RU

Adı qəlblərdə yaşayır

Artıq sənin ölümündən bizi 31 illik zaman məsafəsi ayırır. Təəssüflər olsun ki, arxada qalmış, xatirələrə hopmuş və tarixə dönmüş o illəri sənsiz yaşadıq, Nurəddin. Sənin keçdiyin həyat və döyüş yolunu ağ vərəqlər üzərinə köçürmək üçün əlimizə qələm alanda həmişə təbəssümlü çöhrənlə gəlib gözlərimiz önündə dayanırsan. O mehriban baxışlarından ürəyimizə süzülən doğmalıq, yaxınlıq hər dəqiqə gözlərimizi yaşla doldurur. Yəqin elə buna görədir ki, ilk sətirlərdən sonra sənin haqqında nəsə yazmağa özümüzdə güc tapa bilmirdik. Gözlərimizdən ürəyimizə axan göz yaşları sanki barmaqlarımızı dondururdu. Amma günlərin birində qəlbimizi, ürəyimizi bürüyən kədərə üstün gələrək sənin ömür və döyüş yolunu özündə əks etdirən yazıya ilk sətirləri köçürə bildik...  

1980-ci ilin sonlarından başlayaraq erməni işğalçıları başqa rayonlar kimi, Zəngilanın da sərhəd kəndlərini atəşə tutur, evlərə hücum çəkib yandırırdılar. Bu ağır günlərdə sən silaha sarılıb torpaqlarımızın müdafiəsində dayanan qeyrətli oğulların sıralarına qoşuldun. Neçə-neçə qanlı döyüşlərin iştirakçısı oldun. Ölümdən qorxmadan cəsarətlə, hünərlə vuruşdun. Dəqiq atəş zərbələrinlə neçə-neçə erməni quldurunu məhv etdin. Havadarlarına arxalanan işğalçılar göstərdiyiniz ciddi müqavimətə baxmayaraq, dayanmadan irəliləyirdilər. Günlər keçdikcə vəziyyət gərginləşirdi. Artıq rayonun işğal olunmaq təhlükəsi yaranmışdı. Sən Zəngilan rayonu uğrunda gedən son döyüşlərdə də iştirak etdin. 

Amma nə qədər müqavimət göstərsəniz də, vuruşsanız da erməni işğalçılarının hücumlarını dayandıra bilmədiniz. Çünki havadarları yağıları yaxşı silahlandırmış, arxalarında möhkəm dayanmışdılar. Çox təəssüflər olsun ki, qəsbkarlar qoynunda dünyaya göz açdığı Zəngilan rayonunu da işğal etdilər. Başqa yaşayış məntəqələri kimi, kəndimizin də sakinləri doğma ocaqlarından didərgin düşdülər. Onlar Arazın soyuq sularından güclə keçib o tərəfə, İran İslam Respublikasının ərazisinə adladılar. Erməni işğalçılarının əlindən güclə qurtardılar. Ata-baba torpaqlarımızın düşmənlərin əlinə keçməsi ürəyimizi yandırdı, qəlbimizi göynətdi.  

Nurəddin canından da çox sevdiyi Vətən uğrunda şəhid oldu

 Doğma ocaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunduqdan sonra sən bəziləri kimi qaçıb orda-burda gizlənmədin. Xidmət və döyüş yolunu Füzuli istiqamətində vuruşan hərbi hissənin tərkibində şərəflə davam etdirdin. Son döyüşün bu rayonun Qorqan kəndi uğrunda oldu. Soyuq bir qış günündə döyüşdə şəhid olduğunu eşitdik. Ölüm xəbərin bizləri, səni sevənləri çox sarsıtdı. Acı göz yaşları içində səni İkinci Şəhidlər xiyabanında uğrunda qanını tökdüyün Vətən torpağına tapşırdıq. Heç birimiz sənin yoxluğunla barışmaq istəmirdik. Amma bu reallıq idi, sən canından da çox sevdiyin Vətən uğrunda şəhid olmuşdun. Qəhrəmanlığınla, igidliyinlə əbədilik qazanmışdın. Sən kəndimizin ilk şəhidi oldun.

Ölümündən bir neçə ay sonra xidmət etdiyin hərbi hissəyə getmişdik. Sənin hansı şəraitdə şəhid olduğunu öyrənmək istəyirdik. Çünki kimlərsə anana, Əminə bibimə demişdi ki, guya oğlun ölməyib, sağdır, ermənilər onu yaralı vəziyyətdə əsir götürüblər. Düzdür, bu inandırıcı deyildi. Sənin haqqında həqiqəti öyrənmək üçün taborunuzun komandiri zabit Tarıyel Qəhrəmanovla görüşdük. O, bizi sonadək dinlədikdən sonra masasının üstündəki jurnalı açıb bir-bir şəhid olanların adlarını nəzərdən keçirməyə başladı. Æurnal asta-asta vərəqləndikcə ürəyimizdə Allaha yalvarırdıq ki, kaş sənin adın bu siyahıda olmasın. Amma o, bir azdan komandirin dayanıb əlini sətirlərdən birinin üstünə qoyaraq - budur, Nurəddinin adını tapdım, - dedi. Bu sözlər sənin sağ qaldığına olan ümidimizi tamamilə ürəyimizdən sildi. Zabitin dəftərçəsində əyri-üyrü xətlərlə yazılmış bu qeydləri öz gözlərimizlə oxuduq: "Nuriyev Nurəddin Azad oğlu 18 yanvar 1994-cü ildə Qorqan kəndi uğrunda gedən döyüşdə şəhid olub. Meyiti dayısına verilib". Bu yerdə qəhər bizi boğduğundan danışa bilmədik. Amma belə yerdə göz yaşları heç vaxt adama kömək eləmir...

Yeddi saat mühasirədə qalıb müdafiə olundular

Kədərli hisslərlə, ağır addımlarla bir vaxtlar yatıb gecələdiyin taborun kazarmasına gəldik. İstəyirdik ki, səninlə çiyin-çiyinə xidmət etmiş, vuruşmuş əsgər dostlarınla görüşək. Sənin adını hörmətlə yad edən Heydər İsmayılov, İxtiyar Süleymanov və adlarını unutduğum başqa döyüşçülərlə xeyli söhbət etdik. Daha çox sənin şəhid olduğun son döyüşlərindən bəhs etdilər. Əsgər dostun İxtiyar Süleymanov səni kədər hissi ilə xatırlayaraq dedi:

- Nurəddin Nuriyevi xidmətə gələn ilk günlərdən tanıyırdım. O, Zəngilan rayonunun Babaylı kəndində dünyaya göz açmışdı. 1993-cü ilin oktyabr ayına qədər doğulub boya-başa çatdığımız rayonu Qafanla, Gorusla və Mehri ilə həmsərhəd olan kəndlərini erməni işğalçılarından müdafiə etdik. Zəngilan işğal olunduqdan sonra biz yenə də Nurəddinlə birlikdə Füzuli istiqamətində gedən döyüşlərə qoşulduq. Ordumuz getdikcə güclənirdi, silah-sursatla, canlı qüvvə ilə təminatımız yaxşılaşırdı. Buna görə də rayonun yaşayış məntəqələrini bir-bir işğalçılardan azad edirdik. Yanvar ayının 18-də taborumuza Qorqan kəndini düşməndən təmizləmək tapşırıldı. Səhər tezdən yaşayış məntəqəsinin sağ tərəfindən, əlverişli mövqedən qəsbkarların üzərinə hücuma keçdik. Xeyli vuruşduqdan sonra nə səbəbdənsə bizdən yan tərəfdəki qüvvələrimiz hücumu yarımçıq qoyub geri çəkildilər. Buna görə də biz üçbucaq şəklində mühasirəyə düşdük. Həmişəki kimi Nurəddin yenə də lap öndəki qüvvələrin sırasında döyüşürdü. Onlar səkkiz nəfər idilər. Biz çətinliklə də olsa, vuruşa-vuruşa geri çəkildik. Amma irəlidə döyüşən əsgərlərimiz mühasirəyə düşdülər. Həmin ərazi düşmənin nəzarətində olduğundan vəziyyət xeyli gərginləşdi. Mühasirəyə düşmüş cəsur əsgərlərimiz təslim olmur, əlverişli mövqe tutub vuruşurdular. Rabitə vasitəsilə öyrəndik ki, Nurəddin ayağından yaralanıb. Nəyin bahasına olursa-olsun, mühasirəni yarıb həm Nurəddini, həm də digər döyüşçülərimizi xilas etməliydik. Amma nə qədər cəhd göstərsək də, bu mümkün olmurdu. Mövqelərində möhkəmlənən yağılar ciddi müqavimət göstərirdilər. Əsgərlərimiz yeddi saat düşmənin mühasirəsində qalıb müdafiə olundular. Axşama yaxın güclü artilleriya hazırlığından sonra işğalçılar üzərinə hücuma keçdik. Bir neçə saat çəkən ağır, qanlı döyüşdən sonra düşmən geri çəkildi, mühasirə yarıldı. Təəssüf ki, artıq əsgər dostum, cəsur döyüşçü Nurəddin Nuriyev dünyasını dəyişmişdi. Yadımdadır, Füzulinin kəndlərini daşnaklardan bir-bir azad etdikcə o sevinirdi. Deyirdi ki, İxtiyar, əgər döyüşlər belə uğurla davam eləsə, yəqin vuruşa-vuruşa yaxın vaxtlarda Zəngilana, doğma ocaqlarımıza gedib çıxacağıq. Amma düşmən gülləsi onun bu arzusunu ürəyində qoydu. 

Əsgər dostlarınla söhbət etdikdən sonra şəhid olduğun Qorqan kəndinə də getdik. Sənin ölümündən bir neçə gün sonra cəsur əsgərlərimiz bu kəndi qəsbkarlardan azad etmişdilər. Həm kəndin özü, həm də ətrafdakı dərələr necə də bizim tərəflərə oxşayırdı. 

Tez-tez Şəhidlər xiyabanına gedirik. Məzarının qarşısında dayanıb kədər hissləri ilə sənli günlərimizi xatırlayırıq. Sən əmimizin ailəsində doğulmuşdun, gözlərimiz qarşısında böyümüşdün. Bütün olub-keçənlər kino lenti kimi gözlərimiz önündən gəlib keçir. Məzar daşından boylanan şəklinə baxdıqca göz yaşlarımız üzümüzə süzülürdü. Kədərin, qəmin əlindən yanıb-yaxılırdıq. Məzarında rahat uyu, Nurəddin. Çünki şanlı ordumuz şəhidlərin qanını yerdə qoymadı, qisasınız düşmənlərdən alındı.

Nurəddin qısa, amma şərəfli bir ömür yaşadı

Sən çox qısa, lakin şərəfli bir ömür yaşadın. Biz hamımız - səni tanıyanlar nə vaxtsa, neçə illər sonrasa həyatda heç bir iz qoymadan dünyadan köç edib gedəcəyik. Amma sən həmişə həm bugünkü, həm də gələcək nəsillər tərəfindən xatırlanacaqsan, ziyarət olunacaqsan. Çünki sən torpaq, Vətən uğrunda axıtdığın qanınla, döyüşlərdə göstərdiyin igidliyinlə, cəsarətinlə tarixin səhifəsinə öz adını böyük hərflərlə yazmısan. Şəhidlər heç vaxt unudulmur, həmişə hörmət və ehtiramla xatırlanır.

Ölümündən altı ay sonra böyük qardaşın Məcnunun ailəsində yenicə doğulmuş körpəyə sənin adını verdilər. Bu balaca Nurəddin evdəki bütün əşyalara diqqətlə baxırdı. Onun baxışları sənin böyüdülüb divardan asılmış şəklinin üstünə gələndə bir anlıq dayanır, sanki körpə sənin ruhunla danışır. Sənin adın qoyulduğundandır, yoxsa nədəndirsə hamımız bu balaca körpəni çox istəyirik. Bütün bunlarla demək istəyirəm ki, biz sənin adını qəlbimizdə, ürəyimizdə yaşadırıq, unutmuruq. İndi maşallah, adını daşıyan Nurəddin xeyli böyüyüb. 

Sənin ölümündən sonra uzun illər idi ki, doğma ocaqlarımızın həsrətini çəkə-çəkə qalmışdıq. Ata-baba yurdumuz üçün burnumuzun ucu göynəyirdi. Aradan uzun illər keçməsinə baxmayaraq, hələ də o yerlərə qayıda bilmirdik. Hələ də doğma ocaqlarımız, dünyasını dəyişmiş əzizlərimizin məzarları, üstündə böyüdüyümüz o gözəl yerlər erməni işğalçılarının tapdağı altında inləyirdi. Kəsilmək bilməyən bu inilti ürəyimizi, qəlbimizi dağlayırdı. Yurd yerlərimiz bizsiz, biz də doğma ocaqlarsız qalmışdıq. Ermənilər sülh yolu ilə torpaqlarımızı qaytarmaq fikrində deyildilər. İstəyirdilər ki, zəbt etdikləri torpaqlar həmişəlik olaraq onlara qalsın. Təbiidir ki, bununla barışmaq, razılaşmaq olmazdı. Hansı yolla olursa-olsun, torpaqlarımızı erməni işğalçılarından azad etməliydik. Ermənilər illərdən bəri əllərində saxladıqları ərazilərimizi geri qaytarmaq əvəzinə yeni torpaqlarımızı zəbt etməyi planlaşdırırdılar. Sən şəhid olandan 26 il sonra, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 20 oktyabr 2020-ci ildə qoynunda dünyaya göz açdığın, bir zamanlar uğrunda vuruşduğun Zəngilan rayonu da azadlığına qovuşdu.  

Bu xoş xəbər hamımızı ürəkdən sevindirdi. Rəşadətli Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı bu şanlı Zəfərdən siz şəhidlərin də ruhu şad oldu. 30 ilə yaxın idi ki, doğma ocaqlarımızın həsrətini çəkə-çəkə qalmışdıq. Çox şükürlər olsun ki, həsrətə, intizara son qoyuldu. Uzun illərin ayrılığından sonra gözəl günlərin birində kəndimizə getmişdik. Ermənilər evləri uçurub dağıtmış, kəndimizdə bir kəndlik qoymamışdılar. Çox üzücü, kədərli mənzərələr idi, hər tərəf qan ağlayırdı. Sənin qoynunda böyüdüyün kəndimizdən heç bir iz qalmamışdı. Əzizlərimizin məzarını ziyarət etmək üçün qəbiristanlığa da baş çəkdik. Ermənilər ölüləri də rahat qoymamışdılar. Məzarların başdaşlarını sındırıb dağıtmışdılar, qəbirlərin ətrafını oyuq-oyuq etmişdilər. Ürəyimizdə qəm yükü əzizlərimizin məzarlarını ziyarət etdik.

Rayondakı Şəhidlər xiyabanını ziyarət edəndə sənin də burada rəmzi məzarının qoyulduğunu gördük. Şəklindən boylanan baxışlarına baxa-baxa rəmzi məzarını ziyarət etdik. Şəklinin qarşısına gül dəstələri qoyduq. Bizdən başqa, xiyabana digər gələnlər də var idi. Xalqımız sənin kimi torpaqlarımızın azadlığı uğrunda vuruşaraq şəhid olan oğulları heç vaxt unutmur, həmişə xatirələrini ehtiramla yad edir. 

Kənddən geri qayıdanda bir ovuc torpaq gətirib Şəhidlər xiyabanındakı məzarının üstünə səpdik. Məzarında rahat uyu, əmioğlu Nurəddin! Həm düşmənlərdən torpaqlarımız azad olundu, həm şəhidlərin qisası alındı. Biz sənin kimi cəsur oğullarımızı heç vaxt unutmayacağıq, həmişə məzarlarınızı ziyarət edəcək, xatirənizi böyük ehtiramla anacağıq.   

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
27
azerbaijan-news.az

1Источники