RU

Bölgələrdə Dövlət Suverenliyi Günü təntənə ilə qeyd edilib

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri konfrans keçirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məclisdə məruzə ilə çıxış edib. Şəhər rəhbəri qeyd edib ki, xalqımız ikinci ildir ki, Qarabağ münaqişəsinə son qoyan 2023-cü ilin antiterror əməliyyatının tarixi önəmini ifadə edən Dövlət Suverenliyi Gününü şanlı qələbə bayramı kimi qeyd edir. Bu tarixi əməliyyat yalnız hərbi nailiyyət deyil, həm də uzun illər boyu davam edən işğalın, separatizmin və qeyri-qanuni rejimlərin yaratdığı təhlükənin aradan qaldırılması demək idi. Əməliyyatın ən önəmli siyasi nəticələrindən biri isə qondarma Dağlıq Qarabağ rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu.

Konfransda YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Suveren Azərbaycan – Heydər Əliyev ideyalarının zəfəridir”, MDU Təhsil fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova, “Dövlət Suverenliyi Günü dövlətimizin gələcək inkişaf yolunun simvoludur”, Mingəçevir şəhər 9 saylı tam orta məktəbin direktoru Seymur Məhərrəmov “Suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni imkanlar açır”, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi və Antiterror əməliyyatı iştirakçısı Elçin Teymurov “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixin ən şanlı mərhələsini yaşayır” mövzularında məruzələrlə çıxış ediblər.

***

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş təntənəli mərasim keçirilib.

Toplantıda əvvəlcə ölkəmizdə suverenliyi tam bərpa etmiş 2023-cü ilin antiterror əməliyyatında ordumuzun qəhrəmanlığının əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Dövlət Suverenliyi Gününün təqvimimizdə şərəfli yer almasından söz açaraq qeyd edib ki, 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuzun qarşısına qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Mərasimdə bildirilib ki, rayon rəhbəri bildirib ki 1 il əvvəl 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.

Toplantı rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Избранный
39
xalqqazeti.az

1Источники