RU

Azərbaycan Qran Prisi: sürət, strategiya və məharətin vəhdəti

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin ilk günü maraqlı anlarla yadda qaldı. Günün əsas diqqətçəkən məqamı birinci sərbəst yürüşün nəticələri oldu. Öncə Formula 2 sürücüləri trası sınaqdan keçirdilər. Sərbəst yürüşdə gənc pilotlar sazlanmalar üzərində işlədilər və yarış üçün strategiyalarını yoxladılar. Mövsümün sonuna cəmi üç mərhələ qaldığı üçün çempionluğa iddialı yeddi sürücü arasında mübarizə xüsusilə maraqla gözlənilirdi. Sonra Bakı trasına Formula 1 pilotları çıxdılar, nəticələr yarışların düşünüldüyündən də çətin keçəcəyindən xəbər verdi.

Formula 1 sürücüləri bir saatlıq ilk sərbəst yürüşdə Bakının çətin trasında, xüsusilə də dar 90 dərəcəlik döngələrdə və yeni asfalt örtüklü hissələrdə “Pirelli” təkərlərinin davranışını sınaqdan keçirdilər. “Maklaren” komandası sessiyada üstünlüyünü açıq şəkildə nümayiş etdirdi. Gərgin mübarizə şəraitində baş tutan yürüşdə komandanın pilotu Lando Norris bütün rəqiblərini üstələyərək ən yaxşı nəticəyə imza atdı. Onun ardınca komanda yoldaşı, gənc və istedadlı sürücü Oskar Piastri ikinci yeri tutaraq “Maklaren” üçün möhtəşəm başlanğıc təmin etdi. Bununla da komanda Bakıda güclü hazırlığını və bolidlərinin yüksək sürətini ortaya qoydu. Üçüncü yeri isə “Ferrari”nin əsas pilotlarından biri olan Şarl Lekler qazanaraq komandasının mübarizəyə hazır olduğunu göstərdi. Lakin “Maklaren”in sürət üstünlüyü diqqətdən yayınmadı.

İkinci sərbəst yürüşdə isə ən yaxşı nəticəni “Ferrari” pilotu Lyuis Hamilton göstərdi. Onun komanda yoldaşı Şarl Lekler 2-ci, “Mercedes”dən Corc Russell isə 3-cü oldu.

Yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada keçirildi. Səhnədə təşkil olunan sessiyada dünyaşöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək onların suallarını cavablandırdılar, avtoqraf verdilər və foto çəkdirdilər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə etdilər. Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams, McLaren, Kick Sauber və Aston Martin komandalarının üzvləri iştirak etdilər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulur. Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrildi.

Paddock ərazisində yerləşən Chill Zone-da da maraqlı və rəngarəng anlar yaşandı. Dünyanın ən sürətli pilotları bu dəfə sükan arxasında yox, mətbəxdə bacarıqlarını sınadılar. Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırladılar. Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların yeməyi necə bişirdiklərini izləmək və onların hazırladıqları qutabları dadmaq imkanı əldə etdilər. Yuki Tsunoda Azərbaycan mətbəxinin bu təamına böyük maraq göstərərək “İlk dəfə belə dadlı yeməyi özüm hazırlayıram” sözləri ilə təəssüratını bölüşdü.

Sonda pilotlar həmkarlarını və tədbirdə iştirak edən qonaqları hazırladıqları qutablarla qonaq etdilər. Bu tədbir yalnız əyləncəli anlarla yadda qalmadı, həm də Azərbaycanın zəngin mətbəxinin və mədəniyyətinin tanıdılması üçün gözəl bir fürsətə çevrildi. Dünyaca məşhur idmançıların qutab bişirməsi ölkəmizin kulinariya ənənələrinin təqdimatında xüsusi rol oynadı. Həm yerli azarkeşlər, həm də Bakıya dünyanın dörd bir yanından gələn turistlər Azərbaycan mədəniyyətinin bir parçasını yaxından görmək və dadmaq imkanı əldə etdilər.

Bir sözlə, Azərbaycan Qran-Prisinin böyük maraqla izlənən sərbəst yürüşləri əsas yarış öncəsi mühüm əhəmiyyət daşıyır. Bu yürüşlər komandaların bolidlərini sınaqdan keçirməsi, trasda uyğunlaşması və strategiyalarını müəyyənləşdirməsi üçün vacibdir. Bakı şəhər trasının mürəkkəb və sürətli konfiqurasiyası sürücülərdən həm texniki dəqiqlik, həm də maksimum cəsarət tələb edir. İlk sərbəst yürüşdə əldə edilən nəticələr azarkeşlər arasında da böyük həyəcan doğurdu. Xüsusilə, “Maklaren”in güclü performansı komandanın bu həftəsonu podium uğrunda ciddi rəqabət aparacağına işarə etdi. İdmansevərlər isə artıq böyük maraqla növbəti yürüşləri və əsas yarışı gözləyirlər.

Səbuhi MƏMMƏDOVCavid QAÇAYEV (foto)XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
xalqqazeti.az

2Источники