RU

AEBA Azərbaycan Qran-prisində ilk dəfə nüvə təhlükəsizliyi tədbirlərinə dəstək göstərir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilk dəfə olaraq "Formula 1" üzrə Azərbaycan Qran-prisində nüvə təhlükəsizliyinə dəstək verir.

Milli.Az xəbər verir ki, BMT-nin saytında yayılan məlumata əsasən, AEBA-nın mütəxəssisləri bundan əvvəl Bakıya səfər edərək yarışın təşkilatçıları ilə görüş keçiriblər. Fransa və Birləşmiş Ərəb Əmirliklərindən olan ekspertlərlə birlikdə aparılan müzakirələrdə 100-dən çox radiasiya nəzarət cihazının istifadəsi məsələsi gündəmə gətirilib.

Agentliyin baş direktoru Rafael Mariano Qrossi açıqlamasında bildirib:
"Böyük tədbirlər cinayətkarların, o cümlədən nüvə və radioaktiv materiallardan sui-istifadə edə biləcək şəxslərin diqqət mərkəzində olur. Biz dəstəyi sürətli avtomobil idmanı dünyasına genişləndirərək ölkələrin kritik boşluqları aradan qaldırmasına və insanların təhlükəsizliyinin qorunmasına töhfə veririk".

AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentinin direktoru Yelena Buqlova isə qeyd edib ki, son 20 ildə qurum nüvə təhlükəsizliyi protokollarının ictimai tədbirlərin mühafizə sisteminə inteqrasiyasında ön sıralarda olub:
"Formula 1 kimi yarışlarda nüvə təhlükəsizliyi tədbirləri hazırlıq prosesinin və yarış müddətində tətbiq olunan ümumi təhlükəsizlik planının əsas hissəsini təşkil edir".

Qeyd edək ki, AEBA bundan əvvəl də Azərbaycana dəstək göstərib. Belə ki, qurum BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində əməkdaşlıq edib. Agentlik noyabrda keçiriləcək MDB Oyunları və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhər Forumunda da Azərbaycanla birgə çalışacaq.

2004-cü ildən bəri AEBA 49 ölkədə 88 beynəlxalq tədbirin nüvə təhlükəsizliyinin təmin olunmasına yardım edib. 2023-cü ildə isə Avstriyanın Zaysbersdorf şəhərində Nüvə Təhlükəsizliyi Təlim və Nümayiş Mərkəzi istifadəyə verilib.

Tural
Milli.Az

Избранный
4
milli.az

1Источники