusu deputatı narahat edirsə, bu, artıq deputatın öz fəaliyyətinə ictimai etimadın zəifliyindən xəbər verir.

Əlbəttə, qanunlar var və onlara əməl etmək vacibdir. Hüquqi dövlətdə əsas prinsip “qanun şahdır” qaydasıdır. Deputatın da, vətəndaşın da hüquqları qorunmalıdır. Burada balansın düzgün qurulması əsas məsələdir. Avropa demokratiyasında məşhur bir deyim var: “Sənin yumruğun mənim burnuma dəyənə qədər azaddır”. Bu məntiqə görə, sərbəst ifadə hüququ başqasının şərəf və ləyaqətinə xələl gətirdiyi nöqtədə məhdudlaşır.

Deputat hər nə qədər ictimai persona olsa da, onun da hüquqları var. Amma eyni zamanda, ictimai şəxs olmaq daha çox dözümlülük və açıq hesabatlılıq tələb edir.

Deputat-vətəndaş münasibətlərinin bu həddə gəlib çıxmasının səbəbləri həm sosial, həm hüquqi, həm də psixoloji amillərlə bağlıdır. Sosial şəbəkələr emosiyaları gücləndirir, status fərqi isə bu münasibətləri kəskinləşdirir.

Əslində, bu qarşıdurmaların azalmasının yeganə yolu deputatların öz fəaliyyətləri ilə nüfuz qazanmalarıdır. Deputat seçicisi ilə məhkəmə zalında deyil, cəmiyyətin içində, fəaliyyəti və nümunəvi davranışı ilə dialoq qurmalıdır. Əks halda, hər bir “status paylaşımı” yeni bir “məhkəmə işi”nə çevriləcək və bu da deputat-seçici münasibətlərindəki uçurumu daha da dərinləşdirəcək.

Akif NƏSİRLİ

Избранный
18
baki-xeber.com

1Источники