RU

“Əsrin müqaviləsi”nin 31 ili - Azərbaycanın qazancları

İlham Şaban: “İri neft müqaviləsinin imzalanması ilə cəmiyyətdə gələcəyə ümid, xaricdə isə ölkəmizə maraq yarandı”

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 31 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. 

Müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. AÇG-dən saziş çərçivəsində ilk neft 1997-ci ildə əldə olunub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyn tona çatıb - hasilat 5,6 dəfə artıb.

“Əsrin müqaviləsi”nin icrası zamanı Azərbaycan neftini dünya bazarına çatdıran kəmərlər şəbəkəsi yaradılıb. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Neft hasilatının artması ilə daha böyük ötürücülük gücünə malik Bakı-Tiflis-Ceyhan neft kəməri inşa olunub. Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. “Yeni əsrin müqaviləsi” adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor” (əvvəlki “Statoil”), “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz müəyyən edilib.

İlham

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycan sənaye kapitalizminin yaranması “Azəri-Çıraq-Günəşli” layihəsinin icrasından başlayır: “Bolşevik Rusiyası 28 aprel 1920-ci ildə Azərbaycan Xalq  Cumhiriyyətini silah gücünə devirəndən sonra həmin ilin mayın ilk günlərində neft sənayesini milliləşdirdi və bununla da kapitalizm müvəqqəti olaraq süqut etdi. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman bazar iqtisadiyyatına keçid hədəf kimi götürüldü. Amma Azərbaycan Respublikasında sənaye kapitalizminin yaranması ”Azəri-Çıraq-Günəşli" layihəsinin icrasından başlayır. 

1995-ci ilin fevralında “əsrin müqaviləsi” adını almış layihə üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AİOC) təqribən 85 illik fasilədən sonra ölkənin neft sənayesində ilk səhmdar (özəl) hasilatçı şirkət kimi fəaliyyətə başladı.    

“Əsrin müqaviləsi” ilk növbədə ümid, sonra imkanlar, daha sonra isə onların gercəkləşdirilməsi idi. Müqavilə Azərbaycana yeni idarəçiliyi, müasir dövrdə əməklə kapital arasındakı yeni münasibətləri gətirdi. Sovet sisteminin ətalətindən çıxmaqda çətinlik çəkən insanlara belə sonda aydın oldu ki, əmək məhsuldarlığının artımı məhz düzgün idarəçilik, innovativ texnologiyaların tətbiqi, məhsuldar qüvvələrin əmək şəraitinin daim yaxşılaşdırılması və cəmiyyətə açıqlıq prinsipləri ilə şərtlənir. 

Bu cür yanaşmanın nəticəsi idi ki, “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin dərin hissəsində gerçəkləşdirilən layihəni qonşu ölkələrin quruda reallaşdırdığı layihələrlə müqayisədə daha az kapital qoyuluşu hesabına ərsəyə gətirmək mümkün olmuşdu". 

Ekspert bildirir ki, indiyə qədər Azərbaycan cəmiyyətinin “Əsrin müqaviləsi”nə göstərdiyi maraq qədər ikinci bir layihəni xatırlamaq olmur: “İctimai maraq isə layihənin uğurunun bir hissəsi, bəlkə də, başlıca hissəsidir. Bu baxımdan ”Əsrin müqaviləsi" başlanğıcdan Azərbaycanın bir tanıtım layihəsi kimi ərsəyə gəldi. O, daxildə iqtisadi stabilliyin yaranmasının başlıca elementi kimi çıxış edirdisə, beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində gənc bir dövlət üçün böyük əhəmiyyət kəsb edən vasitə idi.

Ona görə də layihənin hər bir detalı da, onunla əlaqəli hər bir yeni yaranan qurum da Azərbaycanın həyatında “Əsrin müqaviləsi”nin adına layiq şəkildə öz yerini tuturdu. 

Azərbaycan Dövlət Neft Fondu birbaşa “Əsrin müqaviləsi” çərçivəsində ölkənin əldə etdiyi gəlirlərin idarə olunması, xərclənməsi və gələcək nəsillərə saxlanılması kimi vacib məqsədlə bağlıdır. Bu baxımdan dövlət başçısının vaxtında və düzgün atdığı addım Azərbaycanı bir sıra ölkələrin vaxtilə təcrübəsizlikdən getdiyi neqativ yollardan çəkindirdi və indi əminliklə demək olar ki, artıq Neft Fondu ölkənin iqtisadi təhlükəsizliyində mühüm rol oynayan bir institusional quruma çevrilib. Bu isə iqtisadiyyatı dünya neft bazarında baş verən kataklizmlərdən qorumaq, ölkə iqtisadiyyatının stabil inkişafı üçün çox yaxşı bir imkandır. 

Beləliklə, “Azəri-Çıraq-Günəşli” müqaviləsi Azərbaycanı yenidən dünyanın neft xəritəsinə yerləşdirdi. Ehtiyatlarının həcmi, gətirəcəyi mənfəət və iqtisadiyyatın digər sahələrində (tikinti və xidmət) yaradacağı əlavə dəyər nəzərə alınmaqla AÇG müqaviləsi Azərbaycanın nəinki neft tarixində, habelə iqtisadi tarixində ən mühüm layihə oldu". 

İ.Şabanın sözlərinə görə, iri neft müqaviləsinin imzalanması ilə Azərbaycan cəmiyyətində gələcəyə ümid, xaricdə isə Azərbaycana bir maraq yarandı.  Bu müqavilə Azərbaycanın xarici aləm üçün pozitiv fonda ilk tanıtımı idi, müqavilənin icrası isə kapital dünyası üçün ciddi bir mesaj idi ki, Azərbaycanla istənilən mürəkkəb layihəni işləmək mümkündür. Bu günə qədər Azərbaycan tərəfinin imzaladığı neft müqavilələrində birtərəfli qaydada nəyisə dəyişməyə cəhd etməməsi onun beynəlxalq aləmdəki nüfuzunun yüksəlməsinə, investorlarda Azərbaycana olan inamın artmasına səbəb olub. 

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycan ərazisində özəl şirkətlərin səhmdarı olduğu ixrac boru kəmərlərinin yaranmasına gətirib çıxardı.

Beynəlxalq maliyyə təşkilat və təsisatlarında Azərbaycanın kredit ödəmək qabiliyyəti xeyli yüksəldi. Müqavilə Azərbaycanın böyük həcmdə valyuta ehtiyatlarına malik olmasına yol açdı. Bu da öz növbəsində ölkənin özünün investisiya və iqtisadi siyasətini aparmasına gətirib çıxardı. Azərbaycanın dünya iqtisadi birliyinə, dünya bazarına daxil olması və inteqrasiyası prosesi sürətləndi, bazar münasibətləri getdikcə dərinləşdi. 

Müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində müstəsna rola malikdir. Onun reallaşmasından ölkənin əldə etdiyi gəlirlərlə iqtisadiyyatın heç bir sektorunun gətirdiyi qazancı müqayisə etmək mümkün deyil".

“Əsrin müqaviləsi”nin ardınca Azərbaycanla neft və qaz kəşfiyyatı və hasilatı üzrə daha 40 hasilatın pay bölgüsü sazişi imzalandı: “Ümumilikdə ölkənin neft sənayesinə indiyə qədər 105 milyard dollara yaxın  sərmayə qoyulub. Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri yerli kadrlara neft mühəndisliyi kimi son dərəcə təkmil sahələrdə qabaqcıl biliklər və təcrübə verdi. Yerli işçilər bu biliklərdən xeyli faydalandı və faydalanırlar. Bu gün Azərbaycan peşəkarlarını dünyanın istənilən neft və qaz məkanlarında görmək mümkündür. 

Beləliklə, yerin təkindəki ehtiyatlarından xarici neft şirkətləri ilə əməkdaşlıq formasında rasional şəkildə istifadə etmək siyasəti Azərbaycanı qlobal neft bazarlarına çıxış əldə etməyə, bu bazarın birbaşa iştirakçısına çevrilməyə və beynəlxalq aləmlə sıx münasibətlər qurmağa imkan yaratdı. 

Nəhayət, Azərbaycan ötən müddətdə böyük iqtisadi, siyasi və coğrafi-strateji uğurlara nail oldu. Gələcəkdə isə bu uğurlar daha da artacaq. Azərbaycan indi artıq bölgənin coğrafi-siyasi mərkəzinə çevrilib. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı vəziyyətə təsiri isə reallaşdırdığı qlobal layihələr hesabına getdikcə daha da artacaq".

Qeyd edək ki, 2010-cu ildəki pik hasilatdan sonra AÇG-də neft hasilatı tədricən azalmağa başlayıb. Bu, yatağın qocalmasından irəli gələn təbii proses kimi qiymətləndirilir. Neft hasilatının azalmasına görə azalan gəlirlərin bir qismini “Şahdəniz” qaz-kondensat yatağından hasil olunan qaz və qaz kondensatının ixracı ilə kompensasiya etmək mümkün olsa da, azalan neft gəlirlərini tam əvəzləmək mümkün deyil. Bu baxımdan, neft hasilatındakı azalma perspektivinin nəzərə alınaraq, iqtisadiyyatın digər sektorlarında iqtisadi artımı dəstəkləyəcək sahələrin inkişaf etdirilməsi son dəcərə vacibdir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində buna nail olunduğunu söyləmək qeyri-mümkündür. Xüsusilə bir vaxtlar neft gəlirlərini əvəzləyəcək sahələr kimi önə çıxarılan turizm, kənd təsərrüfatında gözlənilən inkişaf səviyyəsi təmin olunmayıb. Lakin son illərdə nəqliyyat-logistika sektoruna yatırımlar, qlobal və regional nəqliyyat dəhlizi layihələrində aktiv iştirak, yaşıl enerji sahəsində iri layihələrin icrasına başlanması orta və uzunmüddətli dövrdə neftdən azalan gəlirlərin kompensasiya olunmasına ümidləri artırır. Bu işlərin hamısı, əlbəttə, neft gəlirləri hesabına həyata keçirilir...

Dünya SAKİT,

“Yeni Müsavat”

 

Избранный
9
3
musavat.com

6Источники