RU

Tarixə qızıl hərflərlə yazılan gün - 20 SENTYABR

Bu gün - 20 sentyabr Azərbaycanın Dövlət Suverenliyi Günüdür.

Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib.

Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Xalqımız bu günün tariximizdə rolunu yüksək qiymətləndirir. 

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, suverenlik hər bir xalqın həyatının mənası, ölkənin müstəqilliyinin ifadəsidir:

"Azərbaycan xalqı öz müstəqilliyi, suverenliyi uğrunda uzun illər mübarizə aparıb. Çoxsaylı qurbanlar verib. Nəhayət, 2020-ci ildə özünün tam suverenliyinə nail oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox böyük siyasəti, düşünülmüş, uzaqgörən düşüncələri, Ordumuzun mətinliyi, xalqımızın birliyi və qəhrəmanlığı sayəsində Azərbaycan torpaqları düşmən tapdağından tamamilə azad edildi.

44 günlük müharibə və 23 saatlıq antiterror tədbirləri  nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazandı. Suveren olmaq suveren siyasətə, iqtisadiyyata malik olmaq deməkdir. Dövlətin daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə Konstitusiyanın, qanunların, beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirmək deməkdir.

Xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyənləşdirməsi, hüquqlarının təmin olunması deməkdir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi refendum yolu ilə qəbul olunmuş milli Konstitusiyamızın da ən mühüm prinsiplərindən biri də məhz Azərbaycanın suveren dövlət kimi tanınmasıdır.

Əlbəttə ki, bu suverenlik bizə böyük nailiyyətlər qazandırıb. Azərbaycan xalqı bu gün böyük qürur hissi keçirir ki, o suverendir. 2025-ci il ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də müstəqilliyə böyük ehtiramdan istəkdən irəli gəlir. 

Cənab Prezidentin Sərəncamı ilə elan edilən "Konstitusiya və Suverenlik İli" xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu ilin qeyd edilməsi həm Konstitusiyamıza, qanunlarımıza bir etiramın ifadəsidir, həm də milli yaddaşımız təzələnməsi, müasir çağırışlara, reallıqlara cavab verən hüquqi islahatların keçirilməsi deməkdir və buna çox mühüm imkanlar yaradır.

Azərbaycanda hüquqi islahatların həyata keçirilməsi, dövlət idarəçiliyinin çevikliyinin artırılması, seçki sisteminin təkmilləşdirilməsi, məhkəmə-hüquq sistemində dəyişikliklərin yaradılması, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin möhkəmlənməsi bilavasitə Konstitusiyamızın norma və prinsiplərindən irəli gələn tələblərdir.

İqtisadi inkişafımız, ölkədə yaranan ictimai-siyasi sabitlik, hərbi müdafiə gücümüzün gündən-günə artırılması, beynəlxalq aləmdə əldə edilən uğurlar, vətəndaş həmrəyliyi və digər çox mühüm amillər müstəqilliyimizi və suverenliyimi möhkəmləndirmək üçün Azərbaycan xalqına imkanlar yaradır.

Bu imkanlar ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilir və cənab İlham Əliyev qürurla bildirir ki, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir".

Onun sözlərinə görə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə etdiymiz ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir:

"Əlbəttə ki, bu sərvəti qoruyub saxlamaq bu gün hər bir vətəndaşın borcudur və bu sərvət dəyərlidir. Çünki uzun illər Azərbaycan xalqı ağır bəlalar gördü, torpaqları 30 ildən artıq işğal altında qaldı. Erməni təcavüzkarları kəndlərimizi, şəhərlərimizi viran qoydu. 

Dini mədəni abidələrimizi yer üzündən sildilər. Meşələrimizi qırdılar, çaylarımızı zəhərlədilər. Bu böyük bir qələbədir ki, xalqımız dünya ölkələrinin  bir çox təcavüzkar rəhbərləri tərəfindən dəstəklənən, maddi kömək alan Ermənistan üzərində tarixi qələbə qazandı.

Onu dəstəkləyənlərin arzusunu gözündə qoydu. Biz bununla milli kimliyimizi, nəyə qadir olduğumuzu təsdiq etdik. Dünyaya göstərdik ki, Azərbaycan xalqı mübarizdir. Azərbaycan Prezidenti dünyanın ən böyük siyasətçilərindən biridir, xalqımız çətin gündə birləşməyi bacarır və qalib gəlmək əzmini özündə birləşdirir. 

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-u tarixli Sərəncamı ilə 20 sentyabr - Dövlət Suverenliyi Günü elan edildi. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab olunur, çünki 2023-cü il sentyabrın 20-də dövlətin bütün ərazilərində tam suverenlik bərpa edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, həmçinin Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə yönəlmiş tarixi qərarlardır.

Suverenliyimizin 5 ili ölkədə böyük təntənə ilə qeyd edilir. Bu bizim qanunlarımıza, qələbələrimizə, amallarıma olan böyük hörmət və ehtiramın  ifadəsidir. Yüksək qiymətləndirilməlidir və təbliğ olunmalıdır.Bu gün Dövlət Suverenliyi Günüdür  və Azərbaycan xalqı bu günlə qürur duyur. Çünki özünün torpaqlarına sahib olub və öz amallarına, istəklərinə çatıb. Bu gün münasibətilə xalqımızı təbrik edirəm".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Избранный
71
cebheinfo.az

1Источники